Ombudsman yanğından zərərçəkənlərə baş çəkdi
Bizi izləyin

Qırmızı.az

Ombudsman yanğından zərərçəkənlərə baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova yanan binada zərərçəkmiş şəxslərin yerləşdirildiyi xəstəxanalara gedərək, onlara baş çəkib.

Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ombudsman əvvəlcə 1 saylı şəhər Klinik Tibb Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla birlikdə hazırda burada müalicə alan 3-ü azyaşlı uşaq olmaqla 12 zərərçəkmiş şəxsə yoluxub, onların vəziyyəti, sağlıq durumu, müalicənin gedişatı ilə maraqlanıb, problemlərini öyrənib.

Zərər çəkmiş Rəhilə Ələkbərova, Günay Məhərrəmova, Nərminə Həsənova, Şahnaz Yəhyayeva, Nigar Yəhyayeva Bilal Rəsulov, Elvira və Səbinə Manafovalar və digər xəstələr müalicənin normal aparıldığını, həkimlərin onlara qayğı ilə yanaşdığını, keyfiyyətli qida və zəruri dərman preparatları ilə təmin olunduqlarını söyləyiblər.

Müvəkkil anaları ilə birlikdə müalicə alan azyaşlı uşaqlar-- Rəsul Muradov, Leyla və Sevil Yəhyayevalarla da görüşüb. Analar onlara göstərilən diqqət və qayğıya görə razılıq ediblər. Ombudsman zərərçəkmişlərin səhhətini, vəziyyətini nəzarətdə saxlamağı toksikologiya şöbəsinin müdirinə tövsiyə edib. Şöbə müdirinin verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti stabildir, onlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur.

E.Süleymanova 6 saylı Bakı şəhər xəstəxanasında da olub, burada müalicə alan zərərçəkmiş, 1996-cı il təvəllüdlü Ülvi Sadıqova baş çəkib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan bu gənc hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Xəstəxananın baş həkimi Nəriman Məmmədov xəstənin orta-ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib.

Məlumatda FHN əməkdaşlarının fədəkarlığı da xüsusi qeyd edilib.

"Yanğın zamanı həlak olanların və xəsarət alanların hadisə yerindən çıxarılmasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasedicilər dəstəsinin fədakarlığı, müvafiq dövlət orqanlarının və əhalinin köməyi, təəssübkeşliyi xüsusi qeyd olunmalıdır.

Yanmış yaşayış binasında qeydiyyatda olan ailələrə kompensasiya ödənilmişdir. 40 ailə onlara verilən məbləğ hesabına kirayə evlərdə, yaxud qohumlarının evlərində yerləşmişdir. 7 ailə isə öz razılıqları ilə Görədildə yerləşən “Sərhədçi” pansionatında yerləşdirilmişdir və bu proses davam etdirilir. Zərərçəkmiş ailələr ərzaq və zəruri geyimlə təmin olunacaq, əmlakla bağlı itkilər dəyərləndirilərək, onlar əlavə kompensasiya ilə təmin ediləcəkdir.

Onlar Müvəkkilə da göstərdiyi qayğı və diqqətə görə təşəkkür etmişlər.

Ombudsman Elmira Süleymanova faciə nəticəsində dünyasını dəyişən insanlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına və doğmalarına səbr diləyir, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayır", - məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm