• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avropa Oyunlarının əhəmiyyəti yüksək qiymətləndirildi

Avropa Oyunlarının əhəmiyyəti yüksək qiymətləndirildi

Bu günlərdə Moldovanın paytaxtı Kişinyovda Avropa Şurasının “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirəsi” adlı parlamentlərarası iclası keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Yunanıstan parlamentlərinin sosial hüquq məsələləri komitələrinin üzvləri üçün nəzərdə tutulmuş iclasda Azərbaycanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatları Musa Quliyev, Sədaqət Vəliyeva, İlham Məmmədov və Sevinc Hüseynova təmsil ediblər.

İclasda 3 məsələ müzakirə olunub, Azərbaycan deputatları keçirilən müzakirələrdə fəal iştirak ediblər.

Məruzəçi qismində çıxış edən Avropa Şurasının Parlamentlərarası Assambleyasının nümayəndələri Avropa Sosial Xartiyasının dövlətlər tərəfindən icra olunmasının reallıqlarını diqqətə çatdırıblar.

Bildirilib ki, Fransa istisna olmaqla, Avropa Şurasına daxil olan ölkələrin heç biri Avropa Sosial Xartiyasının bütün maddələrini qəbul etməyib.

İclasda iştirak edən Ermənistan, Yunanıstan, Ukrayna, Moldova və Gürcüstan nümayəndələri ölkələrindəki mövcud ağır sosial-iqtisadi vəziyyət haqqında danışaraq qeyd ediblər ki, qlobal dünya böhranı fonunda cərəyan edən ictimai-siyasi proseslər nəticəsində Avropa Sosial Xartiyasının tələblərinin tam yerinə yetirilməsi mümkün olmayıb.

“İş prosesində əmək təhlükəsizliyi” və “Qloballaşan iqtisadiyyatda sosial dialoq problemləri” mövzuları ətrafında aparılan müzakirələrdə geniş və arqumentlərlə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycandakı sosial durum haqqında ətraflı məlumat verib.

O, Azərbaycan tərəfindən Avropa Sosial Xartiyasının 18 maddəsinin ratifikasiya edildiyini və daha 4 maddə üzrə sənədləşmə işlərinin aparıldığını diqqətə çatdırıb.

H.Rəcəbli statistik rəqəmləri və faktları diqqətə çatdırmaqla qeyd edib ki, Azərbaycanda Avropa Sosial Xartiyasının ratifikasiya edilmiş maddələri yüksək səviyyədə həyata keçirilir.

Müzakirələr zamanı bildirilib ki, Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nı təsdiqlənib.

Bu sahədə prioritet istiqamətlərin reallaşdırılması nəticəsində son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan da 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi həllini tapıb və bunun səviyyəsi təxminən 5 faiz civarındadır. Eyni zamanda, əmək prosesində texnogen ölüm və yaralanma halları da son 10 il ərzində 2 dəfə azalıb.

H.Rəcəbli Azərbaycanda sosial dialoqun davamlılığı haqqında fikirlərini də iclas iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, hər il ölkəmizdə əməyin təhlükəsizliyi məsələlərinin idarə edilməsi üçün həmkarlar ittifaqları və işəgötürənlər birliyi konfederasiyalarının Nazirlər Kabineti ilə birgə üçtərəfli müqaviləsi imzalanır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və parlamentin digər deputatları da müzakirələrdə fəal çıxış edərək, iştirakçı ölkələrdəki mövcud münaqişələrdən danışaraq bildiriblər ki, konflikt faktorları, ikili standartlar Avropa Sosial Xartiyasının bütün maddələrinin reallaşdırılmasına mane olur.

Azərbaycan nümayəndə heyəti həmçinin, iclas iştirakçılarına Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində görülmüş işlər haqqında da geniş məlumat veriblər. Deputatlar eyni zamanda, bəzi Avropa institutlarının, siyasətçilərinin Azərbaycana qarşı tutduğu qərəzli və ikilistandartlı mövqeyini sərt şəkildə tənqid ediblər.

Çıxışlarda iştirakçı ölkələrin nümayəndələri görülən işləri çox yüksək qiymətləndirib və I Avropa Oyunlarında iştirak etmək arzularını bildiriblər.

Deputatlarımız eyni zamanda, Moldovadakı Azərbaycan diasporunun nümayəndələri ilə də görüşüblər. Diaspor nümayəndələrinə Azərbaycandakı mövcud sosial-iqtisadi və siyasi-ictimai proseslər haqqında məlumat verilib, I Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərindən danışılıb. Diaspor nümayəndələri Moldovada onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər və Azərbaycanda qitəmiqyaslı idman yarışlarının keçirilməsini yüksək dəyərləndiriblər.

Azərbaycan nümayəndə heyəti və diaspora nümayəndələri Kişinyovdakı görüş zalında mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı vəfat etmiş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, ailələrinə və yaxınlarına başsağlığı veriblər.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR