Orucluqla bağlı hökm və qaydalar
Bizi izləyin

Qırmızı.az

Orucluqla bağlı hökm və qaydalar

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan (orucluq) ayı ilə bağlı müsəlmanlar üçün nəzərdə tutulan şəri hökmləri və bəzi qadağaları açıqlayıb.

QMİ-dən verilən məlumata görə, bildirilib ki, əgər Ramazan ayında, zöhrdən əvvəl kafir müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən oruc niyyəti etməli və orucu başa vurmalı, yaxud əgər o gün oruc tutmasa, onun qəzasını yerinə yetirməldir.

Bildirilib ki, Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən mütləq Allaha yaxınlaşmaq niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və sonradan o günün orucunu da qəza etməlidir:

"Ramazan ayından başqa günlərdə oruc tutmaq istəyən şəxs, onun niyyətini müəyyən etməlidir. Məsələn; “qəza orucu və kəffarə orucunu tuturam” deyə niyyət etməlidir. Amma Ramazan ayında “Ramazan ayının orucunu tuturam” deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir orucu niyyət edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir.

Əgər Ramazan ayının olduğunu bilib və qəsdən Ramazan ayından qeyri-günün orucunun niyyətini edərsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz. Əgər o məqsəd Allaha yaxınlaşmaq qəsdinə zidd olsa (hətta ziddiyyətli olmasa belə), ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz. Əgər məsələn, ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci ya üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

Əgər sübh azanından əvvəl niyyət etsə və bundan sonra bihuş olub günarası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu sonadək saxlamalıdır. Əgər tam saxlamasa, onun qəzasını yerinə yetirməlidir. Əgər sübh azanından qabaq niyyət edib, sonra sərxoş olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir. Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir. Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Buna baxmayaraq şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyata əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, hökm eynidir. Amma zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, orucu səhihdir".

Qeyd olunub ki, uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-buluğa çatsa, oruc tutmalıdır: "Əgər azandan sonra həddi-buluğa çatsa, o günün orucu ona vacib deyil. Amma müstəhəbb oruc tutmaq istəsə, ehtiyata əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır. Xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu ona vacib deyildir".

Bildirilib ki, Orucu batil edən əməllər aşağıdakılardır:

1. Yemək və içmək;

2. Cima (cinsi əlaqə);

3. İstimna (insanın özündən sperma xaric etməsi);

4. Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin (s) canişinləri olan İmamlara (ə) yalan isnad vermək;

5. Qəliz tozun boğaza yetişməsi;

6. Məşhur rəyə əsasən, başı tamamilə suya batırmaq;

7. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq;

8. Axıcı şeylərlə imalə etmək;

9. Qusmaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm