Heydər məscidi yaxın vaxtlarda istifadəyə verilə bilər
Bizi izləyin

Qırmızı.az

Heydər məscidi yaxın vaxtlarda istifadəyə verilə bilər

Qafqazın ən böyük məscidi olan Heydər məscidi yaxın vaxtlarda istifadəyə verilə bilər.

Bu barədə Publika.az-a Heydər məscidinin rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli məlumat verib.

Məscidin sürətlə tikilib başa çatdırıldığını deyən S. Həsənlinin sözlərinə görə, hazırda binada xırda təmir işləri aparılır:

“Məscid hələ ibadət üçün istifadəyə verilməyib. Heydər məscidi, bildiyiniz kimi, çox sürətlə tikildi. Onun belə sürətlə tikilməsi möcüzə idi. Lakin bəzi xırda təmir işləri qalıb və hazırda həmin işlər yekunlaşdırılır. Hələ özümüz də məscidin nə zaman istifadəyə veriləcəyini bilmirik, ola bilər ki, yaxın vaxtlarda istifadəyə verilsin”.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi 12 min kvadratmetr sahədə salınıb. Qafqazın ən böyük məscidi hesab olan məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Ötən il dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm