Bəzi yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək
Bizi izləyin

Qırmızı.az

Bəzi yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

I Avropa Oyunları ilə əlaqədar təlim proqramı və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar təklif edir.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, mayın 25-də Bakıda I Avropa Oyunları ilə əlaqədar təlim proqramı və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradır: “Bununla əlaqədar bu gün saat 16:30-dan etibarən məşqlər tam başa çatanadək paytaxtın Mikayıl Müşfiq dairəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Parlament prospekti ilə Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, İstiqlaliyyət, Nizayi küçələri, “Azneft” dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya stadionu, Aeroport şossesi boyu nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulur. Bununla əlaqədar “Cavanşir” körpüsü, Azadlıq prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Pəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir”.

V.Əsədov qeyd edib ki, yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar təklif edir: “Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri tövsiyə olunur. “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə hərəkət edə bilərlər. Eləcə də, onlara Mikayıl Müşfiq dairəsindən Mətbuat prospektindən keçməklə Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmələri tövsiyə olunur. Zuğulba, Buzovna qəsəbələrindən paytaxtın mərkəzinə doğru hərəkət Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır. Maştağa, Zabrat, Nardaran və həmin ərazilərdəki digər qəsəbələrdən metronun “Koroğlu” stansiyasına doğru isə yalnız şəhər şossesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla hərəkət etmələrini tövsiyə edirik. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərdəkan və Şüvəlan qəsəbələrindən isə Qala döngəsindən Türkan qəsəbəsi ilə Qala və Pirallahı beton yolu ilə şəhər istiqamətində hərəkət nəzərdə tutulur. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm