Binaların həyətindəki ağacları kim suvarmalıdır? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Binaların həyətindəki ağacları kim suvarmalıdır? - ARAŞDIRMA

Bakıdakı bəzi binaların həyətlərindəki yaşıllıqların suvarılması üçün istifadə edilən su xətləri kəsilib. Sakinlərin Publika.az-a verdiyi məlumata görə, onların əsas narahatlığı həmin ərazilərdəki yaşıllıqların məhv olması ilə bağlıdır. Sakinlərin sözlərinə görə, xüsusən qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, ağacların su ehtiyacı daha yüksək olacaq.

Biz də sakinlərin bu narahatlığı ilə bağlı araşdırma apardıq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Publika.az-a açıqlamasında bəzi binaların həyətlərinə verilən su xətlərinin ləğv edilməsinə aydınlıq gətirib:

“Bu vaxta qədər binaların həyətlərindəki kranlar gün ərzində açıq qalırdı. Bu zaman istifadə olunan suyun pulunu heç kim ödəmirdi. Nəticədə, həmin pullar “Azərsu”nun itkilərinə yazılırdı. Bu da itkilərin həddən artıq artmasına səbəb olurdu. Buna görə də sistemləri yenidən qurduğumuz yerlərdə xətlərin hamısını ləğv etdik. Bakıda 8 mindən çox iki və daha çox mərtəbəli köhnə tikililər var. Hər hansı binanın həyətində kran 24 saat açıq qalırsa, bu, təxminən 1 ton su itkisi deməkdir”.

A.Cəbrayıllı bu ildən tətbiq edilən bu dəyişikliklə əlaqədar olaraq çıxış yolunun tapıldığını bildirib. Onun sözlərinə görə, sakinlər həyətlərində kran olmasını istəyirsə, bunun üçün “Azərsu”ya müraciət etməlidirlər. Artıq bir neçə rayonun sakinləri bununla bağlı bizə müraciət edib və həmin ərazidəki həyətlərə sayğac quraşdırılıb.

“Sakinlər həmin su ilə ağaclarını sulaya və istədikləri məqsədlə sudan istifadə edə bilərlər. İstifadə edilən suya görə ödənişi həmin binaların sakinləri edir. Onlar aralarında bu işə nəzarət edən bir nəfər müəyyən edir. Həmin şəxs vaxtında su pulunu toplayıb ödəniş edir. Bu vaxta qədər Qaradağ, Xətai, Nizami rayonlarından müraciət edən sakinlərlə yerli su kanal idarəsi arasında müqavilə bağlanıb, sayğac quraşdırılıb. Onlardan suyun kubuna görə, 0.3 manat alınır”.

Ağacların suvarılmasına görə ödənişin İcra hakimiyyətləri və ya bələdiyyələr hesabına ödənilməsinə gəlincə, A.Cəbrayıllı bildirib ki, adıçəkilən qurumların heç biri bu öhdəliyi üzərinə götürməyib.

Bəzi sakinlər könüllü olaraq ödəniş etməyə razı olsa da, bütün bina sakinlərindən eyni davranışı gözləməyimiz real görünmür. Belə olan halda həmin yaşıllıqlara kim nəzarət etməlidir?

Məsələ ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, paytaxtdakı yaşıllıqlar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin nəzarətindədir. Konkret qoyulan problemə gəldikdə, nazirlikdən bildirdilər ki, həmin ağaclara Yaşıllaşdırma İdarəsi və Mənzil İstismar Sahələri qulluq edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsindən isə bildirdilər ki, onlar yalnız parklardakı və yol kənarlarındakı yaşıllıqlara nəzarət edirlər. Binaların həyətlərindəki yaşıllıqlar ayrı-ayrı rayon icra hakimiyyətlərinin nəzarətindədir.

Bu cavabı əsas tutaraq paytaxtın bir neçə rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, yeni dəyişiklikdən sonra rayon ərazisindəki binaların həyətinə verilən su xətləri kəsilib. Bundan sonra həmin həyətlərdə ağacların suvarılması üçün xüsusi sayğac quraşdırılıb:

“Son vaxtlar rayon ərazisindəki məhəllə parkları yenidən qurulur. Onların yaşıllaşdırılması da diqqətimizdədir. Bundan sonra yaşıllıqların suvarılması sakinlər, bələdiyyə və mənzil istismar sahələri tərəfindən həyata keçiriləcək. Ödənişi konkret hansı tərəfin ödəyəcəyini deyə bilmərəm, yəqin ki, sayğac kimin adınadırsa, o da ödəyəcək. Amma bələdiyyə və MİS-lər bu işlə məşğul olursa, yəqin onların da ödənişdə rolu olacaq. Amma yaşıllıqların məhv olması mümkün deyil”.

Səbail Rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlili şöbəsindən bildirdilər ki, rayon ərazisində binaların həyətlərindəki su xətlərinin kəsilməsi ilə bağlı onlarda hər hansı məlumat yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm