Keçən il ölkədə törədilən cinayətlərin 20%-i qadınlara qarşı yönəlib
Bizi izləyin

Qırmızı.az

Keçən il ölkədə törədilən cinayətlərin 20%-i qadınlara qarşı yönəlib

Keçən il ölkədə törədilən cinayətlərin 20%-i qadınlara qarşı yönəlib

2013-cü ildə Azərbaycanda törədilən bütün cinayətlərin beşdə birində zərərçəkən tərəf qadınlar olub.

Bu məlumat Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda təşkil etdiyi 3-cü respublika konfransında səsləndirilib. Daxili İşlər Nazirliyinin nümayəndəsi Yusif Adıgözəlovun sözlərinə görə, ötən il qeydə alınan 71 intihar hadisəsində 2 azyaşlı qız da olub.

Maraqlıdır ki, ümumi intihar hallarının 28-i barədə Cinayət Məcəlləsinin 125-ci maddəsi, ölüm həddinə çatdırma maddəsi, ilə iş açılıb ki, bunların da 26-sı qadınlara aid edilib. Bu rəqəmlər qadınların təkcə fiziki yox, həm də psixoloji təzyiq altında yaşadığına dəlalət edir. DİN zabitinin sözləriə görə, mövcud qanunvericilik polisin məişət zorakılığı faktları ilə birbaşa işləməsinə imkan verməsə də, adətən yerli polis qurumları problemli ailələri nəzarətə götürür.

Azərbaycanda gender sahəsində bərabərliyin təmin edilməsi, cinslər arası dialoq və harmoniyanın bərpası, fəlsəfəsinin işlənilməsi məsələlərini müzakirə edən konfransda genderşünas alim və tədqiqatçılar, tələbələr iştirak edirdi.

İnsan Hüquqları üzrə Müvəkkilin gender bərabərliyi və qadın hüququları üzrə müşaviri Səbinə Qəhrəmanovanın sözlərinə görə, Azərbaycan BMT-nin “Qadınlara qarşı bütün növ ayr-seçkiliyin qarşısının alınması üzrə Konvensiyasına (CEDAW) qoşulsa da, ölkə qanunvericiliyi onun şərtlərinə tam uyğunlaşdırılmayıb.

Müşavir dedi ki, Azərbaycan Konstitusiyasının 25 və 70-ci maddələrində kişi və qadın bərabərliyindən söz açılır. Amma Konvensiyanın bir sıra tələbləri Konstitusiyada öz əksini tapmayıb. Bunların arasında qadınların vərəsəlik hüququ, qadının ailədə ayrı-seçkiliyə məruz qalması və s kimi məsələlər, AİDS, əlilliyi olanların statutusu barədə CEDAW-nın tövsiyyələri də milli qanunvericilikdə nəzərə alınmayıb. Bundan başqa, məlumdur ki, Azərbaycanda gender bərabərliyinin təmini sahəsində tətbiq edilən kvotalar mövcud deyil.

Onun sözlərinə görə, qadınlar boşanma zamanı heç bir üstünlüklərdən istifadə edə bilmirlər, bir çox hallarda qadını uşaqla birgə evdən çıxarır, onun mülkiyyət hüquqlarını tanımırlar. “2001-2009-cu illərdə boşanmalar zamanı məhkəmələr qadınlara müəyyən maddi təzminat verilməsi praktikasını tətbiq etdi, amma bu praktika sonradan aradan qaldırıldı. İndi qadının boşanmadan sonra müəyyən imtiyazlara malik olması üçün ona nikah müqaviləsi imzalamaq tövsiyyə olunur.

Faktiki olaraq, bu tövsiyyələr nəzərə alınmır və boşanmış qadın ağır şərtlərlə üz-üzə qalmış olur. “Heç də bütün cütlüklər nikah müqaviləsini imzalamırlar. Bu baxımdan VVAQ şöbələrində nikah müqavilələri barədə məlumat verən, onu təbliğ edən xüsusi xidmətin mövcudluğuna ehtiyac var.”

Genderşünas alim Rəna İbrahimbəyova Azərbaycanda gender bərəbərliyinə istiqamətlənmiş xüsusi fəaliyyətin 1998-ci ildən bəri həyata keçirildiyini bildirdi. Rəna İbrahimbəyova qadınlara qarşı zorakılıq hallarından bəhs edərək “Kişiləri də qadın-ana, bağça və məktəbdə qadın müəllimələr tərbiyə edir, nə üçün son məqamda qadınların böyüyüb başa çatdırdığı hər hansı kişi digər qadına zorakılıq edir?” – sualını ünvanladı.

Məruzəçi Azər Cəfərov isə İslam Şərqində çadranı ilk atan qadın – şairə Tahirə Zərrintac barədə danışdı. Tahirə Zərrintac çadranı “Qadınların səyyar həbsxanası” adlandırırdı. Babilər hərakatının nümayəndəsi olan Tahirə Zərrintacın İranın Qəzvin regionundan olduğu və etnik azərbaycanlı olduğu danılmazdı. O, “Həzrət” Babın 18 şagirdi arasında yeganə qadın olub. Avropada hələ qadın hüquqları barədə yeni-yeni danışmağa başlananda Tahirə Zərrintac İslam Şərqində qadınların hüquqlarının qorunması, onlara kişilərlə bərabər ictimai, siyasi, iqtisadi haqların verilməsi məsələsini qaldırmış ilk şəxsdir. “Tahirə Zərrintac Qurani-Kərimin təfsir və şərhinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixi ərzində onun ilk və sonuncu qadın təfsirçisi olmuşdur. Tahirə Zərrintac XIX əsrin 40-cı illərində Azərbaycanın və İranın ən görkəmli şairəsi olmuşdur. Lakin xüsusi fitva ilə lənətləndiyinə və öldürüldüyünə görə şeirlərinin böyük hissəsi toplanmış və məhv edilmişdir. Lakin bizim dövrə kimi gəlib çatmış şeirləri özünün dərin məzmunu və azadlıq ruhu ilə seçilir.”

Azər Cəfərov qeyd etdi ki, ABŞ və Avropa ölkələrində Tahirə Zərintacın adını daşıyan onlarla təşkilat olduğu halda (bunlardan ikisi “Tahirih Justice Centre(Tahirə Ədalət Mərkəzi, ABŞ) və “Tahirih Association (Tahirə Assosiasiyası, ABŞ) daha məşhurdu), Azərbaycanda onun irsi layiqincə öyrənilməyib və tanıdılmayıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Gender Tədqiqatları Mərkəzinin rəhbəri Zeynəddin Şabanov hər hansı bir ölkədə gender bərabərliyinin təmini üçün ailə və cəmiyyətin bu ideyaları qəbul etməyə hazırlığı fikrini dəstəklədiyini dedi. Zeynəddin Şabanov kişilərin ailəyə qazanc gətirdiklərini nəzərə alaraq onların produktiv və ictimai funksiyalar daşıdıqlarını bildirdi. “Müasir dövrdə qadınlar produktiv və ictimai funksiyalarla yanaşı, həm də reproduktiv funksiya həyata keçirirlər, bu baxımdan onların cəmiyyətdə daşıdığı yük daha ağırdı”.

Qadının həm işlədiyi, həm də ailə qayğıları və uşaqların böyüdülməsi, təlim-tərbiyəsi ilə məşğul olduğunu xatırladan Z.Şabanov yeni bir təkliflə çıxış etdi. O, Əmək Məcəlləsinə dəyişiklik edilməsi və qadınların maaşlarının saxlanılması şərtilə iş saatlarının 2 saat azaldılması təklifini irəli sürdü. Amma konfransda iştirak edən bəzi tədqiqatçılar belə bir dəyişikliyin gender ayrı-seçkiliyi yarada biləcəyini qeyd etdilər.

Konfrasnda Akademiyanın hazırladığı “Tanınmış Azərbaycan qadınları”filmi nümayiş etdirildi. Filmin nümayişində mərhum prezident Heydər Əliyevin Qadınların 50-ci qurultayında səsləndirdiyi fikir simvolik səslənirdi və hələ də müasir cəmiyyəti dəqiq xarakterizə edir. “Cəmiyyətdə qadınların rolu böyükdür, ola bilər ki, qadınlarımız hakimiyyətdə fəal rol oynamırlar. Amma cəmiyyətdə qadınların kişilərə təsiri böyük olaraq qalır”.

Fainə Hənifəyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm