• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

14 iyun - Ümumdünya Qan Donoru Günüdür

14 iyun - Ümumdünya Qan Donoru Günüdür

Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasında 2005-ci ilin mayında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi qeyd olunması qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir.

Hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Hər il dünyada 108 milyon doza qan toplanır.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qana ehtiyac duyulur. Çünki ölkəmizdə irsi qan xəstəliyi olanların, hematoloji və onkoloji xəstələrin sayı çoxdur. Qan ehtiyatı həmin xəstələr və cərrahiyyə sahəsində istifadə üçün lazımdır.

Ölkəmizdə 2010-cu ildə 46 530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər olub. Eyni zamanda, donorların sayının çoxalması nəticəsində tədarük edilən qan və qan komponentlərinin miqdarı da artıb. Belə ki, 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litr təşkil edib. Ümumilikdə isə keçən il Mərkəzi Qan Bankında 41 606 nəfər donorluq edərək qan verib.

Bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.

Görülmüş tədbirlər nəticəsində ölkəmizdə tədarük olunan donor qanının həcmi artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarət gücləndirilib.

Qan xidmətinin daha da təkmilləşdirilməsi məqsədi ilə Milli Məclisin qəbul etdiyi “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanun Azərbaycan Prezidenti tərəfindən 2005-ci ildə təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nı 2006-cı ildə təsdiq edib.

Hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının filiallarında həyata keçirilir.

Bundan əlavə, idarə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil edilir. Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR