• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyəli jurnalist: “Qısqananların edəcəyi yeganə şey qarayaxma kampaniyasıdır”

Türkiyəli jurnalist: “Qısqananların edəcəyi yeganə şey qarayaxma kampaniyasıdır”

Bu yaxınlarda İtaliya-Azərbaycan Dostluq ve Əməkdaşlıq Cəmiyyətinin yaradılmasıyla ölkəmizin daha da tanıdılması yönündə vacib bir addım atıldı. Elə bu məqsədlə yaxınlarda Bakıda olan sözügedən qurumun rəhbəri və qurucusu Dündar Keşaplıyla əlaqə saxladıq. Vaxtının azlığına rəğmən, türkiyəli həmkarımız Publika.az-ın suallarını həvəslə cavablandırdı.

- Hal-hazırda yaşadığınız Roma şəhəri kimi bizim Bakımız da getdikcə Avropanın mərkəzi yerlərindən birinə çevrilməkdədir. Sizcə, yeni yaratdığınız cəmiyyətin sayəsində həm italyanlar, həm də avropalıların bizə münasibətində nə kimi müsbət dəyişikliklər ola bilər?

- Roma daha çox tarixi, sənətiylə dünyada tanınmış bir şəhərdir və hər il İtaliyanın paytaxtına çoxlu sayda turist gəlir. Hər yeri tarix olan və keçmişi önəmli sayıla biləcək Romayla Bakının müqayisəsinə gəlincə, Bakının təmsil etdiyi Azərbaycan təbii ki, çox yeni bir dövlət sayılır. Təxminən 25 ilə yaxındır öz müstəqilliyinə qovuşsa da, qısa müddətdə xeyli inkişaf edib. Salınan yollar, tikilən binalar, qoyulan sərmayələr bunun aşkar və dəqiq nümayişidir. Xüsusən də prezidentiniz İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın İtaliyanı sevməsi, hər fürsətdə paytaxt şəhərinə gəlmələri və Bakıda çoxsaylı italyan markalarını görmək buna işarədir. Bakı və Roma arasında onsuz da bir körpü var, elə bizim hədəfimiz də məhz bu körpünü daha da gücləndirməkdir. Vacib bildiyimiz hər cür layihələri birlikdə gerçəkləşdirməklə bərabər, gələcəkdə də bu yöndə irəliləyişə nail olunmasına zəmin yaratmaq əhəmiyyətlidir. İdman, mədəniyyət mövzularıyla bağlı gözəl işlərə imza atmaq məqsədlərimizdən biridir. Xususən də yeni yetişən gənc nəslin daha yaxşı təhsil alması, öyrənməsi, təcrübə qazanması istiqamətində səmərəli olmaq niyyətindəyik.

- Maraq doğuran daha bir məsələ cəmiyyətə üzv seçiləcək insanların quruma hansı kriteriyalar əsasında götürüləcəyidir. Çox şey onların nə dərəcədə aktiv fəaliyyət göstərməsindən asılı olacaqmı?

- Bəli, ilk növbədə üzərində işləyəcəyimiz məsələlərə necə köklənməsinə xüsusi diqqət ayıracağıq. Kim bizə yeni bir fikir, layihə planını təqdim edərsə, bundan da fayda götürmək mümkündür. Cəmiyyətimizin qapıları hər kəsin üzünə açıqdır, problemsiz şəkildə.

- Avropa oyunlarının yaxınlaşdığı bir zamanda Azərbaycana qarşı çıxan bəzi qüvvələr bizim bu yarışları qəbul etməyə hazır olmadığımızı hər fürsətdə dilə gətirməkdən çəkinmirlər...

- Önəmli olan başqalarının nə dediyi və istədiyi deyil, Azərbaycanın bir hökumət olaraq nə istədiyidir. Elə məhz bütün bunlara layiqli cavab verilməsi məqsədiylə məsul şəxslər söylənənləri qulaqardına vuraraq, önəmli idman yarışlarını təşkil edirlər. Qısqanclıqla yanaşan, imkanı olmayanların əllərindən gələn yeganə şey qarayaxma kampaniyası aparmaqdır. Bu onsuz da bilinən, görməyə alışdığımız bir durumdur. Əsas odur, ölkənin imicinin yüksəldilməsi, turizm qaynağının əldə edilməsi üçün bu cür idman yarışlarına üstünlük verilir. Və məncə, nəticəsi çox gözəl, uğurlu olacaq.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR