• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı jurnalist: “İstanbulda qara çarşablı qadınların çoxluğu məni təəccübləndirir”

Azərbaycanlı jurnalist: “İstanbulda qara çarşablı qadınların çoxluğu məni təəccübləndirir”

Onunla soyadımız eynidir. Buna görə də, tez-tez məndən onunla qohum olub-olmadığım soruşulur. Özü deyir, bundan sonra elə suallara “hə” cavabını verim. Amma müsahibəni götürməyimə səbəb soyad eyniliyi deyil. Xarici vətəndaşla ailə quran, Türkiyədə yaşayan, üstəlik işinə fasilə verməyən, övladı olandan bir həftə sonra iş fəaliyyətinə geri qayıdan bu xanımı daha yaxından tanımaq və bu qədər işi bir yerdə necə bacardığı, gələcək planları barədə söhbətləşdik.

Sözü çox uzatmayaq. Müsahibimiz jurnalist Məhsəti Şərifdir. Onu daha çox televiziyadan tanısaq da, bir çox internet saytlarında yayımlanan maraqlı müsahibə və reportajlarını da tez-tez oxuyuruq. Müsahibimiz xarici vətəndaşla ailə qurmaq istəyən xanımlara da gərəkli məsləhətlər verdi, əcnəbi ölkədə yaşamağın müsbət və mənfi tərəflərindən danışdı.

- Əvvəlcə, təbrik edirəm, ikinci dəfə ana olmusunuz. Yəqin bu sual çox verilib, amma maraqlıdır, oğlunuz hələ kiçikdir, ikinci bir uşaq çətinlik yaratmır?

- Təşəkkür edirəm. Düzdür, dostlarımdan, həmkarlarımdan bu sualı çox eşidirəm. Əlbəttə, çətindir. Amma bu həyatda asan nə olur? Övlad böyütmək, ana olmaq çətin vəzifədir. Amma yaş həddi var. Mənim 21 yaşım yoxdur və istədik iki övladım olsun. Yaş isə gözləmirdi. Ona görə də belə oldu. Çətinlik müvəqqətidir, keçəcək bir gün.

- Adətən, yeni övladı olan qadınlara bir müddət anaları kömək edir. Sizdə necədi?

- Maləsəf. Hazırda belə bir şansım yoxdu. Anam çox gəlmək istəyirdi, amma səhhəti ilə bağlı gələ bilmədi. Bəzən təklikdən sıxılıram, depressiyaya düşürəm. Deyirəm, kaş Bakıda olaydım. Doğrudan da insanın bəzi günlər fiziki yardımdan çox mənəvi dəstəyə ehtiyacı olur. Deyirsən, kaş bir doğma insanın olaydı, sənə iş buyuraydı. Amma yanında hiss edəydin. Qərib yerdə yaşamağın mənfi tərəfi budur.

- Yəqin uşaqlara həmişə özünüz baxmayacaqsız. Bağçaya qoyarsınız, onda işiniz asanlaşar.

- Burda bağça 3 yaşından başlayır , həmin yaşda qoya biləcəm ancaq.

- Üç yaşları olmasına isə hələ bir xeyli var.

- Düzdür, hələ üç il özüm uğraşacam, həm iş, həm ailə, həm də uşaqla. Əvvəllər deyirdim işim çox çətindir. Televiziyada bütün günü ora-bura get, reportaj, montaj, efirə çıx, aparıcılıq et. Sonra baş redaktor işlədim, o daha çətin və məsuliyyətli idi. Amma indi anlayıram ki, bir uşağa baxmaq böyük bir kollektivə rəhbərlik etməkdən daha çətindir. Mənim kimi 18 il durmadan işləyən, evdarlıq anlayışı olmayan biri üçün çətinlik bir az da artır. Həyat insana dərs verir.

- Amma uşaqlarla olmaq daha əyləncəli olar.

- Əlbəttə, nə qədər yorulsan da onların etdiyi yeni bir hərəkət sənə möcüzə kimi gəlir, bir gülüşü hər şeyi unutdurur. İndi mən anaların niyə fədakar olduğunu anlayıram.

- Planda yeni uşaq varmı? Yaxın gələcəkdə olmasa da, bir müddət sonra…

- Yox artıq, uşaq planını bağlı elan edirik. İki uşaq yetər, yaş artıq imkan verməz. Gənc olsaydıq, başqa, amma 37 yaşım var. Əsas odur bunları sağlıqla böyüdüm.

- Məhsəti xanım, karyera qurmuş jurnalistlərimiz əsasən, xarici vətəndaşla ailə qurur. Bizim oğlanlar karyerası olan jurnalistdən çəkinir, yoxsa qızlar bizim oğlanları bəyənmirlər?

- Bu suala cavab vermək çətindir. Çünki ailə qurmaq qismət məsələsidir. Bizdə oğlanlar karyera qurmuş qızdan ehtiyat etmir, onlar istəsələr, belə qızlarla evlənərlər. İndi oğlanlar daha müasir düşünür, görüb-götürmüş, savadlı qızları bəyənirlər. Sadəcə, oğlan istəsə də ailə razı olmur. Bizdə mentalitet hələ ki, oğlanlara ailənin sözündən çıxmağa icazə vermir. Qızlarımız oğlanları bəyənmir fikri ilə də, razılaşmıram, çünki bizim də qardaşımız, atamız var. Ailə qurmaq alın yazısıdır, mən buna inanıram. Mən də xarici vətəndaşla ailə qurmuşam və yalnız hissələrim və ağlımla hərəkət etmişəm. Onun hansı ölkədə yaşaması önəmli deyil.

- Əcnəbilər daha müasirdir bizimkilərə nisbətən?

- Sizə elə gəlir. İngilis və ya başqa milləti deyə bilmərəm, amma türklər sadəcə, elə görünür. Ailə qurandan sonra görürsən ki,damarında türk qanı axan bütün kişilər eynidir. Qısqanclığı, bəzi kompleksləri, qoruma hissi bizimkilərdən fərqlənmir. Ən azından mənim ailəmdə elədir. Bəlkə yoldaşımın anası azərbaycanlıdır, ondan irəli gəlir. Amma digər türkiyəlilərlə ailə quranlarla da söhbət etmişəm, hamısı eyni sözü deyiblər.

Qısqanclıq geyimdə, çox gözəl görünəndə ola bilir. Məsələn, evdən çıxırsansa, tez-tez zəng gəlir. Hardasan, hətta nəyin yanından keçirsən kimi suallar ola bilər. Bunu isə belə izah edir. “Bura böyük şəhərdir, sənə inanıram, insanlara etibar etmirəm”. Hamısı eynidir bu kişilərin. Birdə deyir “donuzlar qısqanmaz. Kişisənsə, qadınını qısqanmalısan”.

- Daha bu sözün üzərinə nəsə demək olmaz. Çox ağıllıdır yoldaşınız. Jurnalistlə necə danışmalı olduğunu bilir.

- Hə, məncə də. Çox gəzib və çox bilir. O da uzun illər televiziyada işləyib. Deyir “mən bilirəm, jurnalistlə necə danışmaq lazımdır. Yoxsa sizi ipə-sapa yatırmaq olmaz.

- Onu düz deyir.

- Məncə də.

- Bəs Türkiyə ilə bağlı gözləmədiyiniz, ya da eşitmədiyiniz, sizi təəccübləndirən nələrsə oldu?

- Oldu. Siyasi baxımdan. Amma indi bu barədə danışmaq istəmirəm. Çünki tərəfsizlik istəyirəm. Sadəcə, bir şeyə təəccüb etdim. Mən İstanbul deyəndə həmişə fərqli bir şəhər düşünürdüm. Bura istirahətə gələndə gəzdiyim yerlər məndə bu şəhərin çox müasir və komplekssiz şəhər olduğu fikrinə gətirmişdi. Amma indi İstanbulun mərkəzi Fatihdə yaşayıram. Burada burnuna qədər bağlanmış, qara çarşablı qadınların çoxluğu məni təəccübləndirir.

Amma müsbət tərəfləri də var. Qayda və qanun mükəmməldi. Rüşvət əməliyyatının keçirildiyi bir ölkədə iki ildə bir dəfə də olsun rüşvət alan görmədim. İstənilən sənədi bir gündə rahat düzəldirsən. Heç bir dövlət orqanı müraciət edən şəxsi süründürmür. Xəstəxanalardakı sistem çox gözəldir.Pulsuz xidmət bir tərəfə, insanlarla davranış səviyyəsi mükəmməldir.

Bələdiyyələrin fəaliyyətinə çox təəccübləndim. Bizdə bələdiyyə deyəndə ağla ancaq torpaq satan sözü gəlir. Burada isə həmin qurumlarla çox gözəl iş qurulub. Qar yağanda bələdiyyə nümayəndələri qapı-qapı gəzib bir problem olmadığını, istilik sisteminin necə işlədiyini, çörək ala bilməyimizi soruşurdular. Qızım dünyaya gələndə ilk təbrik və hədiyyəni bələdiyyədən aldım. Bu, diqqətdi və insana özünü dəyərli hiss etdirir.

- Qızınız doğulanda bələdiyyənin təbriki barədə yazmışdınız, bu çox təəccüblü gəlmişdi. Bu həm də dövlətin çox uşaqlılığı stimullaşdırılması ilə bağlı ola bilərmi?

- Ola bilər ki, dövlət uşaqların çox olmasını istəyir. Amma bu, bir sistemdir. Təsəvvür edin uşağınıza müalicə yazılır. Siz onu etmirsinizsə, polis gəlir və uşağı sizdən alır. Çünki bu, uşaq istismarı hesab edilir.

- Bir az da işlərinizdən danışaq. Qızınız olana qədər Azərbaycandakı saytlarla əməkdaşlıq edirdiniz, müsahibə, reportajlar hazırlayırdınız. Yenə davam edəcək bu əməkdaşlıq?

- İndi də edirəm, hazırda Bakupost, Azvizion.az və modern.az saytlarına yazıram. Qızım olanda bir həftə yazmadım. Düzdür, indi reportajlar edə bilmirəm, çünki çıxmağa vaxtım olmur. Daha çox siyasi mövzularda yazıram. Onları da telefonla həll edirəm, bir müddət belə davam edəcəm. Yenə də əvvəlki kimi yazılarım olacaq. Sadəcə iki uşaqla bunu etmək çətin olur. Həm də o zaman bir dostumun yardımı ilə edirdik, indi tək edəcəm. Mesut adlı jurnalist dostumla alırdıq həmin müsahibələri, çox zaman çəkiliş meydanlarına gedirdik. Çünki menecer və ya şirkətə müraciət edəndə müsahibənin təşkilinə qonorar istəyirdilər. Bizim mətbuatın verdiyi qonorarla bu, mümkün deyildi.

- Necədi Türkiyədə serial mühiti? Bizdə də yeni başlayıb bu iş, amma serial effekti alınmır nədənsə. Nələr öyrənə bilərik Türkiyə təcrübəsindən?

- Burda serialara çox pul xərclənir. Aktyorlar da yüksək qonarar alır, bizimlə müqayisəyə dəyməz.

- Yəni tək səbəb puldur?

- Pul yaxşı olsa, peşəkarlarla işləyərlər. Ya da seriala çəkdikləri insanlara ən azı dərs verəcək müəllim tutarlar. Amma mən konkret rejissor bilirəm ki, dövlətdən aldığı pulla aktyora qonorar vermir, özünə maşın alır. Ordan-burdan topladığı “aktyorlar” da sadəcə, efirdə görünmək istəyir, peşəkarın isə belə bir problem yoxdur. O, zəhmətinin qiymətini alacaq.

- Bəs reportajlardan əlavə sizdən hansı yeniliklər gözləyək? Məsələn, yenidən televiziyaya qayıtmaq barədə düşünürsünüz?

- Müğənni olsam, deyərdim kaset çıxaracam. Amma jurnalistəm və qələmimi alıb gəlmişəm bu ölkəyə. Əməkdaşlıq istəyən saytlara yazıram, yazmaqdan da zövq alıram. Passivliyi sevmirəm, bu, mənə yad davranışdır. Gələcəkdə tv-lərin biri ilə də əməkdaşlıq edəcəm. Beyaz tv-də bir jurnalist var, uzun müddətdir bu sahədə çalışır. Onunla bir proyekt hazırlayırıq. İndi uşağa görə, azacıq zaman lazımdır. Həm də bir il sonra vətəndaşlıq alacam, yəqin ki, burda rəsmi olaraq işə başlayacam.

- O zaman sizə uğurlar. Yeni işlərinizi gözləyirik.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR