Prezidentin saatsaz dostu: “Azərbaycanlı məmurun 200 min dollarlıq saatını düzəltmişəm…” – FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Prezidentin saatsaz dostu: “Azərbaycanlı məmurun 200 min dollarlıq saatını düzəltmişəm…” – FOTOREPORTAJ

Onların ömürləri çalışarkən aldıqları nəfəsə bağlıdır. Onlar işləyərkən əlləri titrəməsin, həm də işə zərər gəlməsin deyə daha az nəfəs alırlar. Söhbət bir zamanlar ən dəbli peşələrdən sayılan, bu gün isə barmaqla sayılacaq qədər sənətkarın olduğu saatsaz peşəsindən gedir. Müsahibim Hacı Fətəliyevi nəinki bütün ölkə, hətta sərhəddən kənarda da yaxşı tanıyırlar. Doğrusu, onun tərpənmək mümkün olmayan darısqal bir otaqda işlədiyi heç ağlıma gəlməzdi. Hər gün minlərlə insanın gəlib-getdiyi “Torqovı”da hay-küy və gurultunu bu balaca otaqda hər biri ayrı səs çıxaran saatların “tik-tak”ı əvəz edir.

Bizi girişdə divardan asılıb öz təmir vaxtını gözləyən saatlar qarşıladı. Usta gur işıq altında gözündə saatsazların taxdığı gözlük, üzərində işlədiyi saatların içindən zamana yolçuluq edirdi. Prezidentin dostu kimi tanınan qocaman saatsaz 16 yaşından bəri, 45 ildir ki vaxtımızı dəyərləndirə bilməyimiz üçün çalışır.

Publika.az 100 000-dək saatı həyata qaytaran məşhur saatsazla müsahibəni təqdim edir.

"Dedilər ki, uşaqdı, kimdi ona baş qırxdıran...”

16 yaşımdan bu sənətə gəlmişəm. Saatsaz olmağıma görə o zaman sahə inspektoru işləyən dayıma borcluyam. Ailəm mənim bərbər olmağımı istəyirdi. Amma dayıma dedilər ki, uşaqdı, kimdi ona baş qırxdıran, gəl onu dərziliyə qoyaq. Amma mən saatsaz olmaq istədim. Bu sənətə həvəsim var idi. Məni bir yəhudi ustanın yanına şagird göndərdilər. O vaxt kasıbçılıq idi, valideynlərim də fəhlə işləyirdilər. Dayım yəhudi ustaya konyak aldı ki, mənə sənəti öyrətsin. 6 aya bu sənəti öyrəndim və sevinə-sevinə dayımın yanına gəldim ki, artıq saatsazlığı öyrənmişəm. Dayım məni təzədən kadrlar şöbəsinə gətirdi. Elə bildim ki, məni işə qoyacaq, amma o, məni 6 ay da əlavə öyrənməyə yazdırdı. O, mənə dedi ki, pulu qazanmaq həmişə var, əsas gərək sənəti yaxşı öyrənəsən. Sonra dayım mənə yer açdı və başladım saatsaz işləməyə. Uşaqlıqdan çalışdım elə saatsaz olum ki, məni tanısınlar. Sizə heç yerdə demədiyim bir şeyi də danışmaq istəyirəm. Saatsazlığa başlamazdan əvvəl, uşaq vaxtı dəniz qırağında öz atamın saatını itirmişdim. Qorxumdan gedib bütün sahili axtardım. Nə qədər axtardımsa, tapa bilmədim, amma əvəzində təsadüfən başqa saat tapdım. Onu açıb baxdım və məndə bununla saatsazlığa maraq oyandı.

Əsgərlikdə hərbi biletimdə də saatsaz olduğum yazılmışdı və bununla fəxr edirdim. Bu sənət həmişə mənə kömək olub. Hərbi xidmətdə olarkən Tibb Məntəqəsinin rəisinin saatlarını düzəldirdim. Hətta mənə hədə-qorxu gələndə ki, “qupbağ”a (hauptvaxt-red.) aparsınlar, özümü xəstəliyə vururdum və məntəqə rəisi məni xilas edirdi. Bir dəfə təyyarə ilə gəlmək istəyirdim, amma bilet olmadı, uçmağa da yarım saat qalırdı. Stüardessa gördü saatsazam, məndən xahiş elədi saatını düzəldim. Sonra qız məni 3-4 dəqiqə gecikmiş adamın yerinə təyyarəyə mindirdi. Ümumiyyətlə, sənətin pisi yoxdur, sənətkarın pisi var. Hansı sənətdə olursan ol, o sənət səni ucaldar.

Həmişə çalışmışam halal çörək yeyəm. Mən Həcc ziyarətinə getməmişəm, adım Hacıdır. Amma çalışmışam özümü əsl hacı kimi aparım. Çünki kənardan baxan nə bilir ki, mən Həcc ziyarətinə getmişəm, ya getməmişəm. Bu ada görə özümü hacı kimi aparıram. Mən prezidentlə də dostlaşmışam. Ondan sonra bir az da məsuliyyətim artıb. Hər addımımı elə atıram ki, deməsinlər kiminsə adından istifadə edir. Bayaq bir nəfər təmir üçün qızıl saatını gətirmişdi. Dedim ki, bunun “şrup”u açılıb və elə yanında sıxıb qaytardım. Dedi ki, “ay usta, halaldı sənə, başqa usta olsaydı, deyərdi ki, xarabdı, qalsın təmirə...”

“Mənə dedilər ki, 2015-ci ilin mayında səni bütün dünya tanıyacaq”

Dünyadan 120 müxtəlif peşələrdən olan sənətkar seçilib. Heydər Əliyev Fondu da mənim namizədliyimi verib. Noyabrda İtaliyanın Milan şəhərindən 10 nəfərlik heyət Bakıya gəlmişdi. Həsən Seyidbəylinin nəvəsi Həsən Seyidbəyli onları bura - mənim çalışdığım yerə gətirdi, şəklimi, videomu çəkdilər, müsahibələr aldılar. Mənə dedilər ki, 2015-ci ilin may ayında səni bütün dünya tanıyacaq. May və iyun aylarında Milan şəhərində qoyulan monitorlarda hər bir dəqiqədən bir 120 sənətkarı, o cümlədən məni göstərəcəklər. Bu həmçinin televiziya ekranlarında da gedəcək. Dövlətimizdən çox razıyam, mənə yüksək qiymət verilir. Hətta 2011-ci ildə mənim haqqımda dövlət sənədli film çəkib – “Vaxta bağlı sənətkar”.

“Azərbaycanlı məmurun 200 min dollarlıq saatını düzəltmişəm”

Bu yaxınlarda bir azərbaycanlı məmurun 200 min dollarlıq saatını təmir etmişəm. Onu neçə yerə göstərmişdilər, amma düzəldən olmamışdı. Məndən soruşanda ki, düzəldə bilərsən, dedim əlbəttə, 100 faiz. İnanmırdılar ki, onu düzəldə bilərəm. Düzəldəndən sonra 3-4 dənə başqa bahalı saatı da yanıma gətirdilər.

Əslində, saatları yoxlamaq üçün cihazlar olmalıdır, amma onlar çox baha olduğundan, mən saatları başqa yollarla yoxlayıram. Bəzən saatı düzəldirəm, gəlib deyirlər ki, “vallah , ay usta, bu saat təzəliyində belə işləmirdi”. Hamısını da özüm fikirləşib tapmışam. Elə şeylər düzəltmişəm ki, onlarla saatın dəqiqliyini də yoxlamaq olur. Bir dəfə “budilnik”i söküb yığmışdım, gördüm ki, əqrəblər geriyə işləyir, amma saatı doğru göstərir. Beləliklə, bunu başqa saatlar üzərində də tətbiq elədim. Sonra başqa yenilik elədim, əqrəb irəli getdi, saniyə geri. Dünyada saniyəni geri, əqrəbi irəli ilk dəfə mən işlətmişəm. Günə azı 5 saat düzəldirəm. Hətta cavanlıqda lap 8-10 saat düzəldirdim. Həyatım boyu da məzuniyyətə getməmişəm. Hərdən Allahdan bir az da ömür istəyirəm ki, hələ düzəltmək istədiyim şeylər var. Mən hər ilin kataloqunu alıram, baxıram ki, hansı yeniliklər var.

İndi Amerikada yaşayan azərbaycanlı polkovnik bu yaxınlarda gəlib məndən xahiş elədi ki, onunla Amerikaya gedib orada işləyim. Dedi ki, səninçün hər cür şərait yaradacam. ABŞ-ın hansısa şəhərində 1 km uzunluqda olan supermarketin ortasında sənə saatsaz yeri açacam. Orada sənətkar yoxdur, sənin başına and içəcəklər. Mən ona belə cavab verdim: “Mən dövlətimi, xalqımı, millətimi pula satmaram”.

“Dünyada saatsazların yarışı olsa, Azərbaycana qızıl medalı özüm gətirərdim”

Müştərilərim arasında çoxlu tanınmış şəxslər olub. Bəziləri ilə fotolar da çəkdirmişəm. Prezident İlham Əliyevlə dost olduğumuzla bağlı mətbuat da yazmışdı. Ümumiyyətlə, dövlət rəhbəri ilə 3 dəfə görüşmüşük. Bir dəfə görüşəndə prezident İlham Əliyev mənə dedi ki, sənin səsin-sorağın bizim Prezident Aparatını götürüb. Hamı sənin saatsazlığından danışır. Bu yaxınlarda Türkiyənin keçmiş prezidenti Abdulla Güllə də görüşdüm.

Keçmiş birinci katib Kamran Bağırov da saatını mənə düzəltdirərdi. Kamran Bağırova deyirdim ki, dünyada saatsazların yarışı olsa, Azərbaycana qızıl medalı özüm gətirərdim.

Aktyor Fuad Poladov, Fəxrəddin Manafov, politoloq Vəfa Quluzadə, xanəndə Mələkxanım Eyyubova, Arif Babayev, Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov, müğənni Aygün Kazımova – bu şəxslər hamısı saatını mənə düzəltdirir.

Dünyanın bir çox səfirliklərindən saatları bizim ölkəmizdəki nümayəndəliyə göndərirlər ki, burada düzəltsinlər. Rusiyanın Azərbaycandakı keçmiş səfiri mənim müştərim idi və o deyirdi ki, mənim Moskvada düzəltdirə bilmədiyim saatları Hacı yaradır. Rusiyada yaşayan əslən azərbaycanlı olan bir nəfər yanıma gəlmişdi. Dedi ki, səni Moskvada tərifləyiblər, ona görə sənin yanına gəlmişəm. Güldüm ki, məni Moskvada kim tanıyır? Cavab verdi ki, nə danışırsan, səni Moskvanın yarısı tanıyır.

Bir dəfə də işə gələndə bir nəfər yaxınlaşdı ki, “posluşay, doroqoy, ti koqda prideş na robotu?” Dedim ki, yarım saata gələcəyəm. Mənə saat gətirmişdi, dedi ki, bunu Tbilisidə nə qədər yer gəzmişəm, düzəltdirə bilmirəm. Onun saatını düzəltdim, aparmağa gələndə dedi ki, “posluşay, doroqoy, xoçu odnu skazat, ti pomni, tebe prişel mer Tbilisi, kak u vas Hacıbala”.

“Hacı düzəltdisə, saat super işləyir”

Mənim 60 yaşım var, yalan danışmaq ayıb olar, inanın ki, dünyada düzəldə bilmədiyim saat yoxdur. Bir gileyim var ki, yerim dardır, şagird öyrədə bilmirəm. Bəzən böyük saatlar gətirirlər, asmağa yerim olmur. İstəyirəm ki, məndən sonra da bu sənəti yüksək səviyyədə davam etdirən sənətkarlar yetişdirim. Divarda bu qədər şəkillər vurmuşam, bu hələ mənə saat düzəltdirənlərin az bir hissəsidir. Bir nəfər istəyirəm ki, çıxa qabağa deyə ki, Hacının düzəltdiyi saat işləmir. Belə şey ola bilməz, Hacı düzəltdisə, saat super işləyir.

Mənim bir tələbəm var, İdman Akademiyasında oxuyurdu. Atası müştərim idi, xahiş elədi ki, oğlunu da öyrədim. Gördüm ki, öyrənməyə marağı yoxdur, dedi ki, məni bir balaca öyrət, onu-bunu aldadıb pulumu qazanacağam. Bu, mənim xətrimə dəydi və onu elə həmin vaxt işdən azad elədim. İndi məşhur bir saat firmasında işləyir və ən azı 300-400 manat pul qazanır. Amma indi də onun xarab elədiyi saatları mənim yanıma gətirirlər. Mən saatsaz Hacı olmaq üçün nə qədər əziyyət çəkmişəm. Pulu olmayandan pul almıram, çalışıram halallıqla pul qazanım. Mən istəməzdim ki, bizdə belə sənətkarlar olsun.

“Saat mənim üçün həyatdır”

Mən xoşlayıram ki, həyatda insanlar saat kimi dəqiq olsunlar. Hamıdan bunu istəyirəm, hamıya bunu arzulayıram. Saat mənim üçün həyatdır. Saat olmasa, həyat, yaşamaq necə olar, özünüz fikirləşin. Hər şey saatla bağlıdır. Mən bu işlə yaşayıram, bu sənətsiz həyatımı təsəvvür eləmirəm.

Bir dəfə yanıma bir kişi gəldi. 70-75 yaşı var idi və çox qalın səslə dedi ki, “Həbsxanadan təzə çıxmışam, bu saatı da 3-4 saatsaz düzəldib. İşləmir, gedib dalaşıb bir-ikisini döymüşəm, pulumu da almışam. Bu saatı düzəldə bilərsiniz?” Ona söz verdim ki, düzəldərəm və 15 manat haqq istədim. Amma sonra peşman oldum ki, nəyimə lazımdır belə adamın saatını düzəldim, texnikadı, birdən işləməz, sonra gəlib burada dalaşar.

Üstündən 2-3 ay keçəndən sonra səhər vaxtı gördüm həmin kişi gəlir. Otaqda da 4-5 qadın saat düzəltdirməyə gəlmişdi. Özümü tanımazlığa vurdum ki, birdən bu qadınların yanında mənimlə dalaşar. Dedi ki, usta buradan keçirdim, gəldim sənə minnətdarlığımı bildirim, çox sağ ol, saat əla işlədi.

Bəzən yanıma elə saatlar gətirirlər ki, birinci dəfə görürəm. Ütüyə kimi qırılan hər şeyi düzəldirəm. Gərək adamda maraq olsun. Dünyada qırılan elə saat şüşəsi yoxdur ki, onu düzəldə bilməyim. Qırılan şüşəni əlimlə düzəldirəm. Bu işi öyrənəndə pul qazanacağımı bilmirdim, amma indi ailəmi onunla dolandırıram.

Telefonunda zəhlətökən müştərilərin “qara siyahısı” var

Saat həm də insanın sosial durumunu göstərir. Bahalı saatla ucuz saatın, əlbəttə ki, fərqi var. Əgər saat bahalıdırsa, onun detalları da bahalı olur, şüşəsi sapfir, korpusu polad, mexanizmlərin çarxları qiymətli olur.

Qədimi saatları da düzəldirəm, amma buna çox da meyil eləmirəm, çünki onları düzəltmək əziyyət tələb edir. Ona müvafiq pul versələr, əlbəttə, düzəldərəm. Mən öz sənətimi qiymətləndirirəm, axı əziyyət çəkirəm. Saatsaz kimi onu deyə bilərəm ki, saat alarkən əsas su keçirməyən olmasına fikir vermək lazımdır. Əgər alanın saatdan anlayışı yoxdursa, onu əlinə alarkən ağır olub-olmadığını yoxlasın. Ağır saatlar yaxşı olur. Saatın korpusu metaldan olmalıdır. Doğrudur, indi elə saatlar düzəldirlər ki, baxırsan ki, içərisinə dəmir qoyurlar. Amma yenə də kim istəsə, saat alarkən mənimlə məsləhətləşə bilər.

Bəzən zəhlətökən müştərilər də olur. Bəzən pulumu kəsirlər. Belə müştərilərin telefonumda “qara siyahısı” var. Onları ora atıram və nə qədər zəng edirlərsə, düşə bilmirlər. Bəzən varlılar pulda xəsislik edirlər. Bura bir müdirin sürücüsü divar saatı gətirmişdi. Saatın tamamında qapı açılır, quşlar çıxır, cəh-cəh vurur, adamlar oynayır, bir nəfər də odun yarır. Mən də saatı düzəltmək üçün 25 manat pul istədim. Düzəldəndən sonra 10 manat pul verdi ki, bunun zəhmət haqqı 10 manatdır. 4 ildən sonra yenə xarab olan saatı hara aparsa da, heç yerdə düzəltdirə bilməmişdi. Yanıma da gətirməyə utanmışdı. Sonra əlacsız qalıb yanıma gəldi, məndən üzr istədi, o vaxt kəsdiyi pulu da verdi, ondan sonra həmin saatı yenə düzəltdim.

Hacı dayı bizə çox şey anlatdı. Onu da öyrəndik ki, usta bu yaxınlarda “Facebook”dan istifadə etməyə başlayıb və dostluğunda 2000-dən çox insan var. Kim istəsə, onunla buradan da əlaqə saxlaya bilir. Bəlkə də, ünsiyyətcil olmasından bu qədər sosiallaşmaya meyillidir. Saatsazla müsahibədə vaxt necə keçdi bilmədim. O, söhbətcil olmaqla bərabər, həm də zarafatcıl idi. Hətta bəzən danışdığı məzəli əhvalatları elə müştərinin səsi ilə söyləyirdi. Bəlkə də, ona görə deyildi, bilmirəm. Amma onu bilirəm ki, vaxtın qiymətini aramızda ondan çox bilən yoxdur. Qolunda saat gəzdirməsə belə.

Gülnar Əliyeva

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm