Braziliyada Azərbaycana həsr edilmiş poçt markası hazırlanıb
Bizi izləyin

Qırmızı.az

Braziliyada Azərbaycana həsr edilmiş poçt markası hazırlanıb

Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən paytaxt Braziliya şəhərində 28 May – Respublika Gününə həsr edilmiş təntənəli ziyafət mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbiri çıxış nitqi ilə açan səfir Elnur Sultanov müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradılması və fəaliyyəti, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafındakı tarixi xidmətləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət, Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 Birinci Avropa Oyunları həmçinin, Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafı haqqında ətraflı məlumat verib.

Sonra Braziliya Poçt Xidməti (Correios) tərəfindən “Braziliya-Azərbaycan Diplomatik Münasibətlər Seriyası” altında hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı və Braziliya Federativ Respublikasının Üç Hakimiyyət Meydanının fotosu olan poçt markalarının ilk buraxılışının təqdimatı keçirilib.

Markalar səfir Elnur Sultanov və Braziliya Poçt Xidmətinin vitse-prezidenti Morqana Kristina Santos tərəfindən möhürlənib. Mərasimdə çıxış edən M.Santos bu markaların Azərbaycan-Braziliya dostluğuna öz töhfəsini verəcəyini qeyd edərək, hər iki ölkənin Bayraq Meydanları haqqında məlumatlar verib.

Xüsusi ilə o, Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin Ginnesin Rekordlar Kitabına dünyanın ən hündür bayraq dirəyi kimi düşdüyünü və bu Meydanın Azərbaycanın sosial-siyasi həyatında mühüm rol oynadığını həmçinin, gələcək nəsillər üçün tarixi əhəmiyyət kəsb etdiyi qeyd edib.

Öz növbəsində səfir E.Sultanov bu layihənin həyata keçirilməsində Braziliya Poçt Xidmətinə təşəkkürünü bildirərək, bunun iki ölkə arasında əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra səfir M.Santosa Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş poçt markalarını hədiyyə edib.

Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycanın Dövlət Bayrağı Meydanının 2010-cu ilin 1 sentyabr tarixində keçirilmiş açılış mərasiminin videoyazısı nümayiş etdirilib.

Sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən hazırlanan Azərbaycan milli mətbəx nümunələrinin təqdimatı keçirilib.

Qonaqlara manqal salatı, qutab, dovğa, şah plov, ləvəngi, paxlava və digər məşhur milli yeməklərimiz təqdim olunub.

Tədbir zamanı “Bakı 2015” Birinci Avropa Oyunlarına həsr edilmiş hədiyyələr paylanıb və Avropa Oyunlarına aid video çarx nümayiş etdirilib.

Sözügedən tədbirdə Braziliya Xarici Əlaqələr Nazirinin siyasi məsələlər üzrə müavini Karlos Paranyos, ticarət və mədəniyyət məsələləri üzrə müavini Hadil Vianna, Braziliya parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və digər Braziliyalı rəsmilər, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, Braziliyadakı Azərbaycan icmasının üzvləri və ölkə mətbuatının nümayəndələri iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm