97 yaşlı güvəncimiz – bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

97 yaşlı güvəncimiz – bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür – FOTOLAR

Bu gün hər bir azərbaycanlının milli qürur yeri sayılan, yaranmasının 97 illiyini qeyd edən Azərbaycan Silahlı Qüvvələri bir əsrə yaxın tarixi ərzində çətin, amma şanlı yol keçib.

Publika.az Milli Ordumuzun yaranması, formalaşması, inkişafı tarixini təqdim edir:

İlk formalaşma mərhələsi, ağır sınaqlar

Azərbaycanın Milli Ordusunun yaradılması zəruriliyi hələ ötən əsrin ikinci onilliyində qabaqcıl ziyalılarımızı narahat edir, düşündürürdü. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, xalqımızın bir qrup ziyalısı 1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabından sonra Azərbaycanın Milli Ordusunun yaranması xahişilə imperiya rəhbərliyinə müraciət etmişdi. Lakin imperiyanın müsəlman əhalisini hərb işlərinə yaxın buraxmayan, azərbaycanlıları hərbi xidmətdən azad etmiş Çar Rusiyası bu müraciətə rədd cavabı verdi.

Zaqafqaziya Seyminin dağılmasından sonra müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti regionun və dünyanın böyük dövlətlərinin maraqlarının kəsişdiyi ölkəmizin müdafiə qabiliyyətinin təşkil olunması, Milli Ordumuzun yaranması, gücləndirilməsi məsələlərinə strateji vəzifə kimi yanaşırdı. Bu, mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə də öz əksini tapdı. Müvəqqəti hökumət 25 min nəfərlik ordu yaratmaq vəzifəsini qarşıya qoydu. İyunun 26-da silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul olundu və elə həmin gün Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu istiqamətdə tədbirlər planı ilə 1919-cu il noyabr ayının 1-ə qədər silahlı qüvvələrimizin struktur bölmələrinin, sonra isə hərbi hissələrin yaradılması nəzərdə tutulurdu. İlk müvəqqəti hökumətin tərkibində yer alan general Xosrovpaşa bəy Sultanov hərbi nazir vəzifəsinin icrasına başladı. O, bu vəzifəni mayın 28-dən iyunun 11-dək icra etdi. Oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Noyabrın 7-də rəsmiləşdirilən qərarla hərbi nazir vəzifəsinin icrası müvəqqəti olaraq Fətəli xan Xoyskiyə, dekabrın 26-da isə artilleriya general-leytenantı Səməd bəy Mehmandarova həvalə olundu. General-leytenant Əliağa Şixlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Yeri gəlmişkən, general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında yaradılmış ilk ordu hissəsinin şəxsi heyəti 600 nəfər könüllüdən ibarət idi. Hökumətin hərbi səfərbərlik fərmanı ilə orduya hərbi çağırış başladı.

Mübaliğəsiz onu demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində ordu quruculuğu istiqamətində böyük işlər gördü. Zabit, kadr çatışmazlığı ilə üzləşən hökumət Türkiyədən hərbi müşavirləri Azərbaycana dəvət etdi. Gürcüstana göndərilmiş generalımız Murad Giley Tlexas qonşu dövlətdən əvəzi neft məhsulları ilə ödənilmək şərtilə 12 kiçik top, 12 dağ topu, 3000 beşatılan tüfəng aldı. Ordumuzun maddi-texniki bazasını gücləndirilməsi, xaricdən silahların alınması istiqamətində digər ölkələr, hətta İtaliya ilə də danışıqlar aparılmışdı.

Yenilənən uğurlar, əzmkar ordu

Ordu quruculuğu istiqamətində görülən işlər öz bəhrəsini verdi. Azərbaycan Silahlı Qüvvələri general Həbib Səlimovun rəhbərliyi ilə Muğanda milli hökumətə qarşı qaldırılmış qiyamı yatırdı. Ordumuz habelə 1920-ci ilin aprelində Əsgəran keçidini ermənilərdən təmizlədi.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti nizami orduya malik idi. 40 min nəfərlik şəxsi heyətə malik Silahlı Qüvvələrimizin ayrı-ayrı birləşmələrinin tərkibində 30 min piyada və 10 min süvari xidmət edirdi. Milli hökumətin Xəzər Hərbi Donanmasının yaradılması istiqamətində atdığı addımlar ordu quruculuğunun tərkib hissəsi idi.

Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Həmid Qaydabaşı, Kazım Ağa Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov, Murad Giley Tlexas kimi generalları öz sıralarında birləşdirən nizami Azərbaycan Milli Ordusu ölkəmizin sərhədlərinin qorunmasının, müstəqilliyimizin təminatının əsas güc mərkəzi idi.

1920-ci ilin aprelində Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin əsas hədəfi Milli Ordunun buraxılması, Hərbi Nazirliyin rəsmi ləğvi idi. Ordumuzun funksiyası Xalq Hərbi Komissarlığına verildi. 21 generalımızdan 15-i bolşeviklər tərəfindən güllələndi.

Lakin Azərbaycanı sovetləşdirmək sovet Rusiyasına heç də ucuz başa gəlmədi. 1920-ci il mayın 26-da Gəncədə baş vermiş xalq üsyanının əsas hərəkətverici qüvvəsi məhz Azərbaycan Ordusunun əsgər və zabitləri idi. Habelə iyunun əvvəllərində və ortalarında Qarabağda və Zaqatalada bolşevik işğalına qarşı azadlıq mübarizəsinə qalxmış on minlərlə azərbaycanlının arasında Milli Ordumuzun əsgər və zabitləri də vardı.

Müstəqil dövlətin yeni ordusu, növbəti sınaqlar ərəfəsində

Müasir ordumuzun formalaşmasına ötən əsrin 90-cı illərində start verildi. Qeyd edək ki, Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də yaradılmış Müdafiə Nazirliyi heç struktur baxımından da təkmil, bütöv deyildi. Oktyabrın 9-da Silahlı Qüvvələrin yaradılması qərarı bu sahədə atılan ilk addımlardan oldu. Ölkəmiz 90-cı illərin əvvəllərində ikinci dəfə müstəqilliyini qazandıqdan sonra 1918-ci ildə olduğu kimi hərbi quruculuq işləri gənc dövlətin qarşısında duran başlıca vəzifələrdən idi. Maddi-texniki təminat problemləri, kadr çatışmazlığı şəraitində formalaşdırılan Milli Ordu könüllü batalyonlardan ibarət idi. Lakin bu işlərdə də bir sıra nöqsanlara yol verilirdi: ordu ayrı-ayrı şəxslər üçün siyasi vasitəyə çevrilmişdi, hərbi informasiyalar düşmənə sızdırılır, hərc-mərclik baş alıb gedirdı. Bütün bunlar çox keçmədən təhlükə ilə üzləşmiş gənc dövlət üçün ciddi fəsadlara yol acmalı idi. Erməni silahlı birləşmələrinin Xocalıda yüzlərlə insanı qətlə yetirmələri ordunun gənc, müstəqil ölkənin suverenliyi, dövlətçiliyin gücləndirilməsi, vətəndaşların təhlükəsizliyi üçün necə əhəmiyyət daşıdığını bir daha ortaya qoydu. Elə həmin il əvvəlcə Şuşa, sonra isə Laçın Ermənistanın təcavüzkar hərbi birləşmələri tərəfindən işğal edildi. 1993-ci ilin yayında və payızında daha bir neçə rayonun düşmən tərəfindən qəsb edilməsi Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin və maddi-texniki bazasının gücləndirilməsi zəruriliyininin gənc dövlətin başlıca vəzifəsi olduğunu bir daha sübuta yetirdi. 1993-cü ilin sonlarında nizami və peşəkar ordu quruculuğu istiqamətində əsaslı tədbirlərə başlanıldı. Peşəkar kadrlar hərbi sahəyə dəvət olundu, ordu quruculuğunda müasir təcrübə metodlarından, elmi prinsiplərdən istifadə edilməsinə start verildi, silahlı qüvvələrin siyasiləşməsi aradan qaldırıldı. Bu istiqamətdə görülən işlər cəmi bir neçə ay sonra cəbhədəki uğurlarla müşayiət olundu. 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində, eləcə də cəbhənin digər ərazilərindəki uğurlu hərbi əməliyyatlar bu qəbildən idi. Həmin ilin mayında atəşkəs elan olunmasından sonra ölkəmizdə peşəkar, nizami ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin 1998-ci ilin mayında imzaladığı sərəncamla, əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Artıq 17 ildir bu tarix ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

Bu gün regionun ən güclü və peşəkar ordusu hesab olunan Milli Ordumuz Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Hər il dövlət büdcəsindən bu sahəyə vəsaitin artırılması Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının, şəxsi heyətin, hərbi kadrların peşəkarlıq səviyyəsinin artmasına şərait yaradır. Dövlətimizin, ölkə rəhbərliyinin daimi qayğısı ilə əhatə olunan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazırdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm