Əlvida, məktəb – “Son zəng”dən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Əlvida, məktəb – “Son zəng”dən FOTOREPORTAJ

Kədərli, sevincli, həyəcanlı, narahat, gərgin. Bu gün onların keçirdiyi hissləri ifadə etmək üçün bu sözlər də yetərli deyil. Amma bu hisslərini də gizlətməyə çalışmırlar, axı bu gün onların günüdür. Bu gün sonuncu dəfə zəng məhz onlar üçün çalınacaq.

Bu gün 5 günlük məktəblərdə tədris alan şagirdlər üçün son zəng çalındı.

126 saylı məktəbin 60 məzunu məktəbə hamıdan tez gəlmişdi. Heç olmadıqları qədər səliqəli, bəzək-düzəkli idilər. Hamının gözü onlarda idi.

Amma məktəb həyətində heç “Son zəng” əhvali-ruhiyyəsi yox idi. Şagirdlərdən öyrənirik ki, bu il tədbir əvvəlki illərdən fərqli olaraq akt zalında keçiriləcək, konsert proqramı olmayacaq. Bu qərar mayın 19-da Binəqədi rayon ərazisindəki binada baş verən yanğın zamanı həyatını itirmiş 15 nəfərin ruhuna hörmət əlaməti olaraq qəbul edilib.

İlk olaraq xüsusi geyimli məzunlar direktor Şəmsi Qocayevin otağına daxil olur. Direktorun məsləhət və arzularını eşidəndən sonra, bu gün üçün bəzənmiş akt zalına daxil olurlar. Zala yalnız valideyn və məzunların ən yaxın qohumlarının daxil olmasına icazə verilib.

Direktor Şəmsi Qocayev bu günlə bağlı arzu və diləklərini bizimlə bölüşür.

“Bu gün məzunların həyatında ən vacib günlərdən biridir. Onlar bir dövrü başa vurub, yeni həyata başlayırlar. Necə təhsil almaları və hansı vəzifədə olmalarından asılı olmayaraq, hər birinin əsl vətəndaş olmasını arzulayıram. Çünki diplom almaq əsas deyil, önəmli olan insan, vətəndaş olmaqdır. Hesab edirəm ki, biz məzunlarımızı əsl vətəndaş kimi yetişdirmişik. Həyatlarının ən önəmli günlərindən biri olmasına baxmayaraq, bir neçə gün əvvəl məlum hadisəyə görə, ölənlərin ruhuna hörmət əlaməti olaraq konsert proqramını ləğv etdilər. Bu, bir daha məzunlarımızı əsl vətəndaş kimi yetişdirdiyimizi sübut edən nümunədir”.

Bu ilki tədris ilinin məktəb üçün çox önəmli keçdiyini deyən direktor məzunlardan daha böyük nailiyyətlər gözləyir:

“Bu il şagirdlərimizin təhsil nəticələri qənaətbəxş olub. Bir sıra olimpiyadaların qalibi olmuşuq, atıcılıq üzrə üçüncü yerə layiq görülmüşük, futbol komandamız rayon birincisi olub. Təhsilin keyfiyyəti sahəsində də xeyli işlər görülüb. Son iki ildə ali təhsil müəssisələrinə qəbul olan şagirdlərimizin sayında artım olub. Ötən il bir məzunumuz 682 bal, ümumilikdə 6 məzunumuz 600-dən çox bal toplayıb. Bu il də ənənənin davam edəcəyini gözləyirəm. Məzunlarımıza inanıram”.

Hələ tədbirin başlamasına bir neçə dəqiqə qalıb, bu fürsətdən istifadə edib, günün qəhrəmanlarını ilə söhbətləşirik. Artıq tədbirdən əvvəl gözləri dolanlar var idi. Kimi məktəbə ilk gəlişini, kimi də 11 il ərzində keçirdiyi günləri xatırlayır.

11-ci sinfi bitirdiyi üçün çox sevinən Selcan Göyüşzadə psixoloq olmaq istəyir.

“Nəhayət, məktəbi bitirdik, çox sevinirəm. Bu gün 1-ci sinfə getdiyim günü xatırlayıram. Həmin gün çox kövrək idim, indi böyümüşük, yeni həyata atılırıq. Bütün sinif yoldaşlarımı bu münasibətlə təbrik edirəm”.

Riyaziyyat müəlliməsi olmaq istəyən Nuridə Allahverdiyeva çox kədərli görünür. Gözləri dolduğundan sadəcə dostlarına uğurlar arzulamaqla kifayətlənir.

Məktəbi bitirdiyinə görə çox kədərli olduğunu deyən Fidan Həzrətli şagird və müəllimlər qarşısında söz verdi:

“Bura sadəcə təhsil aldığımız yer deyil. İlk dostlarımızı da bu məktəbdə qazanmışıq. Bu dostluğumuz ömür boyu davam edəcək. Məktəb bizim üçün unudulmaz bir yer olacaq. İllər keçsə də, hər zaman məktəbimizə gələcəm, müəllimlərimizlə görüşəcəm”.

Məktəbdən ayrıldığı üçün çox kədərli olduğunu deyən, hətta bir az da ağlayan Ləman Səmədova 11 il onların zəhmətini çəkən müəllimlərinə təşəkkür etdi.

“Bütün 11-ciləri təbrik edirəm. İnşallah, qarşıdakı həyat hamımız üçün uğurlu olar. Bundan sonrakı həyatımızla bağlı arzularımız çoxdur, lakin birinci istəyimiz ali məktəbə daxil olmaqdır”.

Gələcəkdə millət vəkili olmaq istəyən Kamran Abbaslı bütün məzunlara ali məktəb təhsili almağı arzuladı:

“Çox həyəcanlıyıq, bir az da kədərli. Axı 11 ilimiz bu məktəbdə keçib. Burda çoxlu xatirələrimiz var. Həm sinif uşaqları arasında mehribanlıq olub, həm də müəllimlərimiz bizə qarşı qayğıkeş olublar. Ona görə, buradan ayrılmaq çətin olacaq. Amma həm də sevinirəm, inşallah, ali məktəbə qəbul olacağıq. Söz veririk ki, hər il mütləq məktəbə gəlib, müəllimlərimizlə görüşəcəyik”.

11a sinfinin sinif rəhbəri Minayə Cəfərova bütün şagirdləri öz övladı qədər sevdiyini deyir:

“Bu sinif hər zaman nümunə olub. Əsas istəyimiz məzunları vətəndaş kimi cəmiyyətə hazırlamaq olub və bunu bacarmışıq. 9-cu sinfə qədər bu sinifdə 13 əlaçı olub.22 ildir müəllimə işləyirəm, bütün şagirdlərim yaddaşımda bir xatirə ilə qalıb. Bu sinfi də hər zaman ən tərbiyəli şagirdləri ilə xatırlayacam”.

Valideynlər də ən azı şagirdlər qədər həyəcanlı idi. Onlar öz “Son zəng”lərini bugünkü tədbirlə müqayisə edir. Övladlarının bu gününü gördüklərinə xeyli şad görünürdülər.

“Hər bir valideyn kimi mən də çox həyəcanlıyam. Övladım orta məktəbi bitirir. Bundan sonrakı arzumuz ali məktəbə daxil olmasıdır. İnşallah, bu arzumuz çin olar”-ən az oğlu qədər sevincli görünən Mahir Əhmədov deyir.

İlk övladı məktəbi bitirən Gülüstan Zeynalova sevincinin hədsiz olduğunu deyir:

“Qızım bu gün məktəbi bitirir, onu 11 il əvvəl məktəbə gətirdiyim günü xatırlayıram. İndi artıq böyük qız olub, öz qərarları, istəkləri var. Allah hər kəsin övladını istəklərinə çatdırsın. Bizim də qızım üçün arzularımız, ümidlərimiz var, inşallah zamanla hamısı gerçəkləşər”.

Himnimizin çalınması ilə tədbir başlayır. Daha sonra tədbir iştirakçıları yanmış binada ölənlərin ruhunu bir dəqiqəlik sükutla yad edir. Tədbir direktor, müəllim və şagirdlərin çıxışı ilə davam edir.

Daha sonra 244 saylı məktəbə baş çəkdik. Məktəbin qarşısında xeyli qələbəlik idi. Valideynlər, məzunların yaxınları, şagirdlər içəri daxil olmaq istəsələr də, mühafizəçi polislər buna imkan vermirdilər. Səbəb kimi tədbirin keçirildiyi akt zalının kiçik olması göstərilirdi. Övladının sevincini görmək istəyən valideynlər kimi biz də bu tədbirə darvazanın arxasından baxmaqla kifayətləndik.

Qeyd edək ki, “Son zəng”lə əlaqədar olaraq bütün məktəblərin qarşısında polis nəzarət edir.

2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirir.

Gülxar Şərif

Fotolar Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm