“McDonalds”ın Ukrayna zavodundan REPORTAJ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“McDonalds”ın Ukrayna zavodundan REPORTAJ/FOTOLAR

“McDonalds” şirkətinin Azərbaycan nümayəndəliyi ölkənin əsas xəbər agentliklərinin əməkdaşlarının Ukraynaya 2 günlük səfərini təşkil edib. Səfər brendin yerli filiallarında satılan ət məhsullarının keyfiyyətini əhaliyə çatdırmaq məqsədi daşıyıb. Səfər çərçivəsində jurnalistlər “McDonalds” üçün ət istehsalını həyata keçirən zavodda olublar.

Harada “OSI Food Solution” görsəniz, bilin ki...

Məlumat üçün qeyd edək ki, “McDonalds” üçün ət məhsulları istehsal edən zavod Ukraynanın paytaxtı Kiyevdən 4 saatlıq məsafədə yerləşir. Ukraynanın Kazatin şəhərində fəaliyyət göstərən “OSI Food Solution” adlanan zavodun fəaliyyəti barədə korporasiyanın Ukrayna nümayəndəliyinin rəhbəri Aleksandr Çernovul məlumat verdi.

Beləliklə, “OSI Food Solution” 1997-ci ildən fəaliyyət göstərir. “OSİ Food Gourp”a daxil olan iki şirkətdən biridir. Qeyd edək ki, digər şirkət - “OSİ Food Work” sırf ətin seçilməsi, kəsimi və hissələrə ayrılması ilə məşğul olur.

Dünyanın istənilən yerində “OSI Food Solution” adlı şirkət görsəniz, bilin ki, bu, yalnız “McDonalds” üçün ət məhsulları istehsal edir. Sırf mal əti istehsalı ilə məşğul olan şirkət kotletlərin və bif rolların hazırlanması ilə məşğuldur.

Şirkətdə ümumilikdə 49 işçi çalışır. İdarəedicilər Kiyevdə, əsas işçi heyət isə Kazatində fəaliyyət göstərir. Zavodun iş rejimi 3 növbədə qurulub. Birinci və ikinci növbə istehsalatla məşğul olursa, üçüncü növbənin çalışanları sırf təmizlik işləri həyata keçirir.

Məqsəd keyfiyyətli və təmiz məhsul istehsal etməkdir

Keyfiyyətli və təmiz məhsul onlar üçün əsas şərtdir. Bunun üçün nə lazımdırsa, edilir. Bunu öz gözlərimizlə görmək, nəhayət, içəri girmək üçün şərait yarandı. Lakin bu, elə də asan olmadı. Qarşıda bizi sərt gigiyenik qaydalar gözləyirdi. Hansı ki, zavoda daxil olan hər bir işçi hər gün bunu etməlidir və edir.

Beləliklə, hər bir jurnalist sadə işçinin keçdiyi gündəlik gigiyenik prosedurdan keçdi. Bunun üçün əvvəlcə xüsusi geyimlə təchiz olunduq. Əllərimizi xüsusi sabun və antibakterial maye ilə yuduq. Əllərimizdən sonra ayaqlarımızın təmizliyinə nəzarət başladı. Belə ki, içəri girər-girməz ayaqlarımızın altına hər hansı tullantı yapışması ehtimalına qarşı xüsusi tədbir görüldü. Belə ki, ayaqların altını təmizləyən xüsusi qurğunun üzərindən keçib içəri girdik.

Bura həddən artıq soyuqdur... Hətta o qədər soyuqdur ki, bir neçə dəfə isinmə hərəkətləri etməli oldum...

Ətrafa göz gəzdirdim. Hər tərəf tər-təmizdir. Bir xanım xüsusi avadanlığın köməyi ilə ətləri ayırır. Ətrafında olanlara heç fikir vermədən üzərinə düşən vəzifəni icra edir. Əvvəlcə elə bildim ki, utanır... Sonradan məlum oldu ki, onların iş prinsipi belədir: heç kəs diqqətini işindən ayırmır. Çünki əsas məqsəd keyfiyyətli və təmiz məhsul istehsal etməkdir.

Dairəvi kotletlər

Təmiz ət xüsusi qablara doldurulur. Dairəvi kotletlərin hazırlanması üçün xüsusi avadanlığa yerləşdirilir. Bundan sonra hazır kotletlər bir işçinin nəzarəti ilə uzun bir yol keçir. Həmin işçi onların görünüşünə xüsusi fikir verir. Bəyənmədiyi kotletləri bir-bir yığır və təkrar istehsalata göndərir.

Bəs onun xoşuna gəlməsi üçün kotletlər necə olmalıdır? Sən demə, “McDonalds” kotletləri ideal dairəvilikdə olmalıdır. Azca fərq mütləq sıradan çıxmalıdır.

Hələ bu da son deyil... Kotletlər qutulara doldurulmazdan əvvəl tərkibində sümük olub-olmaması üçün xüsusi cihazla da yoxlanılır. Həmin cihaz kotletin tərkibində sümük və ya digər yad cismi aşkar edərək xüsusi qaba atır.

“McDonalds” dadı damağımızda...

Nəhayət, müxtəlif “McDonalds” restoranlarına göndərilmək üçün qablaşdırılan kotletlərin saxlanıldığı soyuducuda da olduq. Təsəvvür edin, mənfi 18 dərəcə soyuq...

Dayanmaq belə mümkün deyil... Dözməyib xahiş etdim ki, buradan tez çıxaq. Deyəsən, donmağımızı nəzərə alıb bizi zavodun laboratoriyasına dəvət etdilər. Burada ayaqüstü “McDonalds” ətinə qonaq olduq. Nə yalan söyləyim, dadı hələ də damağımdadır. Xüsusilə də, bif rollun.

Qeyd edim ki, kotletlər 100 faiz mal ətindən hazırlansa da, bif roll xüsusi ədvalar və soğanla hazırlanır.

İstehsaldan alıcıyadək mənfi 18 dərəcə...

Gördüklərimizdən sonra yenidən Aleksandr Çernovul, “McDonalds” Azərbaycanın keyfiyyətə nəzarət üzrə meneceri Anar Osmanov və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Bayramov bizim suallarımızı cavablandırdı.

Məlum oldu ki, zavoda daxil olan istənilən ət məhsulu keyfiyyətin yoxlanılması üçün müxtəlif testlərdən və yoxlamalardan keçir. Daimi nəzarət şirkətin əsas iş prinsipidir. Məsələn, hazırlanan kotletlər 12 dəqiqə ərzində dondurulur. Dondurulmuş məhsullar Azərbaycana temperatur dəyişmədən elə həmin formada çatdırılır. Buna nəzarət etmək üçün yükdaşıma ilə məşğul olan şirkət maşınlarına uzaqdan da nəzarət edilməsi mümkün olan termometrlər qoyulur. Əgər temperatur mənfi 18 dərəcədən aşağı düşsə, mütləq həmin məhsul geri qayıdır.

Yəqin, sizə də maraqlıdır ki, bəs tonlarla geri qayıdan məhsulun taleyi necə olur? Bu, bizim də diqqətimizi çəkdi. Belə məlum oldu ki, həmin məhsul konserv və ev heyvanları üçün yemək hazırlayan şirkətlərə satılır.

Anar bəy onu da əlavə etdi ki, zavodda olan soyuduculardan bütün “McDonalds” restoranlarında var. Odur ki, məhsul alıcıya çatana kimi öz keyfiyyətini saxlayır.

Bir haşiyə də çıxım. Bakıya gələn kimi ilk istirahət yerim ailəliklə “McDonalds”da yeyib-içmək oldu. Nəhayət ki, doyunca bif roll yedim... Təşəkkürlər, “McDonalds”!

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm