• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı Metropoliteninin Avropa Oyunları ilə bağlı xüsusi planı

Bakı Metropoliteninin Avropa Oyunları ilə bağlı xüsusi planı

Bakı Metropoliteni Avropa Oyunları ilə bağlı xüsusi plan hazırlayıb.

Avropa Oyunları ərəfəsində Bakıda yollarda fasilələrlə tətbiq edilən məhdudiyyətlər və parkinq üçün yer tapmaq çətinliyi üzündən fərdi avtomobillərlə hərəkət etmək nisbətən əlverişsiz olacağından əhalinin böyük əksəriyyətinin ictimai nəqliyyatdan, xüsusən metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir. Oyunlar zamanı şəhərə gələn yerli və xarici qonaqların çoxluğu da nəzərə alınarsa, ilk baxışdan metroda sərnişin sıxlığının yaşanacağı təəssüratı yaranır.

Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bununla bağlı qətiyyən narahat olmağa dəyməz: “Əvvəla, artıq ali və ümumtəhsil məktəblərində tədris müddəti başa çatdığından, eləcə də dövlət müəssisə və təşkilatlarında Avropa Oyunları ilə əlaqədar iş rejimi qrafiki dəyişdiyindən metroda sərnişinlərin ciddi sıxlığı gözlənilmir. Bakı Metropoliteni hər il məktəblərdə dərslər başa çatdıqdan sonra yay qrafikinə keçir. Adətən adi günlərdə metrodan gün ərzində 800-850 min sərnişin istifadə edirsə, yay vaxtı onların sayı demək olar ki, təxminən 2 dəfə azalaraq 400-450 min nəfərə düşür. Bu il Avropa Oyunları ilə əlaqədar dərslər həmişəkindən daha tez başa çatdığından metro da yay qrafikinə tez keçəcək. Lakin hələlik bununla bağlı rəsmi qərar verilməyib”.

Bundan əlavə şöbə rəisi qeyd edib ki, Bakı Metropoliteni Avropa Oyunları ilə bağlı xüsusi plan hazırlayıb: “Plana əsasən sərnişinlərin daşınması ilə bağlı ən xırda detallar da nəzərə alınıb. Bunu mayın 9-da Avropa Oyunları ilə əlaqədar keçirilən sınaq tədbirləri də göstərdi. Şükürlər olsun ki, bu sınaqdan üzüağ çıxdıq. Təbii ki, Oyunların açılış və bağlanış mərasimləri günü sərnişinlərin nisbətən çox olacağı istisna edilmir. Amma bütün bu detallar nəzərə alınıb. Həmin günlərdə xəttə buraxılan qatarların sayı artırılacaq və qatarlar arasında vaxt intervalı azaldılacaq. Hətta ehtiyac duyularsa, xəttə ehtiyat qatarlar da buraxıla bilər. Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Təbii ki, həmin gün Milli Olimpiya Stadionunda keçirilən tədbirdən sonra oradakı insanların hamısını birdən-birə yaxınlıqdakı “Koroğlu” stansiyasına buraxmaq olmaz. Bu məsələ BEGOC tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə tənzimlənəcək. Ona görə də əhalinin və qonaqların narahatlığına heç bir əsas yoxdur”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR