Yıxılmış gəlincik, kərpic daşlar... - Bakının uşaq qəbiristanlığından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Yıxılmış gəlincik, kərpic daşlar... - Bakının uşaq qəbiristanlığından FOTOREPORTAJ

Hər kəs dünyada ona verilmiş ömür payını yaşayır. Kiminin ömrü əsri haqlayır, onillikləri adlayır, kimin də ömür payı müxtəlif səbəblər üzündən cəmi bir neçə ay, bəzən bir neçə gün davam edir...

Bu yazının mövzusu da həyatdan vaxtsız gedən körpələrin qəbirləri ilə bağlıdır. Bu körpələr müxtəlif səbəblər, o cümlədən valideyn səhlənkarlığı, abort, habelə ayrı-ayrı xəstəliklər, faciələr üzündən dünyalarını dəyişiblər. Uşaqlar adətən dünyalarını dəyişmiş doğmalarının məzarları yanında dəfn edilir.

Xəzər rayonundakı qəbiristanlıqlardan biri istisna olmaqla, paytaxtda bununla bağlı xüsusi yer ayrılmayıb. Dünyasını vaxtsız dəyişmiş körpələr, azyaşlılar qəbiristanlıqların müxtəlif yerlərində, ya da yazımızın girişində qeyd etdiyimiz kimi rəhmətə getmiş doğmalarının yanında torpağa tapşırılırlar. Lakin Xəzər rayonundakı qəbiristanlıqlardan birində bunun üçün xüsusi yer ayrılıb. Yan-yana düzülmüş uşaq məzarları bu ərazinin dünyasını dəyişmiş azyaşlılar üçün nəzərdə tutulduğunu göstərir. Burada uşaq qəbirləri sıra ilə düzülmüş və pərakəndə şəkildədir. Elə başdaşları da fərqlidir. Onlardan bir qismi xüsusi olaraq hazırlanıb. Məzarlardan birinin qarşısına qoyulmuş gəlincik, azyaşlının başdaşının əvəzinə çərçivəyə həkk olunmuş təzə şəkli, valideynlərin ona xatirə olaraq yazdıqları sözlər bu körpənin yenicə dünyasını dəyişdiyini göstərir.

Bəzi məzar daşlarının üzərinə azyaşlıların adları, soyadları, doğum və ölüm tarixi, hətta fotoları da vurulub. İkinci qismə daxil olan uşaq məzarları isə bundan fərqlidir. Onların üzərinə heç nə yazılmayıb. Valideynlər yalnız kərpiclərdən ibarət başdaşları ilə kifayətlənməli olublar. Bu daşların üzərinə ümumiyyətlə heç nə yazılmayıb.

Qəbiristanlığın işçiləri bildirdilər ki, uşaqların məzarları bir sıra hallarda onların öz valideynləri, yaxınları tərəfindən qazılır. Bəzi hallarda isə valideynlər bunun üçün qəbirqazanlara sifariş verirlər: “Əvvəllər uşaqların məzarları hər bir halda öz doğmalarının – nənə-babalarının, yaxud əgər valideynlərdən biri dünyasını dəyişibsə, onun yanında qazılır, azyaşlılar elə buradaca dəfn olunurdu. Lakin indi bu ənənə bir qədər fərqlidir. Övladını itirmiş elə valideynlər var ki, dünyasını dəyişmiş azyaşlının torpağa tapşırıldığı yeri dəmirlə əhatələyir, hasara alırlar. Elə valideynlər də var ki, özləri, yaxud başqa doğmaları üçün bir neçə nəfərlik qəbir yeri götürüb, dünyasını dəyişmiş uşaqları da elə həmin yerdə dəfn edirlər”.

Söhbətləşdiyimiz Hacı Şəhriyar bildirdi ki, İslam adətlərinə uyğun olaraq erkən yaşda dünyasını dəyişmiş uşaqlar kəfənlənməlidir. Bu qaydalara hər kəs əməl edir: “Altı yaşa qədər olan uşaqlar dünyalarını dəyişdikdə onlara cənazə namazı qılınmır, lakin qüsl verilir. Bu, hədislərdə də qeyd olunub. Əgər ölmüş uşaq 7 yaşına keçibsə, ona cənazə namazı qılınır və yuyularaq qüsul verilir. Bu uşaqların hamısı məsumdur. İslamda buyurulur ki, oğlan uşaqları 14, qız uşaqları 9 yaşadək günahsızdır. Onların bu yaşa qədər etdikləri günah sayılmır və ibadətləri vacib sayılmaz. Hədislərdən birində qeyd olunur ki, onlar Allahın bağışlanılmış bəndələridir”.

Bakının mərkəzi rayonlarında dünyasını dəyişmiş azyaşlılar üçün xüsusi qəbiristanlıq ayırılmayıb: “Əgər belə bir yer ayrılsa, günah sayılmaz. Azyaşlıların dəfni belə həyata keçirilir - sadəcə, üzü qiblə istiqamətində qəbir qazılır və azyaşlılar boylarına uyğun qazılmış məzarlarda dəfn edilirlər”.

Onun sözlərinə görə, uşaq ölümləri daha çox iqtisadi çətinliklərin yaşandığı 1990-1993-cü illərdə olub: “Həmin vaxtlar əsasən qaçqın və məcburi köçkün ailələrində uşaq ölümləri daha çox oldu. Ona görə ki, doğuşlar bir sıra hallarda çadır düşərgələrində keçirilirdi. Həmin şəraitdə həyata keçirilən doğuş prosesləri zamanı dünyaya gələn körpələr bəzən tələf olurdu”.

O ki qaldı azyaşlıların dəfn olunduqları məzarların bəzədilməsinə, din xadimi belə əməllərin İslamda bəyənilmədiyini vurğuladı: “Qəbir sadə, onun başdaşı adi olmalıdır. Dünyasını dəyişmiş şəxsin doğum və ölüm tarixlərinin qeyd edilməsi kifayətdir. İstər uşaq qəbri olsun, istərsə də böyük, qəbri ucaltmaq düz əməl deyil”.

Paytaxt sakini Dilqəm Əlisoy burada uyuyan doğmalarının məzarlarını tez-tez ziyarət etdiyini deyərək, son vaxtlar azyaşlıların dəfnlərinin əsasən uşaq məzarları üçün ayrılmış yerlərdə təşkil olunduğunu bildirdi: “Mən bu qəbiristanlığa tez-tez, ayda 3-4 dəfə gəlirəm. Sonuncu dəfə bir neçə gün bundan əvvəl iki-üç nəfəri bura gələn gördüm. Onların ikisi orta yaşlı, biri isə 24-26 yaşlı olardı. Həmin şəxslərdən birinin qucağında bükülmüş uşaq vardı. Azyaşlını burda dəfn edib, bir qədər sonra çıxıb getdilər. Əvvəllər azyaşlılar harada gəldi dəfn edilirdi, maraqlıdır ki, indi əsasən buradakı müəyyən yerlərdə torpağa tapşırılırlar”.

Anar Tağıyev,

Fotolar müəllifindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm