“Sahibin toyuna hazırlaşırdıq…” – yanğında ölən bacı-qardaşın həyat dramı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Sahibin toyuna hazırlaşırdıq…” – yanğında ölən bacı-qardaşın həyat dramı – FOTOLAR

Bağırovlar ailəsinin üzvləri ataları Rəhim kişinin vəfatından özlərinə gəlməmiş ikinci hüzr mərasimini yaşayırlar. Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın 55 yaşlı Firəngiz Bağırovanın və qardaşı 46 yaşlı Sahib Bağırovun həyatının sonunu gətirdi. Yaşadıqları binanın alovlandığını görən bacı-qardaş dəhlizə çıxaraq xilas olmağa çalışsalar da, buna müvəffəq olmayıblar.

Dünən onların yas mərasimi idi. Mərhumların böyük qardaşlarının yaşadığı binanın həyətində yas çadırı qurulmuşdu.

Publika.az yas mərasimindən hazırlanmış reportajı təqdim edir:

“Hamımız eyni həyətdə böyümüşük”

Bağırovlar ailəsinin bütün qohumları, əzizləri doğmalarının üzləşdiyi ağır faciədən doğan kədərə şərik olmaq üçün çadıra toplaşmışdılar. Sahib Bağırovun əmisi oğlu Nazim Bağırov bildirdi ki, “Sovetski”də hamımız eyni həyətdə böyümüşük. Uşaqlığımız da orda keçib. Onda hələ yeniyetmə idik. Lakin evlənmək vaxtı çatırdı deyə, köçməyi qərara aldıq. Əmimgilin ailəsi oradan keçmiş kooperativlərdən birinin tikdirdiyi binaya köçdüyündən biz də Əhmədliyə köçdük”.

Müsahibimiz dünyasını dəyişmiş qohumlarının ailəsi barədə ətraflı söhbət açdı: “Əmimin 3 qızı, 2 oğlu vardı. Hamısı ali savadlı idilər. Anaları bir neçə il əvvəl, ataları isə bir neçə ay əvvəl vəfat edib.

“Sahib bacısının ailə qurmasını gözlədiyindən evlənmirdi”

Onlar binanın 15-ci mərtəbəsindəki üçotaqlı mənzildə yaşayırmış. Hadisə baş verən zaman bacı-qardaş evdə imiş: “Sahib restoranlardan birində administrator, bacıları Firəngiz və Məlahət də müəllimə işləyirdilər. Firəngiz ailə qurmamışdı. Sahib isə bacısının ailə qurmasını gözləyirdi deyə hələ evlənmirdi. Təəssüf ki, ailə qurmaq heç birinə nəsib olmadı. Firəngiz həmin gün məktəbdə ikinci növbədə dərsə getdiyi üçün səhər evdə imiş. Sahib də evdə dincəlirmiş. Yanğın baş verən zaman hər ikisi mənzili tərk edərək dəhlizə çıxıblar ki, xilas olsunlar. Pilləkənlərlə aşağı enməyə başlayıblar. Lakin tüstüdən huşlarını itiriblər və sonra isə boğulublar. Bəlkə də, evdən çölə çıxmasaydılar, heç nə olmazdı. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri neçə-neçə insanı öz evlərinin içində ölümdən xilas etdi”.

“Hər ikisini Badamdardakı qəbiristanlıqda dəfn etdik”

Sahibin digər bacısı Məlahət isə həmin vaxt məktəbdə dərsdə imiş: “Məlahət məktəbdən qayıdanda yaşadıqları binanın alova büründüyünü görüb. Biz belə bir hadisənin baş verməsi xəbərini eşidən kimi bura gəldik. Gördüklərimdən dəhşətə gəldim”.

Nazim Bağırov əmisinin vəfatının ildönümündən sonra Sahibi evləndirməyi planlaşdırdıqlarını əlavə etdi.

Məlahət Bağırova hal-hazırda əmisi oğlunun evinə sığınıb: “Əmim qızını evimizə apardım. Dövlət orqanları ona yaşamaq üçün yer təklif etdilər. Rəsmi qurumlar binanın və mənzillərin təmir olunacağını bildiriblər”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm