Quş peyinli vətən daşı – Heykəllərimizi niyə yumuruq? – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Quş peyinli vətən daşı – Heykəllərimizi niyə yumuruq? – FOTOLAR

“…Heykəl kimi dayanmaq” – hamımıza yaxşı tanış olan bu ifadəni adətən hərəkətsiz donub qalmış adam haqqında deyirlər. Əslində, heykəlin donub qalmaqdan başqa şansı da yoxdur. Bəlkə də, imkanı olsaydı, illərlə quş peyninin, toz-torpağın içərisində qalmaqdan bezib yerini dəyişərdi. Biz onlara aşağıdan yuxarı baxsaq da, əslində elə yuxarıdan aşağı baxırıq. Bakının boynubükük heykəllərinin qarşısından ürəkağrısız keçmək mümkün deyil...

Paytaxtın bir sıra mərkəzi yerlərindəki heykəllər vaxtında təmizlənilmədiyindən baxımsız vəziyyətdədir. Belə ki, müvafiq qurumların məsuliyyətsizliyi səbəbindən tarixi şəxslərin abidələri xoşagəlməz durumla üzləşib.

Publika.az xəbər verir ki, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun (bu, keçmiş SSRİ-də ölümündən dərhal sonra ədəbiyyat xadiminə ucaldılmış ilk abidədir) heykəli vaxtlı-vaxtında yuyulub təmizlənmədiyindən çirklənib. Heykəlin xüsusən yuxarı hissəsi ağarıb. Bu səbəbdən də abidə ilk baxışda baxımsız kimi görünür.

Habelə şairə Xurşudbanu Natəvanın abidəsi də qayğısızlıq üzündən pis vəziyyətdədir. Eyni sözləri dramaturq Cəfər Cabbarlının xatirəsinə ucaldılmış abidə haqqında da söyləmək olar. Onun “28 May” metrostansiyasının girişi qarşısındakı abidəsi uzun müddətdir yuyulmadığından çirkab içərisindədir. Ətrafı təmiz olsa da, heykəl çirk və quş peyini içindədir. Hətta heykəldə quşlar özlərinə yuva da qurub.

İlk baxışdan xoş təsir bağışlamayan bu görüntülər abidələrə lazımi diqqət və qayğının göstərilmədiyindən xəbər verir.

İnsafən, onu da demək lazımdır ki, bu sözləri heç də bütün abidələr barəsində demək olmaz. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Mirzə Ələkbər Sabirin heykəlləri tez-tez yuyulub-təmizləndiyi üçün ətrafdakılara xoş təsir bağışlayır.

Əslində, tarixi şəxsiyyətlərimizə olan sayğımızdan xatirələrini əbədiləşdirmək üçün qoyduğumuz, amma vaxtlı-vaxtında yuyub təmizləmədiyimiz heykəllərimiz bizim üçün qürur yeri olmaqdan daha çox gözdağıdır. Bəs şəhərimizin, demək olar ki, bütün park və meydanlarında üz-üzə gəldiyimiz bu heykəlləri kim yumalıdır?

Tarixi şəxsiyyətlərimizin heykəllərinin təmizlənilməməsi, onlara nə üçün vaxtında qulluq göstərilməməsi ilə bağlı araşdırma apardıqda bəzi təəssüf doğuran məqamlarla qarşılaşdıq. Qurumlar günahı bir-birlərinin üstünə atdılar. Mədəniyyət və Turizm Nazirliyindən bildirdilər ki, paytaxtda heykəllərin təmizlənilməsi ilə Bakı şəhər İcra Hakimiyyəti məşğul olur. Bu məsələ ilə əlaqədar icra hakimiyyəti ilə əlaqə saxladıqda isə heykəllərin təmizlənilməsinin nazirliyin səlahiyyətinə aid olduğunu dedilər. Bir sözlə, eşitdiklərimizdən belə başa düşdük ki, bəzi abidələr bundan sonra da belə vəziyyətdə qalacaq.

Unutmayaq ki, mədəniyyətimizin, tariximizin bir hissəsi olan bu şəxsiyyətlərin heykəllərinə göstərdiyimiz ögey münasibət elə onların özlərinə, tariximizə, mədəniyyətimizə və özümüzə göstərdiyimiz münasibətdir. Onlar bizim daş yaddaşımızdır. Bu vətənin daşı olmaq isə hər oğula qismət olmur axı!

Anar Tağıyev

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm