Məşhur milyonçunun muzeyə çevrilmiş evindəki sirlər - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Məşhur milyonçunun muzeyə çevrilmiş evindəki sirlər - FOTOREPORTAJ

Limon ağacından qapılar, təbii dəridən və qızılla bəzənmiş divarlar, nağıl kimi Şərq zalı, palıd ağacından döşəmə, 35 milyon il əvvələ aid ağac parçası, qəbirlər, Venesiyadan gəlmə güzgü…

Siyahını uzada bilərəm. Amma belə sadalasam, heç nə anlaşılmayacaq. Ən yaxşısı lap əvvəldən başlayım.

Bu binanın yanından dəfələrlə keçmişəm, bir neçə dəfə konfrans zalında tədbirdə də olmuşam. Amma qapısını təkbaşına açmağa gücüm çatmayan bu binanın tarixi yükü daha ağır imiş. Eramızdan əvvəlki tarixi belə özündə yaşadan binada bir saatdan çox vaxtın necə keçdiyini anlamadan gəzdik. Fotoqrafımız gördüklərini aparatın yaddaşına köçürərkən mən bu möhtəşəm binada tarixin səhifələrini vərəqləyərək gəzməyin ləzzətini çıxarırdım.

Bura tarixlə müasirliyin qovuşduğu yerdir. Bura Tarix Muzeyi - Hacı Zeynalabdin Tağıyevin sevimli Sona xanımı üçün tikdirdiyi binadır. Məşhur milyonçunun xanımı üçün Avropa memarlarına tikdirdiyi bina eramızdan əvvəlki dövrdən ötən əsrin 20-ci ilinədək olan tarixə sahiblik edir. 1895-1901-ci illərdə tikilən binada H.Z.Tağıyev 1920-ci ilə qədər yaşayıb.

1920-ci ildən sonra muzey kimi fəaliyyət göstərən binanın əşyaları dağılıb, divarlar dəfələrlə boyanıb. Lakin təbii dəridən hazırlanmış divarlar bolşevik boyalarını heç vaxt özündə saxlamır və sonradan xüsusi maddə ilə silinəndə orijinal boyalar üzə çıxır. Binanın memarı İosif Qoslavski olsa da, bəzi yerlərdə Şərq üslubunun hakim olması Tağıyevin ideyalarından da bəhrələndiyini göstərir.

Düzünü desək, texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda muzeydən reportaj etmək heç maraqlı görünmürdü. Amma reportajdan sonra belə fikirləşdiyim üçün peşman olduq.

Bələdçimiz İlahə Xantəmirova da illərdir xarici turistlərə danışdıqlarını təkrar danışmaqdan xeyli məmnun və həvəsli görünürdü. Demək olar ki, hər bir eksponat barədə ətraflı danışdı. Lakin sizi yormamaq üçün ən maraqlılarını seçdik.

35 milyon ildən qalma ağac

İkimərtəbəli bina Şərq və Avropa hissəsindən ibarətdir. Biz ekskursiyamıza Avropa hissəsindən başladıq. Bir vaxtlar “Kaspi” mətbəəsi, Tağıyevin bankı, idarə və ofislərinin yerləşdiyi birinci mərtəbə indi Azərbaycan tarixinin qədim dövrünə aid eksponatlara sahiblik edir.

Azərbaycan tarixinin lap qədim dövründən başlayaraq tanış olmaq istəyənlər üçün ən ideal məkandır. Yəqin buna görədir ki, muzeyin qonaqları əskik olmur. Muzeydə olduğumuz müddətdə məktəblilərin qruplar şəklində ora gəlməsi bunu bir daha sübut edir.

Burada ən qədim eksponatın yaşı nə az, nə çox 35-25 milyon il əvvələ gedib çıxır. Şamaxı ərazisindən tapılan daşlaşmış ağac qalığı, demək olar ki, muzey yaranandan burdadır.

Azıx mağarasından tapılmış 350-400 min il yaşı olan alt çənə sümüyü, daş dövrünə aid əşyalar da muzeydə saxlanılır. Eksponatlar həmin dövr insanların həyatını gözümüz önündə canlandırmağa kömək edir. Tunc dövrünə aid əşyalar arasında qidaları saxlanılan küplərlə yanaşı, manqal, əsrlər əvvəl əcdadlarımızın qaladığı ocağın külü, hətta toxumlar da var. Əlbəttə, əcdadlarımızın işləri yalnız tonqal qalayıb, toxum əkməklə bitmir. Əşyaların üzərini rəngləyir, naxışlar çəkirdilər. Bu dövrə aid ən maraqlı məqam faşistlərin simvoluna çevrilmiş svastikanın əşyalar üzərində əks olunmasıdır.

Muzeydəki ən böyük küpün 3 min il yaşı var, hündürlüyü isə 2 metrdən çoxdur. Maraqlıdır, balaca küplər parçalanmış halda tapılsa da, 2 metrlik bu küp tam formadadır. Muzeyin eksponatları yalnız nümayiş olunanlar deyil, fondda saxlanılanlar da var.

Niyə qəbirlərdən ancaq qadınlar tapılır?

Muzey tarixin müxtəlif dövrlərində tapılmış qəbirlərlə zəngindir. İstər torpaq, istərsə də küp qəbirlərin əsas özəlliyi ölülərin bükülü formada dəfn edilməsidir, bunun mənası insanın o biri dünyaya ana bətnində olduğu kimi göndərməkdir. Muzeydəki qəbirlərin əksəriyyəti qadın qəbirləridir. Bunun dəqiq səbəbini izah edə bilmərik, lakin qəbirlərdəki tapıntılara əsasən, qadın əcdadlarımızın bəzək-düzəyə xeyli maraqlı olduğunu gördük. Bəzi qəbirlərdə qadınlar güzgüləri ilə dəfn edilib.

Muzeydə ən maraqlı qəbir ağırlığı və ölçüsü dəqiq bilinməyən daş qəbirdir. Daş qəbirin necə hazırlanması, torpağa necə basdırılması xeyli təəccüblü və sirli görünür. Bu sirr açılmasa da, qəbirlərdə əsasən xristianların dəfn edildiyi güman edilir. Əcdadlarımızın bu daşı qısa zamanda necə oyub, ölünü dəfn etməsi də sual altındadır.

Muzeydə öküz dərisindən hazırlanan, üzərinə “Quran” ayələri yazılmış dəbilqə, ipək parça üzərində çəkilən miniatürlər, Nadir şahın xanımlarından biri - Sultan xanıma məxsus olan əjdaha formasında sırğa, zümrüd, mirvari və s. bahalı qaşlar nümayiş edilir.

XV-XVI əsrlərdə Alman rəssamı Knit tərəfindən çəkilmiş Şamaxı bazarı rəsmində yüzlərlə kişi arasında iki yerdə qadın təsvir edilib. Onların biri qul, digəri ev təmizləyən qadındır. Bu rəsmlərdə həmin dövr həyatı əhatəli təsvir edilib.

Təzadlı məqam - xanlar Avropa zalında

İlahə xanımla bu şəkillə bağlı müzakirə apara-apara ikinci mərtəbəyə qalxırıq.

İkinci mərtəbədə gəzintiyə Avropa zalından başlayırıq. Nə qədər təzadlı olsa da, Tağıyevin bir vaxtlar Avropadan gələn qonaqlarını qəbul etdiyi bu zal indi tariximizin xanlıqlar dövrünə aid materialların toplandığı məkana çevrilib. Zalda xanlıqların bayrağı, geyimləri və həyatının digər sahələrini əks etdirən bölmələr var.

Xanımlarımızın xanlıqlar dövrünə aid hamam sandıqlarına, geyimlərinə baxarkən bir eksponat marağımıza səbəb olur. Məlum olur ki, ərəb hərfləri ilə bəzənmiş bu tabloya bənzər eksponat Bakı şahzadəsi Abbas Mirzə Qacara məxsus nikah şəhadətnaməsidir. Fətəli şah Qacarın oğlunun xanımlarından biri ilə bağlanmış nikah şəhadətnaməsi orijinal formadadır.

Tarixi dövrlərə nəzər saldıqca əsrdən-əsrə qadınlarımızın geyimlərinin daha çox Avropaya meyilləndiyini, rəngarəng parçalardan tək rəngə dəyişdiyini görürük.

Muzeyin bu bölümündə M.F.Axundzadənin kolleksiyasına aid əşyalar, hətta onun hazırladığı ilk latın əlifbasına aid əlyazması sərgilənir. Bundan başqa, bu bölümdə Xurşidbanu Natəvanın geyimləri, uşaqları ilə şəkilləri, başmağı, əl işləri toplanıb.

Cümhuriyyət dövrünə aid guşədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Nəriman Nərimanbəylinin pul kisəsi, Cəfərqulu Xan Naxçıvanskinin əlcəyi, o dövrün ilk təhsil nazirinin kağız kəsən bıçağı, M.Ə.Rəsulzadənin xanımı ilə birgə Ankarada əlləri ilə tikdiyi bayraq muzeydə saxlanılır.

Xarici qonaqlara bələdçilik edən İlahə xanım xaricilərin ən çox xəritələr və tarixə maraq göstərdiyini deyir. Ən çox verilən sual isə bütün əsrlərdə Azərbaycana hücumlarla bağlıdır. “Nə üçün hər zaman bu ölkəyə hücumlar olub? Demək, siz də sakit durmamısınız”, kimi sualları tez-tez verirlər.

Avropa zalından başlanan ekskursiyamızı başa vurandan sonra bələdçimizin təmtəraqla bəhs etdiyi H.Z.Tağıyevin və xanımının otaqlarına baş çəkirik.

Güzgülü otaq

Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi milyonçularımızın neftlə özlərinə qurduqları səltənət əllərindən alınır. Məsələn, Murtuza Muxtarov mülkünü ələ keçirmək istəyən bolşeviki öldürür, Tağıyev isə xanımı üçün tikdirdiyi bu əzəmətli binanı bolşeviklərə verib Mərdəkandakı bağ evində yaşayır. 20-ci ildən sonra bu bina muzey olub, otaqlar quruluşunu da dəyişib. 2005-2007-ci illərdə memorial muzey yaradılır.

Tağıyevdən qalma fotolar əsasında otaqlar yenidən bərpa edilib. Bu otaqları gəzərkən başmaqçı oğlunun tikdirdiyi bu imarətə heyran olmamaq mümkün deyil. Tağıyevin zənginliyi barədə kitablardan oxuduqlarımı bir-bir gözümün önündə canlandırsam da, etiraf edim ki, onun belə bir sarayda yaşadığını təsəvvür etməmişdim.

Sona xanımın istirahəti üçün hazırlanan güzgülü otağı gəzərkən ağzım açıq qalır. Tavanı bütünlüklə güzgü ilə örtülmüş otaqdakı dairəvi divanın ortasındakı çilçıraqdan tavana əks olunan işıq ona əsrarəngiz görünüş verir.

Otaqlardakı stulların bəzisi orijinal olsa da, bir qismi onlara uyğun yenidən hazırlanıb.

Evi gəzərkən ən çox diqqətimizi çəkən məhz yataq otağı idi. Otağın qapısı və divarları süsən gülləri ilə işlənib. Yataq otağının tavanı orijinaldır. İki hissədən ibarət yataq otağının qarşısında Sona xanımın bəzək otağı yerləşir. Bu otaqda bütün əşyalara bir vaxtlar milyonçu Tağıyevin xanımı toxunub, hamısı orijinaldır.

Bu otaqları gəzərkən bundan daha möhtəşəm görüntü olmayacaq deyə düşünürdüm ki, digər otaqlarda gördüklərim məni bu fikirdən daşındırdı. Tağıyevin evi yalnız möhtəşəmliyi ilə diqqət çəkmir, həm də bəzi açılmayan sirləri ilə də yaddaşımızda uzun müddət qalacaq. Məsələn, otaqların bəzilərinin tavanında, divarında əski əlifba ilə milyonçunun ad və soyadının baş hərfləri əks olunub. İlk baxışda diqqət çəkməyən bu yazıları yalnız bələdçinin işarəsindən sonra gördüm. Otaqlardakı şkaflardan əlavə, onların içərisindəki qabların da bir çoxu Tağıyevin xüsusi sifarişi ilə hazırlanıb və onların da üzərində onun ad və soyadının baş hərfləri həkk olunub. Tağıyevin istifadə etdiyi əşyalara və evin divarlarına bu cür işarə qoymasının səbəbi heç kimə bəlli deyil. Yəqin, bu sirr heç vaxt açılmayacaq. Bilinən bir şey var ki, Tağıyev qazandığı pulu yalnız xeyriyyə məqsədləri üçün yox, özünün və ailəsinin istirahəti və əyləncəsi üçün xərcləyib.

Qızılla bəzənmiş divarlar

Bu barədə düşünə-düşünə bilyard otağına daxil oluruq. Bu otaqda Tağıyev qonaqları ilə bilyard oynayırmış. Bilyardı isə Fransadan gətirtmişdi. Qonşu otaqda isə Tağıyevin və xanımının kitabxanası olub. Digər otaqlarla müqayisədə bu otaq nisbətən kiçik olsa da, otağın bəzəyinə xüsusi diqqət ayrılıb. Tavanı kitab rəsmləri ilə bəzənib. Rəflərdə Tağıyevin oxuduğu kitablar yerləşdirilmişdi.

Nəhayət, muzeyə daxil olandan bələdçimizin mədh etdiyi Şərq zalına çatdıq. Bəzi fikirlərə görə, bu zalın divarlarının bəzədilməsinə 9 kiloqramdan çox qızıl istifadə edilib. Bunun nə qədər real olduğunu deyə bilmərəm, amma Venesiyadan gətirilmə güzgü, şüşələr, müxtəlif Avropa ölkələrindən gətirilmiş əşyalar, çilçıraq zala möhtəşəm gözəllik verirdi.

Tağıyev iş, yemək və qonaq otağı qədər iş otağının bəzənməsi üçün də pul xərcləməkdən çəkinməyib. İş otağının döşəməsi palıd ağacından hazırlanıb. İş otağından binanın şərq hissəsinə çıxışda isə seyf olub.

Evin xüsusi həyəti olmadığına görə, ikinci mərtəbədə qış bağı olub. Burada yaradılan yaşıllıqlar və fəvvarə bağ mühiti yaradır. Qeyd edək ki, binada xüsusi isitmə sistemi olub və həyətin ortasındakı qazanxanadan idarə edilib.

Bir sözlə, məşhur xeyriyyəçi-milyonçu H.Z.Tağıyev zəhməti hesabına qazandığı pulunu ağılla xərcləyib. Böyük xərc çəkib tikdirdiyi binaya özü sahib çıxa bilməsə də, bina bir əsrə qədərdir Azərbaycan tarixinə sahiblik edir.

Gülxar Şərif

Fotolar Rəşadındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm