Ermənistanın birinci rəsmi düşməni, ilk uğurlu əməliyyatın komandiri, “artilleriya Allahı” – generallarımız - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ermənistanın birinci rəsmi düşməni, ilk uğurlu əməliyyatın komandiri, “artilleriya Allahı” – generallarımız - FOTOLAR

Bu gün Silahlı Qüvvələrimizin yarandığı gündür. 1918-ci ilin iyununda gənc cümhuriyyətimizin ilk ordu strukturunun yaradılmasının rəsmən elan olunması yenicə yaranmış müstəqil Azərbaycan dövlətinin tarixində ən mühüm hadisələrdən idi. Lakin ordumuzun yaranması hələ uğurlara nail olmaq deyildi. Bu istiqamətdə görüləsi işlər kifayət qədər çox olduğundan həmin dövrdə Azərbaycanın vətənpərvər hərbçilərinin, ali rütbəli zabitlərinin çiyinlərinə kifayət qədər ağır yük düşürdü. Hər biri şərəfli ömür yolu keçmiş, adlarını milli hərb tarixinə qızıl hərflərlə yazmış generallarımızın həyat və fəaliyyəti bu günkü gənc nəsil, xüsusən zabitlərimiz üçün örnəkdir.

Publika.az Azərbaycanın cümhuriyyət dövrü generallarının həyat və fəaliyyətləri barədə tarixi məlumatları təqdim edir:

İlk hərb nazirimiz

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası adından Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza atan 26 nəfərdən biri olmuş dövlət xadimi, (sonralar Qarabağın general-qubernatoru) Xosrov bəy Sultanov qısa müddət də olsa, elə həmin gün təşkil edilmiş ilk hökumət kabinetində hərbi nazir vəzifəsinin səlahiyyətlərini icra edirdi. Bu mənada, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olan Xosrov bəyi Azərbaycanın hərb sahədə ilk naziri adlandırmaq olar.

1879-cu ilin mayında Zəngəzur qəzasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açan Xosrov bəy Sultanov Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə barışmaz olan Xosrov bəyin 1919-cu ilin əvvəllərində Qarabağın general-qubernatoru təyin olunması erməniləri ciddi narahat etməyə başladı. Ermənistan hökumətinin Azərbaycana göndərdiyi rəsmi etiraz məktubunda Xosrov bəy belə xarakterizə edilmişdi: “Bu general bizim xalqın düşmənidir”. Məkrli, xain qonşularımız özlərinin işğalçılıq planlarının qarşısını alacaq generalımızı düşmən adlandırmaqda yanılmamışdılar. Qarabağdakı düşmənin hərbi dəstələrinin darmadağın edilməsində onun əvəzsiz rolu vardı.

Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından 3 il sonra - 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başladı. O, Türkiyədə, İranda, Fransa və Almaniyada yaşadı, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışdı. Bir qədər sonra - 1936-cı ildə yenidən Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşdı və 1947-ci ildə burada vəfat etdi.

Qürbətdən vətənə dönüb 40 minlik ordu yaratdı

1918-ci ilin sonlarından Azərbaycanın hərb nazirinin səlahiyyətlərini icra etmiş Səməd bəy Mehmandarov Milli Ordumuzun yaradılması, formalaşması prosesində özünəməxsus rol oynamış ali rütbəli zabitlərdəndir.

1855-ci ilin oktyabrında Lənkəranda anadan olan Səməd bəy Bakıda gimnaziya təhsili alaraq, 16 yaşında Peterburqdakı II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alan Səməd bəy üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub. 1890-cı ildə kapitan , 1898-ci ildə polkovnik-leytenant, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbələrinə ucalıb. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş azərbaycanlı zabitə 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib.

1917-ci ilin fevral burjua inqilabı dövründə Səməd bəy Mehmandarov Qafqazda idi. O, vəzifəsini həmişəlik tərk edib istefaya çıxaraq, bir müddət Vladiqafqaz şəhərində yaşadı, sonra Vətənə döndü. Cümhuriyyət dövründə, 1918-ci ilin dekabrından hərbi nazir vəzifəsinin səlahiyyətlərini icra etmiş Səməd bəy Mehmandarov bir neçə ay ərzində 40 minlik ordu yaratmağa nail olmuşdu.

1920-ci ilin aprel işğalından sonra güllələnmə təhlükəsi ilə üzləşmiş Səməd bəy Mehmandarov Nəriman Nərimanovun müdaxiləsindən sonar bolşevik caynağından xilas oldu. Onun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirərək hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etdi.

Malakan qiyamını yatıran general

1881-ci il fevralın 8-də İrəvanda doğulan Həbib bəy Səlimov Milli Ordumuzun tarixinə ilk uğurlu hərbi əməliyyat keçirmiş general kimi düşdü. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy buradakı gimnaziyanı bitirib. Daha sonra orduya könüllü yazılaraq Yelizavetpol (Gəncə) süvari alayında xidmətə başlayıb və zabit rütbəsi alıb.

19 yaşında Tbilisidə süvari məktəbini bitirən Həbib bəy Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 3 il sonra batalyon komandirinin yavəri, daha sonra hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub.

Xidmətlərinə görə «Müqəddəs Vladimir» ordeni ilə təltif olunan Həbib bəy 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasında təhsilini başa vurub.

Qeyd etdiyimiz kimi o, Azərbaycan Milli Ordusunun tarixinə ilk uğurlu hərbi əməliyyatlar keçirmiş ali rütbəli zabit kimi düşdü. Həbib bəy Rusiyanın sifarişi ilə 1919-cu ildə Muğanda və Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinə qarşı baş vermiş malakan qiyamının yatırılması üçün gərgin əmək sərf etdi. Bu qələbə nəticəsində düşməndən qənimət kimi 1 təyyarə, 24 top və 60 pulemyot ələ keçirildi.

Araşdırmaçılar onu Əsgəran savaşının qəhrəmanı adlandırırlar. 1920-ci il martında ermənilər Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün Əsgəran keçidini işğal ediblər. Həbib bəy Səlimov komandanlıq etdiyi hərbçilərimizlə düşməni darmadağın edir və ordumuzun əsgərləri Xankəndinə daxil olur. Şuşa qalasının üzərində yenidən Azərbaycan bayrağı dalğalandırılır. Əsgəranda, Qarabağda erməniləri məğlub etməyə görə ittihamlarla qarşılaşan, Muğan və Lənkəran qiyamlarını yatırmaqda suçlandırılan generalımız 1920-ci il sonlarında güllələndi.

Ordunun maddi-texniki bazasını gücləndirən general

Əslən çərkəz olan general-mayor Murad Giley Tlexas (1874-1920) Azərbaycan Xalq Cümhuriyyəti ordusunun silahlandırılmasında, ordumuzun maddi-texniki bazasının gücləndirilməsindəki əvəzsiz xidmətlərinə görə adını hərb tariximizə qırmızı hərflərlə yazıb. Rusiyada artilleriya məktəbini bitirən Murad Giley Tlexas bu ölkənin bir sıra bölgələrində xidmət etmşidi. O, milli tərkibli qoşun hissələrinin sıralarında xidmətə Müsəlman korpusunun təşkilindən sonra başlamışdı. Xalq Cümhuriyyətinin elan olunmasından 5 ay əvvəl bu korpusa qəbul olunmuş Tlexas 2-ci topçu briqadasının komandiri vəzifəsinin səlahiyyətlərini həyata keçirirdi. Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 3000 beşatılan tüfəng gətirmişdi.

Milli hökumətimiz tərəfindən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdən olan Murad Giley Tlexas topçu hissələrinin təşkilinə, topçu əmlakının mühafızəsinə və bölüşdürülməsinə rəhbərliyi həyata keçirirdi. Aprel işğalından sonra bolşeviklərin həbs etdiyi generalımız ölümə məhkum edildi.

2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərən sərkərdə

Hərb nazirimizin müavini, artilleriya generalı Əliağa Şıxlinskinin sərkərdəlik qabiliyyəti təkcə Azərbaycanda yox, regiondan kənarda da çoxlarına bəlli idi. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski Peterburq artilleriya məktəbinin nümunəvi müdavimlərindən idi. Əsrin əvvəllərində baş vermiş Rus-Yapon müharibəsində batareya komandiri kimi şücaətlər göstərən azərbaycanlı hərbçi Port-Artur qalasının müdafiəsindəki xidmətlərinə görə "Qızıl qılınc"la mükafatlandırıldı.

Birinci dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsinə rəhbərlik edən general Əliağa Şıxlinski bir qədər sonra Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə ordunun komandanı vəzifəsini icra etməyə başladı. 1918-ci ilin sonunda hərbi nazirin müavini təyin olunan artilleriya general-leytenantı Əliağa Şıxlinski ordumuzun formalaşmasında, güclənməsində əlindən gələni əsirgəmədi. Bolşeviklər digər generallarımız kimi Əliağa Şıxlinskini güllələmək istəyirdilər. Nəriman Nərimanovun ölümdən xilas etdiyi general 1929-cu ildən istefaya çıxdı.

Bu arada Rusiyada “artilleriya Allahı” adlandırılan Əliağa Şıxlinski ilə bağlı maraqlı faktları da qeyd etmək yerinə düşür. Belə ki o, 12 yaşında ikən rus dilinin tədris olunduğu məktəbdə rusdilli şagirdlərin 2 ilə keçdiyi kursu 7 aya bitirib. İri cüssəli olmasına baxmayaraq, çənədən yuxarı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullanırmış. At yarışlarında hansı atın qalib gələcəyini əvvəldən bilirdi. Rus-Yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilməyib. Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil olub. İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etməyib. Bütün bunlar bir yana, onun topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib, hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyası üçün faydalı hərbi ədəbiyyatlardandır. Əliağa Şıxlinski 1943-cü ilin avqustunda Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, bütün bunlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış ilk Milli Ordumuzun ali rütbəli zabitləri haqqında maraqlı faktların cüzi hissəsidir. Ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmiş digər ali rütbəli zaibtlərimiz təkcə ordu quruculuğuna deyil, Azərbaycan dövlətçiliyinin güclənməsinə də mühüm töhfə veriblər.

Bu baxımdan sovet Rusiyasının Azərbaycanı işğal etməsindən sonar Azərbaycan Milli Ordusunu və onun ali rütbəli zabitlərini hədəf seçməsi təsadüfi deyildi. Bolşeviklər qısa müddətdə 21 generalımızdan 15-i saxta ittihamlarla güllələdilər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm