“Azərbaycan Vikipediya”sından Tarix İnstitutuna cavab
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan Vikipediya”sından Tarix İnstitutuna cavab

“Vikipediyada təxribatçı addımları həyata keçirənlərin sayı az deyil, bu cür ziyanlı məqalələrin sayı yetərincədir. Vikipediya azad layihədir, bura dünyanın istənilən nöqtəsindən insanlar daxil olub, istədikləri məqalələri yaza bilərlər. Orada hansı qrup daha çox aktivdirsə, o cür məqalələr də yayılır”.

AMEA RH aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsindən Publika.az-a verilən məlumata görə, bu sözləri Azərbaycan Vikipediyasının adının açıqlanmasını istəməyən adminlərindən biri deyib.

Adminin sözlərinə görə, alimlərimiz Vikipediyadan istifadə baxımdan çox passivdirlər.

“AMEA institutlarının əməkdaşları fəal olmalı və təxribatçı məqalələrin yayılmasına qarşı əsaslı mübarizə aparmalıdırlar”.

Vikipediya adminin sözlərinə görə, bu gün Azərbaycan Vikipediyasında ağıllı insanların olmaması nəticəsində bu boşluğu savadsız, elmi biliyi olmayan radikal qruplar əvəz edir.

Xatırladaq ki, cənab Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində ictimai nəzarətlə bağlı əhəmiyyətli fikirlər söyləyib: “Qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər”.

Azərbaycan Vikipediyasında təxribatçı məqalələrə qarşı elm adamlarının əsaslı araşdırma işləri və mövqeləri olmalıdır, lakin AzVikidə vəziyyət isə hazırda çox acınacaqlıdır. Azərbaycanda vikipediya məqalələrinin yazılması ilə elm adamları yox, əksinə, elmi-tədqiqat işləri ilə heç bir əlaqəsi olmayan qeyri-peşəkarlar məşğul olur. Bununla yanaşı, elm adamlarının internet məkanında planlı mübarizə metodları təəssüflər olsun ki, hələ formalaşmayıb.

“Mən Vikipediyadakı təxribatçı addımlardan xəbərdaram, bununla bağlı sosial şəbəkədə informasiya yaymışdım. Lakin bəzi qruplarda məni təhqir edib, məhkəməyə verməklə təhdid etdilər. “Azərbaycanda LGBT tarixi” adlı məqalənin Vikipediyada yayılmasına qarşı çıxmışdım. Lakin bildiyiniz kimi Vikipediyada 15 admin var, məqalənin yayılması üçün onların yekun rəyi olmalıdır, bir nəfərin etirazı məsələni həll etmir. Lakin Vikipediyada adminlərin hamısı aktiv deyil və onlar müzakirələrə qoşulmaq istəmirlər. Bununla da bir növ “cinayətkara dəstək” vermiş olurlar”,- deyə Vikipediya administratoru bildirib.

Daha sonra AzViki-nin administratoru bildirdi ki, ümumiyyətlə, hər hansı məqalə yayılmadan əvvəl səsvermə keçirilir, “Azərbaycanda LGBT tarixi” adlı məqalənin yayılması o deməkdir ki, həmin fikri dəstəkləyənlərin sayı vikipediyada daha çoxdur. Belə yazıların qarşısı alınmazsa, bu məzmunlu məqalələrin sayı artacaq.

Bu məqalələrin artma sayının qarşısının alınmasına gəlincə, administrator vurğulayıb ki, bu, tək vikipediyaçıların deyil, elmi tədqiqat institutlarının, elm adamlarının işidir.

Qeyd etmək lazımdır ki, Avropa oyunları ərəfəsində Vikipediyada həmçinin Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərinə, mənəviyyatına qarşı təxribatlara başlanılıb. Bildirək ki, son günlərdə bununla bağlı AMEA Tarix İnstitutunun mətbuat xidməti bu təxribatlara qarşı öz haqlı və əsaslı etirazını KİV-də və xəbər portallarında yayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm