Əsrə bərabər gün və yenə də sinifdə qalan Britaniya mediası...
Bizi izləyin

Qırmızı.az

Əsrə bərabər gün və yenə də sinifdə qalan Britaniya mediası...

Çoxdan bəri səbirsizliklə gözlədiyimiz, həyəcan və qürur doğuran tarixi an - Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu.

Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular. Sözsüz olan bir fakt var idi. Azərbaycanın paytaxtında keçirilən ilk Avropa Oyunlarının Açılış mərasimi öz möhtəşəmliyi ilə dünyanı valeh etdi.

Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. Bu məkan təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı.
Mərkəzdə quraşdırılmış səhnə gah alovlara bürünürdü, gah yaşıllığa boyanırdı. Saniyə-saniyə dəyişən səhnəni izləyərkən insan özünü sanki möcüzəli bir dünyaya düşdüyünü zənn edirdi. Hətta bəzən tamaşaçının gördüklərimizdən, yaxşı mənada, şoka düşdüyü anlar olurdu.

"Xəyal edin" deyən dünyaca məşhur müğənninin etirafı

Əminliklə və fəxarətlə deyə bilərik ki, dünya hələ belə şou görməmişdi. Bakı Olimpiya Stadionuna toplaşan və bütün dünyada mərasimi efirdən izləyən tamaşaçılar bu möhtəşəm şounun sehrinə düşmüşdü.

Bir sözlə, hər şey ən yüksək dünya standartlarına uyğun təşkil olunmuşdu. Hətta açılışda çıxışı, avropalılar da daxil olmaqla hər kəs üçün sürpriz olan dünyaca məşhur Ledi Qaqanın mərasimdən sonra sosial şəbəkədəki öz şəxsi səhifəsində təşkilatçılar barəsində xoş sözlər yazması təsadüfi deyildi. Məşhur Con Lennonun bir o qədər məşhur mahnısı ilə hamıya xəyal edin deyən müğənni Azərbaycandakı qonaqpərvərliyə valeh olmuşdu.

Dünyanın əsas elmi mərkəzindən BAKI 2015-ə dəstək

Təşkilatçılar Avropa ilə Asiyanın ümdə dəyərlərini özündə birləşdirən Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı ən real təsəvvür yaradan bir proqram hazırlamışdılar. Proqramda ölkəmizin müstəqillik əldə edəndən sonra sıx inteqrasiya olunduğu Qoca Qitədəki inkişaf ən uğuru formada tərənnüm olunur. Hətta indiyədək heç kəsin reallaşdıra bilmədiyi unikal addım atılır. Avropanın ən böyük elm mərkəzi , 100-dən çox xalqı təmsil edən, 10 mindən çox fizik və mühəndisin cəmləşdiyi qurum Avropa Nüvə Təhqiqatları Təşkilatının əhəmiyyəti haqqında söz açılır, dünya elminə yeni nailiyyətlər bəxş edəcək bu strateji obyektin elmi işçiləri Bakıda keçirilən Avropa Oyunlarına ən xoş arzularını çatdırırlar. Və bütün bunların fonunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki salamlama çıxışında dəfələrlə Azərbaycan dilində "Çox sağ ol" deməsi çox şeydən xəbər verirdi.

Avropa Azərbaycana təşəkkür edirdi! Bakıda keçirilən idman bayramına bu xoş yanaşmanı biz dünya mediasının, demək olar ki, bütün aparıcı üzvlərində müşahidə elədik. Onlar bizim və bütün Avropanın bu sevincinə həmrəy oldular.

Bakı-2015 - dünya mediasının gündəmində

Avropanın və dünyann tanınmış idman kanalları, "Anadolu" və "TASS" agentlikləri başda olmaqla onlarla sayt və portal Avropa Oyunlarının açılış mərasimindən geniş reportajlar təqdim etdilər.
Açılış mərasimindən yazan əcnəbi media Bakı Olimpiya stadionunda Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə nümayiş olunduğunu bildirir və möhtəşəm şoudan heyrətləndiklərini etiraf edirlər . Habelə xəbərlərdə nüfuzlu dövlət və hökümət başçılarının Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi də xüsusi vurğulanırdı.

Yalnız Böyük Britaniyanın nüfuzlu media orqanlarından savayı. Onlar bu idman yarışını obyektiv və qərəzsiz işıqlandırmaq sahəsində sözün əsl mənasında sinifdə qaldılar.

Britaniya mətbuatında qısqanclıq sindromu - Qara qızın dərdi var...

Dünyaya gözəl mesaj verən açılış mərasimi bitər-bitməz Britaniyanın BBC, "The Guardian", "Daily Telegraph", "The Daily Mail" "The İndependent", "Sundi Times" və sair media orqanlarında Azərbaycan əleyhinə qərəzli və əsassız iddialarla dolu materiallar yer aldı. Bütün yazıların mövzusu da Birinci Avropa Oyunlarına, idman infrastrukturlarının inşasına çəkilən xərclərdə guya israfçılığa yol verilməsi, ölkədə söz-mətbuat, fikir azadlığının olmaması, demokratik dəyərlərə önəm verilməməsi, siyasi fəalların, jurnalistlərin həbsi və sair oldu. İlk baxışda əsl qərəzli simasını hamıya nümayiş etdirən Britaniya mediası növbəti dəfə sanki Azərbaycana geridə qalmış , vəhşi və anti-demokratik bir dövlət libası geyindirməyə hər vəchlə cəhd edir. Əslində həmin media orqanlarının hədəfi və istəyi məlumdur. Daim anti-türk, anti-islam mövqeyindən çıxış edən Britaniya mediası sanki Azərbaycanın əldə etdiyi bu uğuru həzm edə bilmir , ən sadə qısqanclıq hissi ilə yanaşır. Zarafat deyil, Bakıdakı İlk Avropa Oyunları dünənki açılış mərasimi ilə əvvəl həyata keçirilən Olimpiya oyunlarına ciddi şəkildə meydan oxudu.


Öz kreativ ssenari quruluşunun hətta bir sıra parametrlərinə görə bundan əvvəl baş tutan Olimpiya oyunlarının açılış mərasimlərini də üstələdi. Bütün bu hadisələri ümumiləşdirsək , ölkəmizi ən müxtəlif bəhanələrlə tənqid edən, şər-böhtan tipli müxtəlif yazılara səhifələrində geniş yer verən, "demokratiya" və "insan hüquqlarını" əlində bayraq edərək Azərbaycanı qaralayan Böyük Britaniya mətbuatı bir daha xüsusi tapşırıq əsasında fəaliyyət göstərdiyini isbatladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm