Mətanət yanan bina ilə özünü də "yandırdı" - VİDEO
Bizi izləyin

Qırmızı.az

Mətanət yanan bina ilə özünü də "yandırdı" - VİDEO

Necə oldu ki, ATV telekanalının efirində bu baş verdi? Yəni bu birdən-birə oldu, yoxsa həqiqətən də ATV-də faciədə həyatını itirən 15 nəfəri “külək apardı” deyə düşünürlər. Müstəqil Azərbaycan mediyasının güclü qələm sahiblərindən olan və 20 ildir ki, jurnalistikada dediyi hər sözünün ağası olmağı bacaran həmkarımız faciə qrubanlarını “külək apardı” deyə düşünən aparıcının davranışını təhlil edib.

Yanan binanın fonunda Mətanətin də özünü yandırması dünəndən sosial şəbəkələri və cəmiyyəti məşğul edib və açığı bu haqda danışmaq şəxsən mənə ağırdır. Ən azından ona görə ki, onunla illərdir ANS-də çiyin-çiyinə çalışmışıq. Yəni o, ANS-in şinelindən çıxıb. Və nə qədər ki, Mətanət ANS-in şinelini geyinmişdi, zənnimcə, hər şey qaydasındaydı. Səsi, diksiyası onu xəbər adamı etmiş və sevdirmişdi. Elə ki, bu şineli soyundu, hər şey də çılpaqlığı ilə ortaya çıxdı.

Şpaqat açdığı gün o, artıq milləti təhqir üçün ayaqyeri qoymuşdu. Hər halda, o vaxt bu şpaqat məsələsi uzun müzakirələrə və ciddi qınağa səbəb oldu. Bircə Mətanətin özü bunu təqdir etdi. Dedi əcəb edirəm, paxıllıq edirsiz mənə. Mən ilk dəfə onda məyus oldum. Əgər Mətanət intelelktinə görə kolleqalarının ona paxıllıq etdiyini səsləndirsəydi, buna sevinərdim. Təəssüf. O, efirdə olduğu bu müddət ərzində intellektindən başqa hər şeyini sərgilədi.

Məncə bu vəziyyətdə əcaib duruma düşən müğənni Rəhim deyildi, həm də sən idin Mətanət. Sənə milyonların qarşısına çıxmağın üçün ideal şərait yaranıb. Hansı ki, bu şəraiti nə mənə, nə bir başqasına yaradıblar. Axı sənin imkanın var ki, bu xalqı, bu milləti maarifləndirəsən, eybi yox, reytinq xatirinə verilişinin gözünə bir az şou, lap elə bir az şor da qat, amma lütfən şitlik, bayağılıq qatma. Şıllağı da atanda elə at ki, təpiyin vurub camaatın gözünü çıxartmasın. Axı bu millətin gözü səninki kimi linza deyil, tərəzidir. Onlar çox yaxşı bilir ki, çıxışın nəyə hesablanmışdı?

Hər halda, atalar yaxşı deyib. “Söz ki, ağızdan çıxdı sənin deyil”. Gərək sözü bişirib çıxarasan. Sən isə nə bunu bacardın, nə də üzr istəməyi. Əksinə, özünə haqq qazandırdın. Timsah göz yaşları ilə balana qarğış edənləri qınadın. Kimsə durub sənin təbirincə desə ki, niyə qıcıqlanırsan, “bir küləkdi, əsdi keçdi”, yeri var. İnsanların hisləri ilə oynamaq “Gündəlik”də oynamaq qədər asan məsələ deyil.

Təhqir varsa, gərək üzr istəmək mədəniyyəti də olsun. Sənsə bunu istəmədin. Çalışdığın kanal da yanlış olaraq bu səhv mövqeyi müdafiə elədi. Ona görə də, iki milyonluq istifadəçisi olan “Fecebook”da artıq ATV kanalını baykot edən 3-cü ivent yaranıb. Hamı Mətanət getsin deyir. Bilmirəm gedəcəksən, yoxsa yox. Öz işindir. Amma qalacaqsansa, sən Allah üzümüzün suyunu tökmə. Özün demişkən, bir az özünə gəl. Bu sənə bir köhnə dost, bir kolleqa məsləhətidir.

Unutmayaq aparıcının fikri aparıcının mövqeyidir. Kanal onu müdafiə edəndə həmin mövqe aparıcının mövqeyi olmaqdan çıxır və kanalın mövqeyinə çevrilir. Qanqaraldıcıdı. Azərbaycan teleməkanına heç yaraşmayan iş idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm