• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şəmsəddin Hacıyev işdən çıxarıldı

Şəmsəddin Hacıyev işdən çıxarıldı

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq.

Sərəncamda qeyd olunur ki, Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib.

Qeyd edək ki, Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

***

Xatırladaq ki, Şəmsəddin Hacıyev 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru idi.

****

1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur. 1993-1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996-2000-cı illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edir.

1980-cı ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999-2001-ci illərdə T.Şevçenko adına Kiyev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur.

2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.14. - "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.

1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər kitab, 4 dərslik və dərs vəsaiti, 60-dan çox elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 15 iqtisad elmləri namizədi, 1 elmlər doktoru hazırlanmışdır. Hazırda 7-dən çox aspirant və dissertantın elmi rəhbəri və 3 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir.

Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidenti olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının sədri, Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur.

2010-ci ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

10 Noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Evlidir, 1 övladı var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR