Qoşa "y"lardan biri ixtisar olunsun - TƏKLİF
Bizi izləyin

Qırmızı.az

Qoşa "y"lardan biri ixtisar olunsun - TƏKLİF

Azərbaycan orfoqrafiyasında qoşa y samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac yaranıb.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli yazdığı “Diqqət: Orfoqrafiyada iki "y"dan biri” adlı elmi məqaləsində bildirib.

Müşahidələr göstərir ki, Azərbaycan dilində qoşa y samiti ilə olan sözlərin mütləq əksəriyyəti -iyyat//-iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir. Bu şəkilçilərlə ifadə olunan sözlərin funksiyalarına ilk dəfə akademik Ağamusa Axundov elmi şəkildə münasibət bildirmiş, həmin sözlərin təsnifatını aparmışdır. Əvvəla, etiraf etmək lazımdır ki, ərəb dilinə məxsus -iyyat//-iyyət şəkilçisi ilə düzəlib ictimai-siyasi, habelə mədəni-məişət anlayışlarını ifadə edən bu sözlər dilimizi yeni ictimai məna çalarları ilə zənginləşdirmişdir. Məsələn, ictimaiyyət, hakimiyyət, cəmiyyət, ümumiyyət, müvəffəqiyyət, mənəviyyat, bəşəriyyət, ədəbiyyat və sair kimi sözlərin Azərbaycan dilində özünəməxsus xüsusi çəkisi mövcuddur. Bununla yanaşı, artıq bu qəbildən olan sözlərin müəyyən hissəsi başqa sinonim sözlərlə əvəz edildiyinə görə arxaikləşmişdir. Məsələn, sövtiyyat, vəhsaniyyət, qövmuyyət, məhcubiyyət, həqqaniyyət, məzuriyyat, tipli sözlər dildə işləkliyini tamamilə itirmişdir. Qoşa y ilə yazılan belə sözlərin böyük bir hissəsi isə hazırda da ədəbi dildə öz işləkliyini qoruyub saxlamışdır. Bundan başqa, iki yanaşı y hərfi ilə yazılan sözlərdən ümumxalq danışıq dilinə daxil olanlar da az deyildir: qabiliyyət, qalibiyyət, ezamiyyət, vəsiyyət, qətiyyət, əziyyət, əhəmiyyət, ziddiyyət, mədəniyyət, xasiyyət, şəxsiyyət, nailiyyət və s.

Eyni zamanda, Azərbaycan dilinin qrammatik qayda-qanunlarına uyğun şəkildə işlənən -iyyət şəkilçili sözlərin bir qismi isə dilin öz şəkilçiləri olan -lıq, -lik şəkilçiləri ilə əvəzlənmişdir. Məsələn, əsəbiyyat-əsəbilik, azadiyyat-azadlıq, ruhaniyyət-ruhanilik, bərabəriyyət-bərabərlik, bədiyyat-bədiilik, məğruriyyət-məğrurluq, məcburiyyət-məcburluq kimi sözlər, necə deyərlər, “milli şəkilçilər” hesabına Azərbaycan kəlmələrinə çevrilmişlər. Bundan başqa, -iyyət şəkilçisi ilə yazılan sözlərdən bir çoxu artıq Azərbaycan dilinin daxili imkanları hesabına tam yeni sözlərlə əvəz olunmuşdur. Necə deyərlər, bu sözlər artıq bizim dil sərvətimizdir. Buna görə də qoşa y samiti ilə yazılan sözlərlə əlaqədar baş verən, müşahidə edilən prosesləri izləmək artıq alınma sözlərə yox, Azərbaycan dilinin fonetikası ilə bağlı məsələlərə diqqət yetirmək deməkdir.

Bu mənada bizim diqqət mərkəzinə çəkdiyimiz əsas məsələ qoşa y samiti ilə yazılan sözlərin artıq tək y səsi ilə tələffüz edilməsi faktından ibarətdir. Müşahidələr göstərir ki, Azərbaycan dilində - iyyət şəkilçisi ilə yazılan sözlərin mütləq əksəriyyətinin artıq bir y- ilə tələffüz oldunduğu nəzərə çarpmaqdadır. Belə ki, “Orfoqrafiya lüğəti”ndə qoşa y ilə ədəbiyyat şəklində yazılsa da, tələffüzdə artıq bir y ilə ədəbiyat deyilir.

Maliyə kimi bir y ilə tələffüz olunmasına baxmayaraq, hələ də bu qəbildən olan sözlər iki yanaşı y ilə yazılır.

Fikrimizcə, bu prosesin baş verməsi Azərbaycan dilinin daxili enerjisinə uyğun olaraq aşa bildiyin mühüm bir məqamdır. Göründüyü kimi, dilimiz tələffüz etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə də indiki şəraitdə qoşa y ilə yazılan sözlərin orfoqrafiyasına yenidən baxmağa xüsusi ehtiyac vardır. Çünki yanaşı iki y ilə yazılan sözlərdən tələffüz prosesində eyni səsdən biri artıq düşmüşdür. Ona görə də bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanunlarına uyğunlaşdırılması günümüzün aktual məsələlərindəndir. Xüsusilə, ümumxalq danışıq dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət, ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət, şəxsiyyət, milliyyət, xasiyyətnamə, hakimiyyət, muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət, əməliyyat, riyaziyyat, nəşriyyat, mənsubiyyət, nailiyyət, əksəriyyət, ictimaiyyat tipli sözlərin yazılışında qoşa səsinin orfoepiyasında artıq y səslərindən birinin işlənməməsi y-nın tək, ayrıca səslənməsi dilçilərimizi, orfoqrafiya qaydalarını yenidən hazırlayan alimlərimizi düşündürməlidir. İndiki mərhələdə qoşa samitlərin yanaşı işlənməsi, xüsusən iki y ilə yazılan sözlərin eyni adlı tək samitlə tələffüz edilməsi “Orfoqrafiya lüğəti”nə müəyyən düzəlişlərin edilməsi zərurətini meydana çıxarır. Bunu hazırda dilimizdə aktiv olan aşağıdakı sözlərin yazılışında və tələffüzündəki fərqlərlə daha aydın surətdə izləmək mümkündür:

Mənəviyyat, eyniyyət, ezamiyyət, əməliyyat, ətriyyat, məmnuniyyət, məzuniyyət, insaniyyət, ünsiyyət, bəşəriyyət, məcburiyyət, cahiliyyət, ictimaiyyat, cümhuriyyət, cinsiyyət, davamiyyət, müdiriyyət, məhdudiyyət, hakimiyyət, məhkumiyyət, məhrəmiyyət, hürriyyət, hissiyyat, həssasiyyat, xüsusiyyət, muxtariyyət, mükəlləfiyyət, külliyyat, əksəriyyət, kəşfiyyat, keyfiyyət, qabiliyyət, məğlubiyyət, istiqlaliyyət, iqtisadiyyat, qövmiyyat, qeydiyyat, madiyyat, mədəniyyət, mülkiyyət, məmnuniyyət, mənsubiyyət, nisbiyyət, nəşriyyat, nailiyyət, rəsmiyyət, riyaziyyat, məsuliyyət, səlahiyyət, islamiyyət, məşğuliyyət, şəxsiyyət, məşrutiyyət, təbiyyat, mövcudiyyət, müvəffəqiyyət, vəsiyyət, vəsiyyətnamə, irsiyyət, vəziyyət, ziddiyyət və s.

Hazırkı şəraitdə yuxarıda qeyd etdiyimiz tipli sözlərin yazılışında tələffüzdə eyniləşdirmək üçün iki y samitindən birini atmağın zamanı çatmışdır.

Tələffüzdə qoşa y samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır.

Yanaşı gələn y səslərindən birinin ixtisarı Azərbaycan dilində kiçik də olsa, yazıda sadələşməyə doğru bir addımdır.

Hesab edirəm ki, qoşa y səslərindən tək y samiti ilə deyilən və yazılan sözlərə keçid Azərbaycan dilinin özünün daxili enerjisi hesabına etdiyi islahatdır. Yazıda qoşa y-dan tək y səsinə keçid alınma sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması hadisəsi kimi də əhəmiyyətlidir. Dildə, danışıqda gedən islahat dilçilik elmindən kənarda qala bilməz. Və onu da düşünürəm ki, qoşa y səsi ilə yazılan sözlərdə həmin səslərdən birinin danışıq dilindən çıxması Azərbaycan dilinin müasir mənzərəsində baş verən yeganə hadisə deyildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm