• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda dəhşətli istilər gözlənilirmi?

Azərbaycanda dəhşətli istilər gözlənilirmi?

Pakistanda keçən həftədən bu günə qədər davam edən anomal istilər 1000-dən artıq insanın ölümünə səbəb olub.

İsti hava şəraiti daha çox Pakistanın Kəraçi şəhərində müşahidə edilir. Temperaturun 45 dərəcədən aşağı enməməsi ölənlərin sayının hər gün artmasına səbəb olur. Bu ilin mayında Hindistanda dəhşətli istilər 2 mindən artıq insanın həyatına son qoymuşdu.

Son günlər Azərbaycan ərazisində də isti havalar müşahidə edilir. Bu, insanlarda müəyyən narahatlığa səbəb olub.

Pakistanda, Hindistanda müşahidə olunan istilər Azərbaycana təsir edə bilərmi? Azərbaycanda belə istilər gözlənilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Publika.az-a açıqlamasında bildirib ki, son günlər müşahidə olunan isti hava şəraiti iyunun 26-dək davam edəcək. Lakin növbəti həftə üçün baş hidroloq xoş proqnoz verib:

“İyunun 26-dan 28-dək ötən günlərlə müqayisədə temperatur bir qədər aşağı enəcək. Şimal-qərb küləyinin gündüz saatlarında bir qədər güclənməsi ilə əlaqədar temperatur 27-32 dərəcə olacaq. Ayın 28-də də 30-35 dərəcə isti olacaq. Bölgələrdə də ayın 26-27-də əsasən yağmursuz, axşam və gecə saatlarında qısa müddətli yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Aran rayonlarında 35-40, dağlıq rayonlarda 24-29 dərəcə isti gözlənilir. Ümumiyyətlə, növbəti həftə hava şəraiti nisbətən mülayimləşəcək”.

A.Verdiyev son günlər Hindistan və Pakistandakı hava şəraitinin ölkə ərazisindəki hava şəraitinə təsirindən danışıb:

“Ölkə ərazisində müşahidə olunan hava cənub küləyinin üstünlük təşkil etməsi ilə əlaqədardır. Son iki-üç gündür müşahidə edilən hava şəraiti iqlim normasından 2-3 dərəcə yüksəkdir. Lakin anomal temperatur müşahidə edilimir.

Bizə hava axını əsasən şimal-qərb və az hallarda cənubdan daxil olur. Əsasən bu istiqamətdə daxil olan hava kütlələri temperatura təsir edir. Lakin Hindistan və Pakistanda müşahidə olunan hava şəraitinin Azərbaycana təsiri olacağı ilə bağlı narahatlığa əsas yoxdur. İyun ayının əvvəlində də adıçəkilən ölkələrdə belə istilər olmuşdu, lakin biz təsirini müşahidə etmədik. Ümumiyyətlə, yaxın günlər ərzində elə də kəskin istilər gözlənilmir”.

A.Verdiyev onu da əlavə etdi ki, ölkəmizdə bu yay ilin ən isti günləri iyul və avqust aylarında müşahidə ediləcək.

“Konkret gün demək mümkün olmasa da, həmin aylarda temperaturun iqlim normasından 1-2 dərəcə yüksək olacağını proqnozlaşdırırıq. Lakin bu istilər uzunmüddətli olmayacaq. Bir neçə gün davam edəcək. Son illər ərzində ən güclü istilər 2000-ci ilin avqust ayında və 2011, 2014-cü illərdə müşahidə edilmişdi. Həmin günlərdə belə temperatur bir neçə gün yüksək olmuşdu, qısa zamanda isti hava küləkli hava şəraiti ilə əvəzlənmişdi. Bu baxımdan deyə bilərik ki, ölkəmizdə isti hava şəraiti qısamüddətli olacaq”.

Bəs isti havalar kimlər üçün təhlükəlidir? Temperaturun normadan yüksək olduğu günlərdə necə davranmalıyıq?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a bildirilib ki, may ayından bu günə qədər günvurma ilə əlaqədar 12 nəfər müraciət etsə də, havaların isti keçməsi ilə əlaqədar olaraq müraciətlərin sayında artım qeydə alınmayıb. Stansiyadan bildiriblər ki, günvurma yalnız günəş şüası altında qalan insanlarda baş vermir. Uzun müddət isti havada qalan, hətta birbaşa günəş şüasının təsirinə məruz qalmayanlarda belə günvurma ola bilər. Xüsusən də mayenin bərpa edilməməsi prosesi daha da ağırlaşdırır. İlkin əlamət yorğunluq hissi, baş ağrısıdır. Özündə narahatlıq hiss edənlər mütləq həkimə müraciət etməlidir. İlkin tibbi yardım kimi zərər çəkən şəxsi sərin yerə yerləşdirmək və ona çoxlu maye vermək lazımdır. Ümumiyyətlə, gün ərzində kalorisi az olan qidalar qəbul etmək və 2 litr su içmək lazımdır ki, bədənin su ehtiyatı tükənməsin. Xüsusən ürək-qan-damar sistemi xəstəliyi olanlar bu cür hava şəraitində açıq havada çox qalmamalı, dərmanlarını vaxtında qəbul etməlidirlər.

Həkimlər həmin günlər açıq havada uzun müddət qalmamağı tövsiyə edir. Zərurət olduqda kölgə yerlərdə hərəkət etmək olar. Xüsusən saat 11:00-dan 17:00-dək açıq havada qalmaq təhlükəlidir. Bundan başqa, məcbur qalıb küçəyə çıxanların yanında hər zaman ehtiyat su olmalıdır. Xüsusən xroniki xəstəliyi olanlar daha diqqətli olmalıdır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR