Həkimlər xəbərdarlıq edir: isti saatlarda çölə çıxmayın!
Bizi izləyin

Qırmızı.az

Həkimlər xəbərdarlıq edir: isti saatlarda çölə çıxmayın!

Sinoptiklər yaxın günlərdə ölkə ərazisində temperaturun yüksələcəyi ilə bağlı xəbərdarlıq edir. Sabahdan bəzi bölgələrdə havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Temperaturun yüksəlməsi günvurma hallarının artmasına səbəb olur. Çünki günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində, xüsusən başıaçıq vəziyyətdə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Günvurmanın əlamətləri zəiflik, qızarmış sifət, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürək bulanması və qusma, ağır hallarda bədən hərarətinin 40 və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.

Bəs isti havada kimlər diqqətli olmalıdır? Günvurmadan kim özünü necə qorumalıdır?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev Publika.az-a açıqlamasında bildirib ki, mövsüm başlayandan bu günə qədər 9 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 7-si xəstəxanaya yerləşdirilib.

“Müraciətlər əsasən ortayaşlı insanlardır. Sevindirici haldır ki, yaşı 60-dan çox olanlar və körpələrlə bağlı müraciət olmayıb. Çünki bu iki təbəqə ən çox risk qrupundadır. Həmçinin xroniki xəstəliyi olan insanlar da risk qrupuna aiddir”.

O.Şahmalıyev isti günlərdə insanların özlərini necə qoruması ilə bağlı tövsiyələr verib:

“Səhər saat 11:00-dan axşam saat 17:00-a qədər günün ən isti saatları sayılır. Çalışmaq lazımdır ki, həmin saatlarda çölə çıxılmasın. Zərurət olduqda kölgə yerlərdə hərəkət etmək olar. Bundan başqa, özləriylə hər zaman ehtiyat su olmalıdır. Xüsusən xroniki xəstəliyi olanlar daha diqqətli olmalıdır.

Günvurma yalnız günəş şüası altında qalan insanlarda baş vermir. Uzun müddət isti havada qalan, hətta birbaşa günəş şüasının təsirinə məruz qalmayanlarda belə günvurma ola bilər. Xüsusən də mayenin bərpa edilməməsi prosesi daha da ağırlaşdırır. İlkin əlamət yorğunluq hissi, baş ağrısıdır. Özündə narahatlıq hiss edənlər mütləq həkimə müraciət etməlidir. İlkin tibbi yardım kimi zərər çəkən şəxsi sərin yerə yerləşdirmək və ona çoxlu maye vermək lazımdır”.

Bu il orucluğun yay aylarına təsadüf etməsinə toxunan O.Şahmalıyev bu şəxslərə daha çox diqqətli olmağı tövsiyə edib:

“Oruclu insanlar çalışmalıdırlar ki, fiziki işlə məşğul olmasınlar. Çünki isti havalarda orqanizmdən maye daha intensiv buxarlanır. Ümumiyyətlə, isti havalarda gün ərzində insanlar azı 2 litr su içməlidirlər ki, mayeni bərpa etsinlər. Gün ərzində mütləq meyvə yemək, ağır qidalardan uzaq durmaq lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm