• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişafı məsələləri ilə əlaqədar fikir mübadiləsi aparılıb

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişafı məsələləri ilə əlaqədar fikir mübadiləsi aparılıb

Martın 6-da Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli ilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata arasında tanışlıq görüşü olub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı İsmayıl Haqverdiyev və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Camal Yanğın da iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən İ.İsayev iki qardaş ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrində də uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini ötən il noyabrın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair imzalanan Sazişin bu sahədə əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. “Sazişin əhatə etdiyi istiqamətlərdə nazirlik tərəfindən müvafiq işlər aparılmaqdadır və bu əməkdaşlıq ölkəmizdə aidiyyatı sahələrdə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə öz töhfələrini verir”.

Ölkəmizdə əmək və sosial müdafiə sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun qurulması məqsədilə aparılan işlər barədə məlumat verən İ. İsayev xüsusən son vaxtlarda qeyri-leqal məşğulluğun aradan qaldırılması, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmaları üçün aparılan işlərin sürətləndirildiyini ifadə edib. İmzalanan əmək müqavilələrinin elektron informasiya sistemi vasitəsilə dövlət qeydiyyatına alınması mexanizminin yaradılması ilə bağlı hazırda aparılan islahatyönümlü tədbir barədə danışan İ.İsayev eyni zamanda işəgötürənlər arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirib. “Əminik ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişafına öz dəyərli töhfələrini verən ATİB-nin dəstəyi ilə biz ölkəmizdə fəaliyyət göstərən Türkiyə iş adamları arasında da bu sahədə, ümumən əmək hüquqları ilə bağlı maarifləndirmə tədbirlərini uğurla aparacağıq”.

N. Ata iki ölkənin əmək və sosial müdafiə sahəsində də əməkdaşlığının daim gücləndiyini bildirərək, iki nazirlik arasında əməkdaşlıq sahələrini müəyyən edən sənədlərin icrası işlərinin uğurla aparıldığını, bunun qarşıdakı dövrdə əməkdaşlığın yeni sahələr üzrə daha da genişləndirilməsi üçün əsas baza rolunu oynadığını diqqətə çatdırıb.

M.Kərimli iki ölkə arasında məşğulluq, peşə standartları, işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyəti və digər sahələrdə əməkdaşlıqdan söz açıb. Eyni zamanda, nazir müavini 2013-cü ildə Türkiyənin Əskişəhər şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə bağlı həmin şəhərin məşğulluq orqanı ilə əməkdaşlıq əlaqələrinin qurulmaqda olduğunu qeyd edib. M.Kərimli Türkiyənin Əskişəhər Məşğulluq Mərkəzinin nümayəndələrinin Azərbaycana, həmçinin Azərbaycandan məşğulluq xidməti nümayəndələrinin Türkiyəyə səfərlərinin nəzərdə tutulduğunu, qarşılıqlı təcrübə mübadilələrinin aparılmasının davam etdiriləcəyini bildirib.

Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığının vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri ilə əlaqədar müzakirələr aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR