Uşaq evindəki uşaqlara ödənişlər onların bank hesabına köçürüləcək - QƏRAR
Bizi izləyin

Qırmızı.az

Uşaq evindəki uşaqlara ödənişlər onların bank hesabına köçürüləcək - QƏRAR

Nazirlər Kabineti “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib.

Publika.az xəbər verir ki, sənəd “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və uşaq evlərinin təşkilinin, fəaliyyətinin sosial, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.

Uşaq evləri Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial xidmət haqqında” qanunlarına uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının (şəhər rayonu istisna olmaqla) tabeliyində yaradılır. Bu Nümunəvi Nizamnamə hər bir uşaq evi üçün nizamnamənin hazırlanması üçün əsas hesab edilir. Uşaq evləri irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olan sosial xidmət müəssisələridir.

Uşaq evləri aşağıdakı tiplər üzrə yaradılır: məktəbəqədər yaşlı uşaqlar üçün; məktəbyaşlı uşaqlar üçün; məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli.

Uşaq evlərinin məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və bu Nümunəvi Nizamnamədə nəzərdə tutulan hallarda onların arasından olan şəxslərin həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran məqamların qarşısını almaqdan, çətin həyat şəraiti yarandıqda ehtiyacı olan uşaqlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.

Uşaq evlərinin fəaliyyətinə rəhbərlik və onun idarə olunması ali təhsilli, müvafiq (pedaqoji, psixoloji, sosioloji, tibbi və sosial) sahədə 5 ildən az olmayan iş stajına malik olan və həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, aidiyyəti icra hakimiyyəti orqanının təyin etdiyi direktor tərəfindən bu Nümunəvi Nizamnaməyə və uşaq evinin nizamnaməsinə əsasən həyata keçirilir.

Uşaq geyim, ayaqqabı və yumşaq inventarlarla Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”na uyğun təmin edilir.

Uşaq evində olan uşağa təyin edilmiş pensiya, aliment, müavinət və digər sosial ödənişlər uşağın adına açılmış bank əmanəti hesabına (depozitə) köçürülür.

Uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olması və onlar haqqında məlumatlar alması üçün ona müvafiq şərait yaradılır.

Uşağın təhsil hüququ təmin edilir. Uşaqlara özünüifadə ehtiyaclarını qarşılamaq, uşaqlar üçün nəzərdə tutulmuş digər təhsil müəssisələrinə getmək imkanı yaradılır, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr keçirilir, yaradıcı insanlarla görüşlər təşkil edilir, onlar ayda 2 dəfədən az olmayaraq ekskursiyalara, gəzintilərə, konsert və teatr tamaşalarına, muzeylərə aparılır, ölkənin flora və faunasının, tarixinin və mədəniyyət abidələrinin öyrənilməsi təmin olunur.

Bu Nümunəvi Nizamnamənin 10.4.3-cü yarımbəndində göstərilən halda yaşayış sahəsi olmayan uşaqlar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış yeri ilə təmin olunana kimi uşaq evində qalmaq hüququna malikdirlər.

Uşaq evlərində uşaqlar tam dövlət təminatındadırlar və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qanunda nəzərdə tutulmuş bütün hüquq və imtiyazlardan istifadə edirlər. Nizamnaməyə görə, müxtəlif cinsdən olan 6 yaşdan yuxarı uşaqlar aşağıdakı kateqoriyalara görə ayrı-ayrı yataq otaqlarında yerləşdirilməlidirlər:

6 – 9 yaşlı uşaqlar;

10 – 12 yaşlı uşaqlar;

13 – 14 yaşlı uşaqlar;

15 – 17 yaşlı uşaqlar;

Uşaq evlərinə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşdan yuxarı uşaqlar qəbul edilirlər. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla, qardaş və bacıların ayrılmasına yol verilmir. Uşaq evinə qəbul zamanı qohumluq əlaqəsi olan uşaqlara üstünlük verilir.

Nizamnaməyə görə, uşağı qısa müddətə müvəqqəti (mütəmadi qaydada hər həftə sonunda və ya bayram günlərində) öz ailəsinə götürmək istəyən yaxın qohumlarından biri (bundan sonra – şəxs) uşaq evinin direktoruna ərizə ilə müraciət edir. Ərizədə uşağın və onu öz ailəsinə müvəqqəti götürmək istəyən şəxsin adı, soyadı və yaşı, şəxsin ünvanı, əlaqə telefonları və uşağın ailəyə götürülməsinin dəqiq müddəti göstərilməlidir. Uşaq evinin direktoru ərizəni aldıqdan sonra 3 (üç) iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanını məlumatlandıraraq, uşağın qısa müddətə şəxsin ailəsinə verilməsinə və ya verilməsindən imtina olunmasına dair əsaslandırılmış qərar qəbul edir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm