Keçmiş hakim yenidən məhkəmə qarşısında - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Keçmiş hakim yenidən məhkəmə qarşısında - REPORTAJ

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev və digər şəxslərin məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ittiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanışı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə iş düzəlib, nə də pul geri qaytarılıb. Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb.

Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb.

Prokuror müavini məhkəməyə çağırıldı

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi İradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.

Prosesə sədrlik edən hakim Rizvan Səfərov bildirib ki, zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova məhkəməyə məktub göndərib:

“Vəkil məktubunda qeyd edib ki, hazırda Azərbaycandan kənarda olduğu üçün məhkəmədə iştirak edə bilmir. İradə Cavadova onun iştirakı olmadan ilkin baxış iclasının keçirilməsinə etiraz etməyib”.

Daha sonra Taleh Süleymanovun vəkili Elgün Bəylər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bəzi sübutlar araşdırımalyıb, iş üzrə lazımi şahidlər dindirilməyib. Vəkil qeyd edib ki, Nərimanov rayon prokurorunun sabiq müavini Cavid Quliyev, həmçinin Azər Orucov və Səbuhi Qədirovun apelyasiya instansiyasında yenidən dindirilməlidirlər. Digər vəkillər də apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə aparılmasını istəyiblər.

“Həsən Əliyev cinayətkar kimi təqdim edilir”

Həsən Əliyevin müdafiəçisi Anar Məmişov əvvəlcə müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arxasından çıxarılmasını, onun müdafiəçiləri ilə yanaşı əyləşməsi barədə vəsatət verib. O bildirib ki, Həsən Əliyevin barəsində hökm qanuni qüvvəyə minməyib: “Burada vətəndaşlar, jurnalistlər iştirak edir. Dəmir barmaqlıqlar arasına salmaqla Həsən Əliyev cinayətkar kimi cəmiyyətə təqdim edilir”.

Hakim vəsatəti təmin etməyib. Anar Məmişov daha sonra ilkin baxış iclasının təxirə salınması barədə vəsatət verib. O bildirib ki, Həsən Əliyev mülki cavabdeh kimi də apelyasiya şikayəti ilə çıxış edib:

“Cinayət işi üzrə apelyasiya şikayətimiz icraata verilib, mayın 27-də icraata götürülüb. Biz apelyasiya şikayətimizin təxirə salınmasını istəyirik. Hüquqi xidmət göstərdiyim Həsən Əliyev hazırda istintaq təcridxanasında saxlanılır. Mülki iddiaya qarşı öz hüquqi müdafiəmizi daha effektiv qurmaq üçün Həsən Əliyevlə görüşüb məsləhətlər aparmaq zərurəti yaranıb. Bunun üçün mayın 19-da Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Həmin ərizəyə verilmiş cavabı mayın 25-də götürmüşəm. Məktubda Həsən Əliyevlə görüşə etiraz edilmir. Mayın 26-da müzakirələr aparmaq üçün Həsən Əliyevin saxlandığı Bakı İstintaq Təcridxanasına getdim. Məktuba baxdıqdan sonra bildirdilər ki, müdafiəçilər üçün nəzərdə tutulmuş görüşün verilməsi mümkün deyil. Mən məsələni izah etdikdə qəbul şöbəsində işləyən şəxs vəsiqəmi götürdü və rəhbərliyə məruzə edəcəyini bildirdi. Bir qədər sonra Həsən Əliyevlə yalnız ümumi görüş otağında, şüşə arakəsmədə, telefon vasitəsi ilə görüşə biləcəyimi qeyd etdilər. Mən məcburiyyət qarşısında buna etiraz etmədim. Amma görüşə yenə icazə verilmədi. Bildirdilər ki, Həsən Əliyev ailə üzvləri ilə görüşüb, onunla görüş üçün növbəti ayı gözləmək lazımdır. Mən vəkil olduğumu, mayın 27-də ilkin baxış iclasının keçiriləcəyini, bunun üçün də görüşün şərt olduğunu bildirsəm də, faydası olmadı. Həsən Əliyevlə görüşmədən Bakı İstintaq Təcridxanasını tərk etdim. Konstitusiyanın 61-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var”.

Qanunun tələblərini sadalayan Anar Məmişov əlavə edib ki, cinayət işi üzrə verilmiş apelyasiya şikayətinin ilkin baxış iclası keçirilir: “Bu iclasda mülki cavabdehin nümayəndəsi kimi vəsatətlər vermək istəsəm də, onların tərtibi üçün Həsən Əliyevlə görüşüb, məsləhətləşmələr aparmalıyam. Odur ki, məhkəmənin ilkin baxış iclasının təxirə salınmasını xahiş edirəm”.

“Həsən Əliyevin 100 min manatını ələ keçiriblər”

Daha sonra Həsən Əliyevin digər vəkili Sadiq Rəsulov apelyasiya şikayətinin baxışına xitam verilməsi, işin yenidən birinci məhkəmə instansiyasına qaytarılması barədə vəsatət verib. Vəkil qeyd edib ki, Gəncə Apelyasiya Məhkəməsinin 1 aprel tarixli hökmü Həsən Əliyevlə bağlı olan hissədə qanunsuz və əsassızdır. O, hökmün ləğvini, bəraət hökmünün çıxarılmasını xahiş edib: “İttiham aktından görünür ki, 12 aprel 2013-cü il tarixdə özünü Nərimanov rayon prokurorunun müavininin qaynı kimi təqdim edən Taleh Süleymanov Elman Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, Həsən Əliyevlə “Gənclik” metrosunun yaxınlığında avtomaşında Qüdrət Yəhyayevin iştirakı ilə görüşüb.

Taleh Süleymanov Ramazan Səlimova vurulması iddia olunan ziyanın məbləğinin 300 min manat həcmində müəyyən edilməsi, bununla da töprətdikləri əməlin ört-basdır edilərək gizlədilməsi üçün vəzifəli şəxsə rüşvət verəcəyi adı ilə Həsən Əliyevi aldadıb.

Taleh həmin gün Həsən Əliyevdən 46000 manat, aprelin 23-də isə 54000 manat alıb. Ümumilikdə, Həsən Əliyevin 100 min manatını ələ keçiriblər, ona qarşı dələduzluq ediblər. İttiham aktında hər iki şəxsin Həsən Əliyevin 100 min manatını ələ keçirərək onun xeyrinə heç bir hərəkət etmədən dələduzluq edildiyi göstərilib. Məsələnin maraqlı tərəfi ondadır ki, hər iki şəxsə dələduzluq ittihamı sürülsə də, həmin dələduzluq əməlinin nəticəsində Həsən Əliyevə maddi ziyan dəysə də, o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmayıb”.

Apelyasiya şikayətinin icraatı dayandırıldı

Vəkil çıxışının sonunda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, işin yenidən birinci məhkəmə instansiyasına qaytarılması istəyib. Həsən Əliyev vəkillərinin vəsatətləri ilə razılaşdığını deyib. Bundan sonra prokuror çıxış edərək bildirib ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb:

“Bu səbəbdən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxıla bilməz. Apelyasiya şikayətinin icraatının dayandırılmasını, işin araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

Daha sonra müşavirə keçirən hakimlər qeyd ediblər ki, şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılması mümkün deyil. Bu səbəbdən apelyasiya şikayətinin icraatı dayandırılıb və cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm