Yol Polisinin Avropa Oyunları ilə bağlı QAYDALARI - EKSKLÜZİV
Bizi izləyin

Qırmızı.az

Yol Polisinin Avropa Oyunları ilə bağlı QAYDALARI - EKSKLÜZİV

I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozanlara dövlət yol polisi əməkdaşları və xüsusi texniki vasitələr - videokameralar vasitəsilə nəzarət ediləcək.

Bunu Publika.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin zolaqlar üzrə avtomobillərin hərəkətinə bu gündən qadağa qoyulub və artıq az da olsa, qaydaları pozanlar var.

“Oyunlar ərəfəsində müfəttişlər daim həmin yolları nəzarətdə saxlayacaq. Hazırkı dövrdə isə zolaqlara videokameralarla yanaşı, ərazi üzrə xidmət aparan polislər nəzarət edir. Bu zolaqlar müəyyən sıxlığa səbəb olur. Lakin sıxlığın əsas səbəbi sürücülərin bir-birinə yol verməməsidir. Amma iyunun 1-dən həm ayrı-ayrı regionlardan gələn minik avtomobillərinin, həm də yük avtomobillərinin şəhərə daxil olmasına məhdudiyyət qoyulacaq. Hesab edirik ki, bu da bilavasitə tıxacların azalmasına səbəb olacaq”.

K.Əliyev onu da bildirdi ki, yük maşınları ilə bağlı qadağa ərzaq və kənd təsərrüfatı məhsulları gətirən maşınlara tətbiq edilməyəcək:

“Ərzaq, kənd təsərrüfatı, gündəlik tələbat məhsullarının gətirilib-aparılmasında heç bir məhdudiyyət olmayacaq. Həmin nəqliyyat vasitələri yükdaşıma qaydalarına riayət etməklə şəhərə daxil ola biləcək. Bu məhsulların minik avtomobillərində gündüz daşınmasında heç bir problem yoxdur. Lakin yük avtomobillərinin şəhərə daxil olmasına yalnız axşam 22:00-dan səhər saat 07:00-a qədər icazə veriləcək. Onlar axşam şəhərə daxil olub, məhsulları boşaldıb, səhər 06:00-a qədər paytaxtı tərk edəcəklər”.

K.Əliyev rayon qeydiyyatı olan maşınların paytaxta girişinin necə yoxlanılacağına da aydınlıq gətirib:

“Avtomobillərin nömrə nişanlarından onların paytaxt və ya rayon qeydiyyatı olduğunu müəyyən etmək olur. Bundan başqa, avtomobillərin kimlər tərəfindən idarə edilməsi barədə mərkəzi informasiya sistemində məlumatlar toplanıb. Bakı nömrəsi olan avtomobillərin kim tərəfindən idarə edilməsi ilə bağlı da məlumat var. Bu informasiyalar bizə paytaxta daxil olan maşınların qeydiyyatının hara olmasını müəyyən etməyə imkan verəcək. Lakin bu yoxlamanın konkret necə aparılması hələ ki açıqlanmır. Hazırkı durumda regionlarda yaşayan, rayon qeydiyyatında olan vətəndaşlarımıza Bakıya gələrkən fərdi avtomobillərindən istifadə etməməyi məsləhət görürük. Yaxşı olar ki, onlar ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər. Əvvəllər maşınla gələnlərin ictimai nəqliyyatdan istifadə edəcəyi nəzərə alınaraq, regionlardan Bakıya sərnişin gətirən avtomobillərin sayı artırılıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm