Bu çimərliklər təhlükəlidir - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu çimərliklər təhlükəlidir - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərliklərdə aparılan monitorinqlərin nəticəsini açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlamış, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub. Qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Qeyd edək ki, Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm