• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yeni evlənənlərin nəzərinə!

Yeni evlənənlərin nəzərinə!

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, elmi təhqiqat institutları, Bakı və bölgələrdəki tibb müəssisələrinin, habelə Prenatal mərkəz və bəzi özəl tibb müəssisələri rəhbərlərinin iştirak etdiyi kollegiyanı giriş sözü ilə acan səhiyyə naziri O.Şirəliyev ilk olaraq nikaha daxil olan şəxslərin tibbi müayinəsi ilə əlaqədar çıxış üçün sözü Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verib.

G.Poladov Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi olduğunu bildirib: "Bu xəstəliyin ən çox Kipr, İtaliya, Türkiyə, Yunanıstan, Misir, İran, Pakistan, Hindistan və Çində yayılıb. Azərbaycan da bu xəstəliyə düçar olan vətəndaşlarımız var. Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 dövlət proqramı qəbul olunub və uğurla davam etdirilir. Son illər talassemiyaya ilə mübarizə istiqamətində də mühüm tədbirlər həyata keçirilib".

Şöbə müdiri vurğulayıb ki, problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu və şəxsən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısının alınması ilə bağlı əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Respublika Talassemiya Mərkəzi yaradılıb: "Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub, onların donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin olunub. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb".

G.Poladov görülən işlərə baxmayaraq, xəstəliyin müalicəsinin çətin olması, ailə və uşaq üçün həddən artıq üzücü olması, xəstələrin sayının artmasını hazırkı dövrdə əhali arasında talassemiyanın qarşısının alınması istiqamətində kompleks tədbirlərin aparılmasına zərurət yaratdığını qeyd edib: "Sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinədən keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında ” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq fərman imzalayıb. Fərmana əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minir".

Fərmanın icrası ilə bağlı, Nazirlər Kabineti 28 aprel tarixində müvafiq qərar verib. Qərara uyğun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilib. Qaydaya uyğun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcək. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Şöbə müdiri vurğulayıb ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

G.Poladov qeyd edib ki, qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər: "Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilirilməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur".

Qeyd olunub ki, arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

G.Poladov deyib ki, qarşıda qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılıb: "Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib. Bu tədbirləri Azərbaycan regionlarında Mərkəzi Rayon xəstəxanaları və ya Şəhər xəstəxanalarının, Şəhər Səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər. Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılıb və marşrutları müəyyən edilib. Eyni zamanda, Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılıb. Şöbə talassemiyanın təsdiqedici müayinələrin keçirilməsi üçün müasir standartlara uyğun bütün lazımi laborator avadanlıq və kadrlarla təmin olunub".

Səhiyyə Nazırliyinin 77 nömrəli əmrinə uyğun olaraq Rayon Mərkəzi xəstəxanaları və Şəhər Səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Yaradılan kabinetlərin həkimləri Akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda 2 həftəlik və Respublika Talassemiya Mərkəzində 1 həftəlik təlim kurslarında iştirak ediblər. Həmçinin bu həkimlər Hematologiya İnstitutunda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə qaydaları ilə bağlı təlimə cəlb olunublar. Bu müəssisələrin laboratoriya həkimləri isə yerlərdə skrininq testlərin aparılması üzrə müvafiq təlim keçiblər.

G.Poladov statistik rəqəmlərə nəzər salaraq bildirib ki, 2013-2014-cü illərin statistikası göstərir ki, bir ilə orta hesabla respublikamızda 85-90 min nikah qeydə alınır: "Bu isə 170-180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24%-i Bakı şəhərinin payına düşür, qalan 76% respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir".

Daha sonra səhiyyə naziri O.Şirəliyev nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımi tədbirlər yüksək səviyyədə hazırlanıb: "Yerlərdə bu işin səmərəliliyin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhvali-ruhiyyədə müraciət etmiş gənclər elə xoş əhvali-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər - bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır".

Nazir O.Şirəliyev daha sonra kollegiyanın ikinci mövzusu olan, Səhiyyə Nazirliyə daxil olmuş müraciət və təkliflərin, habelə "Qaynar xətt" xidmətinə daxil olmuş müraciətlərin araşdırılması mövzusunu önə çəkib. Səhiyyə Nazirliyinin tərkibində yaradılmış və əhalinin müraciətlərinin dinlənilməsi və qısa vaxt ərzində həll olunması baxımından nazirliyin tərkibində yaradılmış E-səhiyyə xidmətinin işinin təşkilindən danışıb. Nazir öz çıxışında dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb. O.Şirəliyev sonda bir daha Səhiyyə Nazirliyinin ünvanına daxil olan çoxsaylı minnətdarlıq müraciətləri ilə yanaşı, digər məktubların, o cümlədən, işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmaması, diqqətlə nəzərdən keçirilməsini və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR