Soros Fondu yenə də Azərbaycana qarşı
Bizi izləyin

Qırmızı.az

Soros Fondu yenə də Azərbaycana qarşı

“Eurasianet.org” saytı yenə də maliyyə mənbəyinin siyasi sifarişinə sadiq qalaraq Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı tamamilə əsassız yazı ilə çıxış edib. Qədim Romada cinayət baş verəndə həmişə təhqiqatçılar onu törədəndən əvvəl bunun kimə lazım olduğu sualı ilə çıxış edirdilər. Bu kimi yazıları yazan qrant-yeyənlər və “5-ci kolon” nümayəndələri məlumdur.

Burada əsas sual qədim Romada olduğu kimi bu kimi yazıları sifariş edənlərdir. Bu qəbildən olan yazılar onlara nəyə görə lazımdır? Səbəb çox sadədir.

Soyuq müharibə dövrünə xas əks-təbliğat metodları əsasında təsis olunan bu portal Soros Fondu tərəfindən birbaşa maliyyələşdirilir. Soros Fondunun isə dünyada, xüsusilə post-sovet məkanında “rəngli inqilablar” ssenarilərini təşkil etdiyi və maliyyələşdirdiyi artıq heç kimə sirr deyil. Soros Fondu da təbii ki, bu məsələdə tək deyil. Bu fond əslində Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqədar olan bir fasaddır. Demokratiyadan danışan ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin yalnız 15 dəqiqə ərzində möhürü və dövlət qeydiyyatı olan NGO və ya şirkət yaratmaq səlahiyyəti varsa, onda Soros Fondu kimi təşkilatı lazım olan istiqamətə yönləndirmək nə çətin məsələdir.

Cənab Sorosun həzm edə bilmədiyi ən əsas məsələ Azərbaycanın qətiyyətli və müstəqil siyasətidir. Azərbaycanın milli maraqlarının prinsipial şəkildə qorunması fəlsəfəsindən çıxış edən Prezident İlham Əliyevin şəxsiyyəti və idarəçiliyi bu dairələri Azərbaycana qarşı soyuq müharibə dövrünü xatırladan psixoloji müharibə əməllərindən çəkindirmir. Necə ola bilər ki, bu qüvvələrin nəzarətindən kənar Azərbaycan dövləti müstəqil şəkildə öz vətəndaşlarının mənafeyi naminə çalışır və kənar diktəyə tabe olmur?

"Eurasianet.org"un iddialarına gəldikdə isə, dəlil və faktlardan məhrum olan bu şəxslər tamamilə cəfəng bir fikir irəli sürürlər. Belə ki, Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Avropa Oyunlarının məşəlinin aparılmasında iştirakından danışırlar. Ölkənin birinci şəxsi məgər ölkə əhəmiyyətli bu tədbirdə iştirak etməməlidir? Bəs onda nəyə görə ABŞ prezidenti reqbi yarışlarında iştirak edəndə və ya idmançılarla görüşəndə “cool mr.president!” deyilir? Bəs niyə Fransa prezidenti qələbə çalmış ölkə futbolçuları ilə görüşür və onda da “Merci president” deyilir? Xatırlatmaq istərdik ki, Avroviziyada qalib çıxmış ifaçıları qəbul edərkən də ölkə başçısına qarşı eyni fikirlərlə hücuma keçilmişdi.

ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi ofisinin bağlanmasına gəldikdə isə, gəlin bu sualdan başlayaq ki, ABŞ xüsusi xidmət orqanlarına məxsus metodologiya ilə ABŞ maraqlarına yaramayan Aleksis Şahtaxtinski şərlənmiş və onun Azərbaycandan çıxarılması təmin edilmişdi. Azərbaycanda ABŞ Dövlət Departamenti və bu ölkənin XXO-ları tərəfindən idarə olunan Milli Demokratiya İnstitutu, İREX və sair bu kimi təsisatlardan məhrum olan ABŞ-ın məqsədi əslində ATƏT-in Bakı Layihə Əlaqələndirici ofisinə öz adamını yerləşdirmək və Azərbaycana qarşı məqsədyönlü iş aparmaqdan ibarətdir. Amma Azərbaycan hökumətinin qəti addımları nəticəsində bundan da məhrum olub.

Praktiki baxımdan ATƏT Layihə Əlaqələndirici ofisinin heç bir əhəmiyyəti yoxdur. ATƏT-in faydasız təşkilat olduğu hamıya məlumdur. Guya Layihə əlaqələndirici ofisi vasitəsi ilə Azərbaycanda həbsxanada və DİN sistemində bir təlim keçirməklə hər şey həll olunur? Bu kimi təlimlərin keyfiyyətini də görmüşük. Ölkə reallığından kənar olan və öz ölkələrində universitetlərdə seminar aparmağa yaramayan şəxslər gəlib nədənsə danışırlar, böyük pullar mənimsənilir və sonra da bunu uğurlu layihə kimi təqdim edirlər. Elədirsə, vaxtilə ATƏT çərçivəsində belə bir təklif var idi. Nədən bütün ATƏT ofisləri məhz Vyanadan Şərqdə yerləşirlər? Şimali İrlandiya, İslamafobiya və ifrat millətçiliyin ən yüksək həddə olduğu Almaniya və ya Niderlandda niyə ATƏT-in ofisləri açılmasın?

Səbəb və bəhanə adlı fəlsəfi kateqoriya bu yazının və onun sifarişçilərinin əsl məqsəd və məramlarını sübut edir. Avropa Oyunları, ATƏT və ya daha nəsə yalnız bəhanədir. Əsl səbəb onların bütün planlarını puça çıxaran Azərbaycan və onun prinsipial siyasətidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm