ABŞ-ı üstələmiş tədqiqatlar, kosmosdakı “Nizami”, “Cavid”, “Maqomayev” – Şamaxı Rəsədxanasından reportaj - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

ABŞ-ı üstələmiş tədqiqatlar, kosmosdakı “Nizami”, “Cavid”, “Maqomayev” – Şamaxı Rəsədxanasından reportaj - FOTOLAR

Uçan xalça, səmadakı bəxt ulduzları, xeyirxah Günəş bizim uşaqlıq nağıllarımızın əsas qəhrəmanlarından, personajlarından idi. Çox-çox qədimlərdə padşahlar ulduzların onlara nələr vəd etdiklərini öyrənmək, talelərini müəyyənləşdirmək, yuxularını yozmaq üçün saraylarında münəccimlər saxlayardı. Bunları nağıllardan oxuyardıq. İllər, əsrlər keçdi, mifik sandığımız, nağıl bildiyimiz xəyallarımız gerçək oldu.

Sürətlə inkişaf edən astronomiya elmi artıq planetlərin, ulduzların, kosmosun sirrini öyrənməyə, bu sahədə böyük tədqiqatlar, araşdırmalar aparmağa imkan verdi.

Azərbaycan astronomiya elmi orta əsr Azərbaycan astronomu Nəsirəddin Tusinin adı ilə bağlıdır və XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanasının hesabına şöhrət tapıb.

Müasir proqram əsasında fəaliyyətini davam etdirən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası əsas işini səma cisimlərinin tədqiqatı istiqamətində qurmaqla yanaşı, son vaxtlar diqqəti daha da cəlb edən seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, Günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətini, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsirini tədqiq edir, hərtərəfli öyrənir. Təkcə bir faktı qeyd etmək yerinə düşər. Beynəlxalq Astronomiya İttifaqı Mars planetinin kraterinə alim Nadir İbrahimovun adını verib. Habelə üç asteroidə “Nizami Gəncəvi”, “ŞAR” (Şamaxı Astrofizika Rəsədxanası – müəl.), “Azərbaycan” adları verilib.

Publika.az-ın əməkdaşı öz fəaliyyəti ilə dünyanın bir sıra rəsədxanalarını üstələyən, astronomiya elminə böyük töhfələr vermiş Şamaxı Astrofizika Rəsədxanasında olub, astrofiziklərimizin bir iş günü ilə bağlı reportaj hazırlayıb.

3 min il sonrakı Günəş tutulmasını tarixini öyrənə bilirik

Şamaxının mərkəzindən bir neçə kilometr kənarda yerləşən, geniş düzənlikdə fəaliyyət göstərən rəsədxana təbiət qoynunda yerləşir. Diqqətimizi ilk olaraq rəsədxananın müasir tələblərə uyğun, yeni təmirdən çıxmış inzibati binası, kitabxana, muzey, yardımçı otaqlar, böyük teleskoplar, habelə yaşıllıq sahələri, turistlər, respublikamızın ayrı-ayrı şəhərlərindən rəsədxanaya ekskursiyaya gələn məktəblilər, müəllimlər cəlb etdi. Bura gələnlərin əksəriyyəti daha çox teleskoplara maraq göstərirdii. Kitabxanaya muzey əşyası kimi qoyulmuş ilk (30 santimetrlik) teleskop, astrofizikaya dair elmi ədəbiyyatlar, avadanlıqlar xüsusi maraq kəsb edirdi.

Ümumilikdə 147 işçisi olan Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 53 elmi işçi çalışır. Elmi işçilərin təxminən 25-i sırf səma cisimlərinin müşahidəsi ilə məşğuldur. Rəsədxananın gündəlik fəaliyyəti, iş qrafiki və strukturu barədə məlumat verən elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirdi ki, burada səma cisimlərinin müşahidələri gecələr həyata keçirilir: “Çalışdığımız müşahidə cihazı ulduz teleskopu olduğundan müşahidələr axşam hava qaraldıqdan sonra başlayır və səhər hava işıqlaşana qədər davam edir. Hələlik tam işə salınmayan Günəş teleskopunda isə müşahidələr gündüzlər aparılacaq. İndi həmin teleskopun modernizasiyası həyata keçirilir”.

Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun pavilyonundakı avadanlıqlar marağımıza səbəb olduğundan elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bu cihazlar və avadanlıqlar barəsində bizə ətraflı məlumat verdi. Ümumilikdə rəsədxanada 6 teleskop mövcuddur. Lakin onlardan 3-ü tam gücü ilə fəaliyyət göstərir: “Növbə ilə digər teleskopları da işə salacağıq. Onlardan dördü ulduz, ikisi isə Günəş teleskoplarıdır. Biri 2 metrlikdir. Digəri 60 santimetrlik, Almaniya istehsalı, “Seys-600” teleskopdur. Həmin teleskop ulduzlardan gələn enerjinin müxtəlif rənglərdə qiymətləndirilməsi ilə məşğuldur. Rusiya istehsalı olan 70 santimetrlik teleskopla fotometrik və fotoqrafik müşahidələr həyata keçirilir. 35 santimetrlik teleskop müşahidə sahəsinin böyüklüyü ilə seçilir. Həmin teleskop çox böyük bucaq altında müəyyən sahəni müşahidə etdirə bilir. Qiymətli müşahidə cihazı sayılan bu teleskop gələn il işə salınacaq. Onunla göyü monitorinq etmək mümkün olur”.

Ulduz teleskopları ulduzların, qalaktikaların, planetlərin müşahidəsi üçündür: “Günəş teleskopu isə iki yerə ayrılır - üfüqi və xronosfer-fotosfer teleskopları. Üfüqi Günəş teleskopunda Günəşin, onun səthindəki ləkələrin spektri alınır və spekullar öyrənilir. Xronosfer-fotosfer teleskopunda isə Günəş alışmalarının izlənilməsi üçün patrul müşahidələri aparılır”.

Xıdır Mikayılov bildirdi ki, Günəş, Ay tutulmalarının öyrənilməsi dəqiq proqramlarla həyata keçirilir: “Hətta bəzi proqramlar bir neçə min il bundan sonra baş verə biləcək prosesləri əvvəldən öyrənməyə imkan verir. İndi elə texniki imkanlar var ki, hətta tutulmaları hesablamaq vaxt aparmır. İstənilən şəxs ingilis dilində Ay tutulması sözlərini yazsa, həmin proqramlarla tanış olub bunun vaxtını müəyyənləşdirə bilər. Bizim kompüterimizdəki proqrama əsasən 3 min il bundan sonra baş verə biləcək prosesləri qabaqcadan izləmək mümkündür. O ki qaldı müşahidəyə, Günəş tutulmasını xüsusi teleskoplar vasitəsilə öyrənirik. Günəş tutulması zamanı onun tacının müşahidəsi, o cümlədən tacda baş verən proseslər xüsusi olaraq aparılır. Günəşin diskinin parlaqlığı tacın parlaqlığından qat-qat çox olduğuna görə biz onu görmürük. Buna görə tacı müşahidə etmək üçün xüsusi olaraq süni Günəş tutulması yaradılır. Lakin ən yaxşı hadisə təbii Günəş tutulmasıdır”.

Bu mənada Günəş tutulmasının astronom üçün əhəmiyyəti var. Xıdır Mikayılovun sözlərinə görə, psixoloji cəhətdən zəif olan bəzi insanlar Günəş tutulmaları zamanı vahimə içində olur, stress keçirirlər. Halbuki bu, adi prosesdir: “Günəş tutulmalarının insan üçün heç bir təhlükəsi yoxdur. Bu, adi təbiət hadisəsidir və ona hazır olmaq lazımdır”.

“Marsın səthinin xəritəsini ilk dəfə biz teleskopla tərtib etdik”

Rəsədxananın iş qrafiki barəsində suallarımızı cavablandıran Xıdır müəllim cihazların nizamlanması ilə məşğul olduqlarını qeyd etdi: “Axşam ulduzu müşahidə edəcəyik. İndi prosesə hazırlıq işləri görürük. Biz mövsüm ərzində bu cür hazırlıq proseslərini bir neçə dəfə həyata keçiririk. Teleskopları adətən güzgülərini ölçülərinə görə adlandırırlar. Rəsədxanadakı teleskopun güzgüsü 2 metr uzunluğunda olduğundan onu 2 metrlik teleskop adlandırırlar. Bu, təkcə rəsədxanada deyil, ümumiyyətlə, Azərbaycanda ən böyük teleskopdur. Alman istehsalı olan əsas ulduz teleskopu Azərbaycana 1964-cü ildə gətirilsə də, 1966-cı ildə quraşdırılaraq istifadəyə verilib. Onun ulduz teleskopu olmasına baxmayaraq, həmin cihaz vasitəsilə qalaktikaların, planetlərin geniş müşahidələri aparılıb”.

Bu, ötən əsrin 60-cı illərinin sonu -70-ci illərinin əvvəllərində böyük müşahidə avadanlıqlarından hesab edilirmiş. Planetlərin çoxlu sayda fotolarının çəkilməsində həmin teleskopun müstəsna əhəmiyyəti var.

Bu arada Şamaxı Astrofizika Rəsədxanasının dünya astrofizika elminə bəxş etdiyi töhfələri qeyd etmək yerinə düşər: “Məsələn, Mars planetinin 2000-dən artıq fotosu məhz 2 metrlik teleskop vasitəsilə çəkilib. İlk dəfə məhz Şamaxı Astrofizika Rəsədxanasının həmin teleskopu ilə çəkilən şəkillər vasitəsilə Marsın planet səthinin xəritəsi tərtib olunub. Nadir İbrahimovun həmin elmi nailiyyətdəki xidmətləri nəzərə alınaraq Mars planetindəki kraterə azərbaycanlı alimin adı verilib. Nadir İbrahimov məhz həmin teleskop vasitəsilə uğurlara imza atıb. Bu, Azərbaycan elminin nailiyyətidir”.

2 metrlik teleskop kabinə - yardımçı qurğu ilə təchiz edilib. Lakin müşahidəçilər az-az hallarda kabinədən yararlanırlar. Teleskopun özünün çəkisi 85, güzgüsünün ağırlığı isə 3,5 tondur. Onun yerləşdiyi kupol – günbəz (200 ton ağırlığında) iki istiqamətdə fırlanır. Teleskopun yerləşdiyi bina operator, müşahidəçi, köməkçi, habelə digər otaqlar, eləcə də teleskop üçün lazım olan yardımçı otaqlarla təchiz edilib. Rəsədxana AMEA-nın dəstəyi ilə yeni avadanlıqlar, o cümlədən optik lifli cihazlar, molekulyar vakum nasosu, güzgüləri nizamlayan qurğular alıb. Bu arada qeyd edək ki, dünyada cəmi 4 ədəd olan müasir işıq qəbuledicisi - SD kameralardan biri məhz rəsədxanadadır.

Azərbaycan elminin kəşfini amerikanlar ancaq 10 il sonra üzə çıxardılar

Şamaxı Astrofizika Rəsədxanasının tarixi nailiyyətləri bunlarla yekunlaşmır: “Yupiter planetinin İo peykinin fotoları da məhz rəsədxanadakı teleskop vasitəsilə çəkilib. Həmin dövrlərdə iddia olunurdu ki, bu peyklər hərəkətsizdir. Lakin rəsədxanada çəkilən fotolar zamanı ilk dəfə müəyyən edildi ki, orada vulkanik püskürmələr baş verir. ABŞ-ın planetlərarası kosmik aparatları 10 il sonra, yaxından çəkdiyi fotolar ilə Azərbaycan elminin bu kəşfinin doğru olduğunu təsdiqlədi”.

Şamaxı Astrofizika Rəsədxanasının dünya elmi qarşısındakı misilsiz xidmətləri bununla yekunlaşmır. Rəsədxananın ən böyük teleskopu vasitəsilə müəyyən edilib ki, ulduzlarda qısamüddətli dəyişmələr baş verir: “Bu dəyişikliklər bir neçə saniyəyə baş verir. Nəhəng ulduzlarda bu prosesin baş verməsi əvvəlcə şübhə doğursa da, sonradan iddialar təsdiqini tapdı. Habelə rəsədxanada aparılmış müşahidələr nəticəsində bəzi ulduzlarda maqnit sahəsinin olduğu aşkarlanıb. Bir sözlə, rəsədxanada aparılmış işlər dünya elminə mühüm töhfələr bəxş edib”.

Hazırda asteroidlərdən biri Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin adını daşıyır: “Rəsədxananın və Əyyub müəllimin gördüyü işlər nəzərə alınaraq asteroidlərdən birinə direktorun adı verilib. Qeyd edim ki, asteroidlərə astronomiya elmində xidməti olanlarla yanaşı, xidməti olmayanların da adları verilir. Məsələn, Nizami Gəncəvi, Hüseyn Cavid, Müslüm Maqomayevin adlarını daşıyan asteroidlər var. Bütün bunlar bizim rəsədxananın ümumi fəaliyyətinin qiymətləndirilməsi deməkdir”. O ki qaldı yeni elmi kəşflərə, bu, bir saatın ərzində də ola bilər, onilliklər müddətində də. Səmada yeni kəşflərin əldə edilməsi üçün intensiv və müntəzəm müşahidələrin aparılması lazımdır. Bunun üçün səmanın uzunmüddətli monitorinqi tələb olunur.

Bəs hazırda rəsədxananın əsas fəaliyyət istiqamətləri, sadə dillə desək, əsas işi nədən ibarətdir? Xıdır Mikayılov bildirdi ki, azərbaycanlı astrofiziklər bir sıra elmi kəşflərin əldə edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər: “Biz hal-hazırda ulduzların tədqiqi sahəsində işləyirik. Bu istiqamətdə xüsusi qrupumuz fəaliyyət göstərir. Günəş fizikası şöbəsi Yerə yaxın ən böyük ulduzun tədqiqatı, habelə Günəş plazmasının fizikasının öyrənilməsi ilə məşğuldur. Bu, gələcəkdə ulduzların tədqiqi üçün böyük əhəmiyyətə malikdir. Habelə Günəş-Yer əlaqələri şöbəsi Günəşdə baş verən proseslərin Yerə təsirini öyrənir. Astronomiya elmi 100, 1000 illərə hesablanmış tədqiqat sahəsidir. Bunun bəhrəsi bir əsrdən də sonra ola bilər, min ildən sonra da. Ötən əsrin əvvəllərində Siolkovski tərəfindən raketin kəşfi sonda kosmosun kəşfinə, uçuşlara səbəb oldu. İndi kosmosdan kənara çıxıb planetlərin səthinə müşahidə aparatları göndərilir. Bu yaxınlarda “Razvedka” adlı aparat Gerasimov kometinin səthinə qonub onun tərkibinin, temperaturunun öyrənilməsini həyata keçirdi. Bütün bunlar kənardan adi görünsə də, əslində, həmin tədqiqatlardan birinə 4 milyard dollar vəsait tələb olunur”.

Bu proseslər ölkə prezidenti İlham Əliyevin 2008-ci ilin sentyabrında Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması və təmir olunması haqqında imzaladığı sərəncamdan sonra yeni mərhələyə qədəm qoyub. Maddi-texniki bazası yenidən genişləndirilən rəsədxananın 2 metrlik teleskopunun modernizasiyası həyata keçirilib və binası təmir edilib: “İndi teleskop kompüter vasitəsilə idarə olunur. Rəsədxananın işçiləri onu müvafiq otaqdan asanlıqla idarə edirlər: “Ulduzların koordinatlarını komüterdən verəndə teleskop da avtomatik olaraq həmin ulduza yönəlir. Artıq teleskopun arxasında dayanmağa heç bir ehtiyac yoxdur. Çünki bu işlərin hamısı avtomatlaşdırılaraq asanlaşdırılıb”.

Rəsədxananın elmi işlər üzrə direktor müavini son illər tez-tez yerli və xarici mətbuatın gündəmini zəbt edən Yer planetinin asteroidlərlə, kometlərlə toqquşması təhlükəsi məsələsinə də aydınlıq gətirdi: “Asteroid, komet təhlükəsi ola bilər. Amma bunun üçün xüsusi müşahidələr aparılır. Biz də çalışırıq ki, rəsədxanamızda bununla bağlı müəyyən işlər aparaq. Yeni işə salacağımız teleskopla asteroid, komet təhlükəsini izləmək mümkün olacaq. Biz özümüz də onun Yer kürəsinə hansı məsafədən yaxınlaşacağını, hardan keçəcəyini, planetimizə təhlükəsinin olub-olmamasını müəyyən edə bilirik. Qeyd edim ki, bir sıra dövlətlər, məsələn ABŞ (NASA) bu istiqamətdə külli miqdarda pullar xərcləyir. Əgər hər hansı asteroidin Yer planeti ilə üzləşmək təhlükəsi olsa, onun səthinə qonub xüsusi partlayış törətmək, parçalamaq, həmin cisimlərin başqa istiqamətə yön almasını reallaşdırmaq mümkündür. Qənaətimcə, Yupiter kimi nəhəng planet heç vaxt imkan verməz ki, hər hansı asteroid tərəfindən Yerə təhlükə yaransın. Yupiter ikinci Günəş, ulduz olmalı idi, amma bu proses yarımçıq qaldı. Həmin planet çox güclü cazibə sahəsinə malikdir. Hər hansı asteroid Yer planetinə yaxınlaşsa, Yupiter onu güclü cazibə qüvvəsi ilə özünə sarı çəkəcək. İldən-ilə Yupiterin ətrafındakı peyklərin sayının artması onun güclü cazibə qüvvəsinə malik olduğunu sübut edir. Bu səbəbdən hansısa nəhəng səma cisminin Yer kürəsinə təhlükə yaradacağına inanmıram. Əgər belə bir təhlükə yaransa belə, əvvəlcədən onun qarşısını almaq mümkün olur.

Yer atmosferinə daxil olanlara (onlar yanır) meteor, planetimizin səthinə düşənlərə isə meteorit deyilir. Meteoritlər tam yanmadığından planetimizə düşür. Gün ərzində Yerə yüzlərlə, minlərlə kiçik səma cisimləri istiqamətlənir. Bunlar arasında asteroidlər, kometlər və onların qalıqları, meteoritlər var. Onların ölçüləri bir neçə millimetrdən bir neçə kilometrə qədər dəyişir. Yeri gəlmişkən, ötən əsrin 50-ci illərində Yardımlıya düşmüş 127 kiloqramlıq meteoritin bir hissəsi məhz Şamaxı rəsədxanasında (bir hissəsi isə tədqiq olunmaq üçün Rusiyaya aparılıb) saxlanılır”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm