İlahiyyatçı: “Yalan və qeybət orucu pozur”
Bizi izləyin

Qırmızı.az

İlahiyyatçı: “Yalan və qeybət orucu pozur”

Bərəkət, tövbə, bağışlanmaq ayı, mömin insanlar üçün günahların yuyulması fürsəti kimi dəyərləndirilən müqəddəs Ramazanın İslamda özünəməxsus yer tutur. Qurani-Kərimin nazil olduğu bu ay həm də möminlər üçün sınaq müddətidir. Oruc tutan, gecə-gündüz ibadət edən insanlar bununla Allaha bağlılıqlarını nümayiş etdirir, günahlarının bağışlanılması üçün dualar oxuyurlar.

Ramazan ayının fəzilətləri barəsində danışan ilahiyyatçı Hacı Şəhriyar Salami Publika.az-a bildirib ki, bu ayın fəzilətləri olduqca böyükdür: “Mübarək Ramazan İslam ayları arasında ən fəzilətli aydır. Bu həm də Allahın bağışlanmaq və rəhmət ayıdır. Yalnız Quran deyil, bəzi məlumatlara görə, digər səmavi kitablar – İncil, Tövrat, Zəbur da məhz Ramazan ayında nazil olub. Onlar bir funksiya daşıdıqlarına – insanları paklığa dəvət etdiklərinə, ilahi həqiqətləri bəndələrə çatdırdıqlarına görə həmin kitabların ümumi adı Furqandır. “Furqan” batili haqdan ayıran deməkdir”.

Bu müqəddəs ayda Allahın bəndələrinə bəxş etdiyi fəzilətlərdən biri də odur ki, hətta Ramazanda yatmaq belə möminlər üçün savab hesab olunur: “Allah hətta möminlərinin nəfəs almasını savaba yazır. Lakin insan unutmamalıdır ki, orucluq təkcə yeyib-içməkdən imtinadan ibarət deyil. Möminlər günaha aparan digər əməllərdən də çəkinməlidir. Yalan danışmaq, böhtan atmaq, qeybət etmək bu qəbildəndir. İnsanın dili, gözü, bir sözlə, bütün vücudu oruc olmalıdır. Müqəddəs Ramazan ayındakı orucluq insanı Allaha yaxınlaşdırır. Çünki Allah pakdır. İnsan bir il ərzində müxtəlif günahlar edə bilir. Allahın öz bəndələrinə agah etdiyi əsas məsələlərdən biri də budur. Əgər insan bir ay ərzində günahdan çəkinə bilirsə, deməli, bunu bir il müddətində də edə bilər. Əgər insanlar günahdan çəkinsələr, onda Yer kürəsində nə qan tökülər, nə zülm olar. İnsanlar mehriban yaşayarlar. Belə olarsa, Yer üzündə həyat çox gözəl olar”.

Bu ayda qan tökmək, müharibə aparmaq, zülm etmək olmaz: “Hətta haqlı olsan belə, Ramazan ayında müharibə etmək günahdır. Bu mənada, Ramazan ayının fəzilətləri çox böyükdür. Bu mübarək ayın ən böyük fəzilətləri Quranda çox geniş, aydın şəkildə əks olunub. Bəqərə surəsinin ayələrindən birində Allah buyurur ki, ey iman gətirənlər, səbr edin, namaz qılın. Çünki Allah səbr edənlərlədir”. Mübarək Ramazan ayında insanlara oruc tutmaq tövsiyə olunur, səbr etmək məsləhət görülür. Ona görə ki, insan səbr etməsə, hər bir sahədə məğlub olar: “İnsanlar mübarək Ramazan ayında bir-birlərinə ehtiramla yanaşmalı, mehriban olmalıdır. Gərək möminlər bir-birlərilə xoş davransınlar, nəzakətli olsunlar. Dilləri oruc olsun. Yəni yalan danışmasınlar, qeybət etməsinlər, bir-birlərini incitməsinlər. Bu əməllər şübhəsiz ki, başqa aylarda da günah buyrulub. Ramazanda insanların orucunu pozan əsas günahlardan biri də bu əməllərdir”.

Ramazan insanları bir-birinə yaxınlaşdıran, mehribanlaşdıran aydır: “Bu ayda insanlara bir-birlərini iftar süfrəsinə dəvət etmək buyurulub. Habelə, bəndələr bir-birlərinin ehtiyaclarını öyrənməli və yardım etməlidirlər. Eləcə də qarşılıqlı ehtiram göstərməyi öyrənməlidirlər. Mömin bəndələr Quran oxumalı, dualar etməlidirlər. Bu müqəddəs ayda oxunan bir Quran ayəsinin bir xətm olunmuş Quran qədər savabı var. Möminlərdən tələb edilənlərdən biri də budur ki, küsülülər barışmalı, kin-küdurət aradan qalxmalıdır. Qurani-Kərimin Qədir surəsində qeyd olunur ki, Ramazan ayının Qədir gecəsi bütün aylardan, günlərdən üstün olan gecədir. Allah-təala məhz bu gecənin şərəfinə surə nazil edib. Bu gecə min aydan üstündür. Yaradan deyir ki, biz Quranı Qədir gecəsində nazil etdik. Allah bu gecə edilən bütün duaları qəbul edər. Yalnız günaha batmış - ata-analarının üzünə ağ olan, böhtan atıb şər yaxan və xalqın, insanların əmlakını talayan şəxslərin duaları qəbul olunmaz”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm