"Silahlı Qüvvələr veteranı" adının verilməsi qaydası dəyişdi
Bizi izləyin

Qırmızı.az

"Silahlı Qüvvələr veteranı" adının verilməsi qaydası dəyişdi

Nazirlər Kabineti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də dəyişikliklər edib.

Nazilər Kabinetindən Publika.az-a verilən məlumata görə, dəyişiklik “Silahlı Qüvvələr veteranı" adının verilməsi ilə bağlıdır.

Dəyişikliyə əsasən, Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş Azərbaycan vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. Amma hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna təşkil edir. Bu dəyişiklik onlara şamil edilmir.

“Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. Əvvəllər ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara bu ad Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

Bu ad və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən, o cümlədən, respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Ali Məhkəmədə və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən təqdim ediləcək.

Vəsiqənin hazırlanması xərcləri də bu qurumların vəsaiti hesabına ödəniləcək.

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm