Xadiməni döyən məktəb direktoru danışdı: "Qolundan tutdum və..." (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Xadiməni döyən məktəb direktoru danışdı: "Qolundan tutdum və..." (YENİLƏNİB)

Ağsu rayonunda orta məktəb direktoru işçisini döyüb. ANS PRESS-in məlumatına görə, bu barədə zərərçəkən polisə şikayət edib.

Hadisə Keçdiməz kəndinin orta məktəbində qeydə alınıb. Qadın şikayətində deyib ki, orta məktəb direktoru Maarif Səmədov işə gecikdiyi üçün onu vurub. Rayon polis şöbəsindən ANS PRESS-ə qadının şikayətinin araşdırıldığını bildiriblər.

Hadisə ilə bağlı məktəb direktorunun özü ilə əlaqə saxladıq. Maarif Səmədov ANS PRESS-ə açıqlamasında qadını döymədiyini bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun qolundan tutub.

"Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə yaraşmaz".

Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar.
"Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsl mahiyəti məlum olacaq".

Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildirdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.

***

Azərbaycanın təhsil sistemində daha bir biabırçılıq olub.

Belə ki, Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib.


AzNews.az xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktəbinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.


Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı AzNews.az-a təsdiqləyib. Bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucovanın döyüldüyünü təsdiq edir.


Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.


Kənd sakinlərinin AzNews.az-a verdiyi məlmata görə, bu, M.Səmədovun ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini döydüyü üçün vəzifədən uzaqlaşdırılıbmış. Lakin Ağsu rayon Təhsil Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü deyil. Əldə etdiyimiz məlumata görə, sözügedən şöbənin rəhbəri Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.


Xatırladaq ki, analoji hadisə ötən il Ağcabədi rayonunda da baş vermişdi. Rayonda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin direktoru Hidayət İbrahimov müavini və qohumu ilə birlikdə xadiməyə şiddət göstərmişdi. Məktəb müəllimlərindən biri (həyat yoldaşı) döyülən xadiməni huşsuz vəziyyətdə tapmışdı.


Bundan əlavə, Abşeron royununda da oxşar hadisə baş vermişdi. Məktəb direktorunun öz yaxınları ilə birlikdə xadiməyə şiddət göstərməsi bir müddət mətbuatın gündəmində olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm