Xanım yazar: “Mənə yeni insan lazımdır, öz “kopyam” deyil”
Bizi izləyin

Qırmızı.az

Xanım yazar: “Mənə yeni insan lazımdır, öz “kopyam” deyil”

Yazar Səhər Əhmədlə müsahibə.

Qadın, yoxsa şair. Hansı çətindir?

Hər ikisi, yaxşı qadın həm də bir az şair olmalıdır, yaxşı şair də bir az qadın. “İkisi birində” isə lap çəkilməz olur.

Hansı nəqliyyatdan istifadə edirsiniz? Metro, avtobus, taksi?

Yeri gəldikcə hamısından. Üstəgəl də şəxsi maşın.

Qadını anlamaq yox, sevmək lazımdır. Ümumiyyətlə, kişilər niyə sizi çözməyə çalışırlar?

Təkcə kişilər qadınları yox, elə qadınlar da kişiləri çözməyə çalışır. Əslində, təbiidir. Qarşılıqlı anlaşma şəraitində yaşamaq zorundadırlar axı. Ən azından bir ailəni idarə eləmək lazımdı. Təsəvvür et ki, bir ölkəni iki prezident idarə edir. Necə olar? Və yaxud da sevgi adlı konstitusiyasız bir münasibət. Daim bir-birini çözmək tələb olunur. Amma mən bunu türkün sözü, abartmağın əleyhinəyəm. “Bütün kişilər”, “Bütün qadınlar” ifadəsinə qıcıq oluram. Yazmışam bunu - Mənim öz düsturum var; insanlıq-kişiliyin (mərdliyin) və qadınlığın (zərifliyin) cəminə bərabərdir. Burda toplananların yerini dəyişəndə cəmin heç tini də tərpənmir. Çünki cinsin insanlığa dəxli yoxdur.

Deyirlər ki, hər valideyn öz oğlunu görmək istədiyi kimi xatırlayır. Uşaqlarınızı özünüzə bənzətməyə çalışırsız?

Yox. Onları yaxşı insan kimi yetişdirməyə çalışıram. Əlbəttə, istəyirəm məziyyətlərim olsun onlarda, amma qüsurlarım yox. Mənə yeni insan lazımdı, öz “kopyam” deyil.

Vətən, yoxsa ədəbiyyat?

Ədəbiyyat! Ən azından ədəbiyyat uğrunda ölüb-öldürməyə ehtiyac yoxdu.

Azərbaycan kişisini necə görmək istəyərdiniz?

Yenə deyirəm, mən insanlığı cinsə, ölkəyə bölmürəm. Ümumilikdə insanı ucada görmək istəyirəm. Nəsimi kimi.

Səni bu hüsnü camal ilə, kamal ilə görüb,

Qorxdular həqq deməyə, döndülər insan dedilər.

Doğrudan da, bu kamalın yiyələri niyə kamil ola bilmir, hələ də aktual mövzudu.

Uşaqlığınıza səyahət etsəniz, sizi harda tapa bilərik?

Hansısa küncdə, gözdən uzaq yerdə, kitabların, saralmış qəzetlərin içində eşələnəndə, ya bir atəşböcəyi, ya bir çiçəklə oynayan yerdə.

Freydə görə xatirələr insana əzab verir. Xatirələrinizdən xilas olmaq istərdiniz?

Hərdən çox istəyirəm. Amma bu mümkün deyil. İnsanın yeganə sərvəti xatirələrdi, onlarsız çox yoxsul olarıq.

Son sualın yerinə, sizə gül bağışlasam, olar?

Əlbəttə, olar. Suallardan bezmişəm, güllərdənsə yox. Üstəlik də bu gün doğum günümdü.

Söhbətləşdi: Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm