“Bakını görməmisənsə, nəyi görmüsən?” – Paytaxtımız turistlərin gözü ilə – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Bakını görməmisənsə, nəyi görmüsən?” – Paytaxtımız turistlərin gözü ilə – FOTOLAR

Məşhur rus şairi Robert Rojdestvenskinin vaxtilə Bakıya həsr etdiyi şeiri belə adlanırdı: “Əgər sən Bakını görməmisənsə...” Həmin şeirdə dahi şair ona Qırmızı dənizi, Yaponiyanı, Reyn sahillərini və digər yerləri tərifləyən dostuna belə cavab verir: “Sən bütün planeti gəzib, mənə onu-bunu tərifləyirsən. Amma sən Bakını görməmisən! Bakını görmədən sən həyatda nə görmüsən ki??? ”

Həqiqətən də, Bakını görməmisənsə... nə görmüsən?

Bakının mərkəzindən reportaj hazırlamağa xüsusi həvəslə gedirəm. Ona görə ki, paytaxtın ən qədim turist məkanı olan bu hissədə qədim tariximiz yaşayır. Bu dəfə isə Bakı mənə həmişəkindən daha fərqli göründü. Bilmirəm, ilk Avropa Oyunlarıyla bağlı gələn turistlərin çoxluğundan idi, ya da metroda yeni və kondisionerli qatarla getməyimizdən.

Elə ilk turistlə də təzə qatarda rastlaşdıq. O da bizim kimi “İçərişəhər” satansiyasından çıxıb şəhərin mərkəzini görməyə tələsirdi. Turistlə bir neçə dəqiqəlik söhbət onun Bakı haqqında nə qədər geniş məlumata malik olduğunu göstərdi. Cənab Hollandiyadan Bakıya I Avropa Oyunlarında iştirak etmək üçün gəlmiş Piter Dubierdir. Ölkəmizə ilk dəfə gəldiyini deyən turistin sözlərinə görə, Bakı çox xoşuna gəlib:

“Mən Bakını çox bəyəndim. Buraya ölkənizdə keçirilən İlk Avropa Oyunlarıyla bağlı gəlmişəm. Əslində, şəhərinizdə daha çox qalmaq istərdim. Təəssüf ki, burada yalnız iki həftə vaxt keçirəcəyəm”.

Ölkəmizlə 5 il əvvəldən maraqlanmağa başladığını deyən hollandiyalı turistin sözlərinə görə, bura yenə qayıtmağı düşünür: “2010-cu ildən Azərbaycanla maraqlanmağa başladım və çox istəyirdim ki, burada olum. Nəhayət ki, gələ bildim. Ancaq paytaxtda olmaq imkanım olub, bölgələrə gedə bilməmişəm. Amma yenə də Azərbaycana qayıtmağı düşünürəm”.

Paytaxtı maraqla izləyən, əcnəbi dildə danışan o qədər turist var idi ki, insan özünü başqa ölkədəki kimi hiss edirdi. Müsahibə aldığımız qonaqların əksəriyyəti isə ölkəmizə ilk dəfə gələnlər idi. Finlandiyalı turist Pekka Vinikka kimi. Onun şəhərimizdə ən çox diqqətini cəlb edən isə “Bayraq Meydanı” olub:

“Bu gün ilk dəfədir ki, şəhəri gəzməyə çıxmışıq. Bu gözəl dəniz sahilində yerləşən şəhəri çox bəyəndim. Buranı görmək mənim üçün yenilik idi. Ən çox xoşuma gələn isə “Bayraq meydanı” idi. Şəhərinizdə hündür və gözəl binalar var. Həmçinin insanları da çox mehribandırlar. Bu dəfə ancaq Bakıda olacağam. Amma mən eşitmişəm ki, ölkənin başqa gözəl və görməli yerləri də var. Həmçinin ölkənizin gözəl mətbəxi olduğunu da bilirəm, amma hələ dadına baxmamışam”.

Nina Prinqard isə İçveçdəndir. İlk Avropa Oyunlarıyla bağlı ölkə komandasının texniki heyətinin tərkibində Bakıya gəlib. Səfərinin ilk günü olduğundan yalnız ilk təəssüratlarını dilə gətirdi:

“Bu gün səfərimin ilk günüdür. Bura ilk dəfədir ki, gəlirəm. Onu deyə bilərəm ki, ölkəniz çox xoşuma gəldi. Burada səfərdə olduğum müddətdə Bakının qədim hissəsi olan İçərişəhərdə qalacağam. Azərbaycan mətbəxi ilə bağlı çox eşitmişəm. Hamısının dadına baxmağı düşünürəm. İlk təəssüratım çox gözəldir”.

Növbəti müsahibimiz isə Türkiyə vətəndaşıdır. Doktor Zəki Taşürək türk nümayəndə heyətinin həkimidir. Bakıya ikinci dəfə gəldiyini deyən Taşürəyin sözlərinə görə, hər dəfə gələndə Bakının bir xeyli dəyişdiyinin şahidi olur:

“Bakı çox gözəl yerdir. Hər gəlişimdə bura vuruluram. Mən həm də Bilgəhdə olmuşam. Ora da çox xoşuma gəldi. Burada əsl doğmalığı hiss etdiyimə görə, öz ölkəmdə olduğum kimi rahatam”.

“Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən məmnun olduğunu deyən qonağın sözlərinə görə, hər yerdə bayram əhvali-ruhiyyəsi hiss edir:

“Bakı-2015 I Avropa Oyunları ilk dəfədir ki, keçirilir. Azərbaycan bu möhtəşəm oyunlara ev sahibliyi edir. Hər şey çox gözəl təşkil olunub. Heç bir problemlə qarşılaşmadıq və çox məmnunuq. İnşallah, Azərbaycan və Türkiyə birlikdə bütün medalları alar...”

Şəhərin mərkəzində ən çox rastlaşdığımız turistlər isə ruslar idi. Lena Andreyeva Bakıya qızı ilə birlikdə gəlib. Bura ilk dəfə sovet dövründə - 1983-cü ildə gəldiyini deyən xanımın sözlərinə görə, kökündən dəyişən şəhəri tanımayıb:

“Bakı bizim üçün hələ Sovet dövründən doğma şəhər olub. Biz Müslüm Maqomayevin musiqilərilə böyümüşük. Burada da onun məzarını ziyarət edəcəyəm. Şəhəriniz çox xoşuma gəldi. Heç Moskva bu 30 il ərzində bu qədər müsbətə doğru dəyişməyib. Biz Qubada da olmuşuq. Sizin mətbəxiniz də özünəməxsusdur. Biz Quba şirniyyatlarını çox bəyəndik. Qızımda da ölkəniz haqqında o qədər gözəl təəssüratlar yaranıb ki, bura hər il gəlməyi düşünürük”.

İnsanlarımızın qonaqpərvərliyi ilə bağlı yazmaq istəmirdim, düşündüm ki, bunu əcnəbilər bilsələr bəsdir. Sonda İçərişəhərin dolanbac küçələrini keçib paytaxtın “Tarqovı” deyilən hissəsinə gələndə rastlaşdığımız bir epizodu qeyd etmək istəyirəm.

Burada diqqətimizi orta yaşlı, uzun saç-saqqalı olan turist cəlb etdi. Əlindəki xəritəni və kitabçanı göstərib 2-3 nəfərə yaxınlaşsa da, ona istədiyi yeri izah edə bilən olmadı. Bu vaxt həmin əcnəbiyə üzərində Avropa Oyunlarının vəsiqəsi olan iki bələdçi yaxınlaşdı. Yolumuz təxminən eyni olduğundan onları sona kimi izləyə bildik.

Bələdçilər əcnəbi qonağın qarşısına düşüb təxminən yarım kilometr yol gedərək onu düz Tarix Muzeyinə qədər ötürdülər. Sonra öyrəndim ki, cənab Fransadan gəlibmiş və ingilis dilində qırıq-qırıq danışan bu turist Tarix Muzeyini görmək istəyib. Bu qədər...

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm