Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.

Azərbaycanda uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilib.

“Uşaq hüquqları” haqqında Qanunda uşaqların hüquq bərabərliyi, yaşamaq və inkişaf etmək hüququ, həyat və sağlamlığının mühafizəsi hüququ, ad və vətəndaşlıq almaq hüququ, tərbiyə almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan, fikir və söz azadlığı, məlumat azadlığı, ailədə yaşamaq hüququ, valideynləri ilə ünsiyyətdə olmaq hüququ, mənzil hüququ, valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik hüququ, təhsil almaq hüququ, yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ, istirahət hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ təsbit olunub.

Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.

Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə cəlb edilməsidir.

Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər görülür.

Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur.

Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm