Nazirlik xarici dilin tədrisi ilə bağlı qayda və məhdudiyyətləri açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik xarici dilin tədrisi ilə bağlı qayda və məhdudiyyətləri açıqladı

Təhsil Nazirliyi məktəblərdə xarici dil fənninin necə tədris ediləcəyinə və kadr çatışmazlığı olduğu halda hansı fənnlə əvəzlənməsinə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, bu barədə ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiqi haqqında təhsil nazirinin əmrində qeyd olunur.

Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir. Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir. Bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər.

Ümumtəhsil məktəblərində ikinci xarici dil V (beşinci) sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər. I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir. Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda-ibtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir. V-VIII (beşinci-səkkizinci) siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 (bir) saat olmaqla ana dili (tədris dili), “Ədəbiyyat” və “Riyaziyyat” fənlərinin tədrisinə verilir. IX-XI (doqquzuncu-onbirinci) siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır. İkinci xarici dil tədris edilməyən məktəblərdə bu məqsədlə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə “Texnologiya” fənninin tədrisinə verilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm