"Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

"Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib - FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Konstitusiyamızda dini etiqad azadlığı əksini tapıb.

Azərbaycanda hər zaman dini tolerantlığın olduğunu söyləyən Ə.Amaşov beynəlxalq səviyyədə də bunun qəbul edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan mediası həyata keçirilən dini azadlıq və tolerantlıq siyasətini həmişə dəstəkləyib: “Azərbaycan müstəqillik qazandığı dövrlərdə müxtəlif təriqətlər ölkəyə yol tapıb. Məsələn, bir müddət əvvəl mətbuatda vəhhabiliklə bağlı materiallar yer alırdı. Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanında yaranan vəhhabiliklə bağlı 80 milyard manat xərclənib. Son dövrlər nurçuluqla bağlı yazılar gedir. Azərbaycanda təriqətlərə qarşı mübarizə aparılmır. Dövlət qurumları, QHT-lər və media bu məsələlərə münasibət bildirmir. Çalışmalıyıq ki, milli və dövlət təhlükəsizliyimiz üçün heç bir təhlükə olmasın. Bu gün tədbirdə də əsas məqsəd son durumu müzakirə etməkdir”.

Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə din amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri geniş müzakirə mövzusuna çevrilib: “Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri din-dövlət münasibətlərinin bir daha fəal şəkildə nəzərdən keçirilməsini zəruri edir. Azərbaycan Konstitusiyasına əsasən Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ölkəmizdə din dövlətdən ayrıdır, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Azərbaycan dövlətinin din siyasəti demokratik cəmiyyət quruculuğu kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır”.

Şöbə müdiri deyib ki, mütərəqqi dəyərlərdən biri olan dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib: “Azərbaycanda tarixən heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olub. Azərbaycanda mövcud qanunlar çərçivəsində dini fəaliyyətə zəruri şərait təmin edilir, dövlət vəsaiti hesabına məscidlər bərpa olunur və ya yenidən qurularaq dindarların istifadəsinə verilir.

Təsadüfi deyil ki, son illər Bakı şəhəri həm də dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzi kimi tanınır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur”.

Ə. Həsənov Azərbaycanın sürətli inkişafının, ölkədəki sabitliyin, vətəndaş həmrəyliyinin, dini və milli tolerantlıq mühitin bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dini dairələrin maraqlarına cavab vermədiyini təəssüflə qeyd edib: “Son zamanlar ölkəmizin hüdudlarından kənarda idarə olunan müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycanda öz məqsədlərinə uyğun ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlət idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Vətəndaşların müxtəlif şirnikləndirici vasitələrlə ələ alınması, radikal dini ideyaların aşılanması yolu ilə onların təfəkkürünün, dünyagörüşünün dəyişdirilməsi, ayrı-ayrı qeyri-qanuni icmalar yaratmaqla və bu qurumların fəaliyyətini istiqamətləndirməklə cəmiyyət həyatının ahəngdar ritmini, mövcud ictimai-siyasi sabitliyi pozmaq cəhdləri güclənib. Həmçinin, yeniyetmələrin, gənclərin təsir dairəsinə salınması, yetişdirilməsi və dövlət orqanlarında yerləşdirilməsi, sonrakı mərhələdə isə onların idarə olunması vasitəsilə dövlətin daxili və xarici siyasətinə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır. İstər Yaxın Şərq, istərsə də bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət analoji proseslərin Azərbaycanda da təkrarlana biləcəyi ehtimalından narahatdır”.

PA rəsmisi Azərbaycanda dövlət-din münasibətlərinin Konstitusiyaya, qanunlar və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə tənzimləndiyini diqqətə çatdırıb: “Öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Mövcud qanunlara və ictimai normalara riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti göstərən təşkilatlara qarşı isə aidiyyəti orqanlar tərəfindən vaxtında və hüquqi normalar çərçivəsində lazımi tədbirlər görülür və bundan sonra da görüləcək. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə, dövlət içində dövlət yaratmaq cəhdlərinə qarşı qəti barışmaz mövqedədir və belə niyyətlər heç vaxt nəticə verə bilməz. Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları öz yollarından çıxararaq dövlətlə üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə dövlət orqanlarında yerləşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmaq istəyən daxili qruplara və xarici dairələrə qarşı barışmaz olmalıdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, müxtəlif insanlar aldadılmaq yolu ilə Suriyaya aparılıb: “Hətta bəziləri onları şəhid kimi təqdim edirdilər. Ancaq hörmətli şeyximiz də bu məsələyə aydınlıq gətirdi ki, şəhid öz torpaqları ilə döyüşdə həyatını itirənlərdir. Xaricə getmək, ayrı-ayrı terror qruplaşmaları ilə bağlı qanunlara da dəyişiklik edilib. Çünki o insanlar geri qayıdıb dövlət üçün təhlükələr yaradırlar”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, müəyyən sektaların QHT-lərdə, mediada, dövlət strukturlarında öz nümayəndələrini yerləşdirmək cəhdləri var.

A. Quliyev bildirib ki, Azərbaycanda müəyyən silahlı qruplaşmaların yaradılmasında, məscidlərdə partlayışlar törədilməsində, gənclərin təşkilatlandırılaraq, Əfqanıstan və Suriyaya göndərilməsində müxtəlif dini cərəyanların adı hallanır: “Bu gün media bununla bağlı vəzifələrini dərk etməli, eyni zamanda bu təsirlərin altına düşməməlidir. Bundan başqa, media dövlət mənafeləri üçün təhlükəli hala çatan fəaliyyətləri ictimai müzakirəyə çıxarmalı, bununla mübarizə aparmalıdır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün müxtəlif sektalar, cərəyanlar islamafob qüvvələr tərəfindən maliyyələşdirilir: “Məsələ o qədər qlobal xarakter alıb ki, bəzi cərəyanlar qonşu ölkələrdə hakimiyyət strukturlarının formalaşmasında söz sahibinə çevrilməyə çalışır. Bu, milli iradə və dövlətçilik maraqlarına ziddir. Azərbaycan mətbuatı ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Mətbuat leqal olaraq fəaliyyət göstərən, qeydiyyatdan keçmiş sektaların məhz həmin istiqamətdə fəaliyyət göstərməsinə ictimai nəzarəti həyata keçirməlidir”.

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas bildirib ki, müstəqillik illərində müxtəlif təriqətlər Azərbaycana axışıb, insanlar çaş-baş vəziyyətə düşüblər. O bu gün Azərbaycanda müxtəlif təriqətlərə qulluq edən qəzetlərə rast gəlinmədiyini bildirib: “Ancaq bu məsələ ilə bağlı telekanallarda maarifləndirmə işi aparılmalıdır. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi bu işlə məşğul olmalıdır. Ancaq mollalarımızın yaslardan başları açılmalıdır. Hamısı ölünü necə yumaq, halvanı necə bişirmək lazım olduğundan danışır. Hətta bu gün elə yas mərasimlər olur ki, İslam, Məhəmməd Peyğəmbər yaddan çıxır, yalnız Musa Peyğəmbərdən danışırlar. Bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin, telekanalların xüsusi rolu olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bölgələrdə belə konfranslar keçirməlidir”.

Millət vəkili Çingiz Qənizadə terrorçuluq və muzdluluqla bağlı Cinayət Məcəlləsinə dəyişikliklərin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunduğunu, Müdafiə və təhlükəsizlik komitəsində də müzakirəyə çıxarılacağını deyib: “Bununla bağlı Cinayət Məcəlləsində 4 ildən 8 ilə qədər cəza nəzərdə tutulur. Biz bu cəzanın artıraraq 8 ildən 12 ilə qaldırırıq. Biz Cinayət Məcəlləsinə 283.1 maddəsinin qəbul edilməsini müzakirə etmişik. Bu, Azərbaycan hüdudlarından kənarda əməliyyatlarda iştirak etmək üçün qrup yaratmaqla bağlıdır. İnsanları maarifləndirmək lazımdır ki, bu məsələlərdən çəkinsinlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm