Məktəblərdə tədris fənlərinin sayı azaldı - ƏMR
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə tədris fənlərinin sayı azaldı - ƏMR

Təhsil naziri 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planlarını təsdiq edib.

Publika.az-ın məlumatına görə, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.

Nazirliyin əmrində həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

Ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır:

tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq; şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək; şagirdlərin öyrənmə motivasiyası artacaq; ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək; şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq.

Bütün bunlar nəticədə təhsildə keyfiyyətin artmasına və yüksək ixtisaslı insan kapitalının formalaşmasına xidmət edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm