Qənirə Paşayeva Tovuzda “Son Zəng” tədbirində - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Tovuzda “Son Zəng” tədbirində - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzda məktəblərdə ən yüksək nəticələrlə oxuyan şagirdlərlə görüşüb, onların təhsili, üzləşdikləri problemlərlə maraqlanıb və geniş fikir mübadiləsi aparıb.

Publika.az-ın məlumatına görə, söhbət zamanı millət vəkili bildirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz eyni zamanda öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir.

“Hər il Tovuz rayonundan ali məktəblərə daxil olan gənclərin sayında artımın olması bizi sevindirir” deyən Qənirə Paşayeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yekunlarına görə respublika üzrə 50 faizdən yuxarı qəbul göstəricisi olan 11 rayon arasında Tovuzun 3-cü yerdə olmasını, rayonun bu istiqamətdə nəticələrinin respublikanın orta göstəricisindən 2,6 faiz yüksək olmasını, hər il göstəricilərin daha da yaxşılaşmasını müsbət hadisə kimi dəyərləndirsə də, Tovuz gənclərinin daha böyük potensiala malik olduğunu və onların daha da çox təhsilə yönləndirilməsi istiqamətində müəllimlərin səylərini daha da artırmalı olduğunu bildirib. Hərbi məktəblərə daxil olan gənclərin də hər il artması və Tovuzun bu nəticələrə görə ön sırada olmasını müsbət hadisə kimi qiymətləndirən millət vəkili bu il bu göstəricilərin daha da artacağına inandığını deyib.

Rayon təhsil şöbəsinin rəhbərliyi bildirib ki, 152 gəncimiz artıq hərbi məktəblərə sənəd vermək üçün hazırlaşır. Q.Paşayeva bunu müsbət hadisə kimi qeyd edərək onlara uğurlar arzulayıb. Gəncləri dinləyən millət vəkili onlara müəyyən tövsiyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanları ətrafında da fikir mübadiləsi aparıb.

Millət vəkili Qənirə Paşayeva onlar üçün daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb: “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir şagirdimiz etməlidir. Lakin sizlərin ikiqat məsuliyyəti var. Çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var”.

Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi.

Sonda tələbələri maraqlandıran bəzi suallara cavab verilib və onların bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün görüş iştirakçılarına hədiyyələr və özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm