• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Port Arturda tarix yazan generallarımız - VİDEO

Port Arturda tarix yazan generallarımız - VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə ANS ordu qurucularından Səməd bəy Mehmandarov haqqında film təqdim edir.

ANS-in xüsusi müxbiri Səməd bəy Mehmandarov haqqında “Sərdar” filmində məşhur generalımızın döyüş yolunun tanınmayan tərəflərini göstərmək üçün uzaq Çinə qədər gedib çıxıb. Məhz Port Artur, indiki Dalyan şəhərinin Mehmandarovun həyatında xüsusi yeri olub.

Müstəqil cümhuriyyətin ordu qurucularından olan Səməd bəy Mehmandarov tam artilleriya generalı adını Port Arturda, Çinin indiki Dalyan şəhərinin inzibati rayonu olan Lyuyşunda alıb.

Onda Çin Lyuyşunu müqavilə ilə çar Rusiyasına 25 illik icarəyə vermişdi. Çar Rusiyası da bura dəmir yolu xətti çəkmiş, sanki 3-5 il sonra reallaşacaq Rus-Yapon müharibəsi üçün qabaqcadan tədarükünü görmüşdü.

Həqiqətən də 1904-cü ilin yanvarın 26-da yaponlar rusların Port Artur limanında duran eskadrasına hücum edir, iki zirehli gəmini və “Pallada” kreyserini partladır. Bununla da Rus-Yapon müharibəsi başlayır. Və həmyerlimiz Səməd bəy Mehmandarov 7-ci Sibir atıcı diviziyasının tərkibinə daxil olan 7-ci atıcı topçu divizionunun kamandanı kimi Port Artura gedir. Özü də təkcə Mehmandarovmu? Əlağa Şıxlinski də, Hüseyn xan Naxçıvanski də, yüzlərlə azərbaycanlı oğulları da.

Düzdür, bu müharibəni ruslar uduzurlar. Amma bu müharibə bizim generalların hərbi döyüş fəaliyyətindən qırmızı xəttlə keçir və bunu general Əlağa Şıxlinski məhz elə belə də qiymətləndirirdi.

Port Artura indiki Lyuyşuna getmək istəyi də açığı məndə Əlağa Şıxlinskinin “Xatirələrim” kitabını oxuyandan sonra yarandı. 111 il əvvəl Rus-Yapon müharibəsinin baş verdiyi tarixi məkanı görmək, generallarımızın ayaq izlərini çəkib sizə göstərmək nə yaxşı ki, qismətimdəyimiş.

Məşhur Lyaodun yarımadası, Sarı dəniz və yaponların gecəykən 3 gəmini partlatdığı Port Artur limanı.! İllər çox şeyi dəyişib, amma Sarı dəniz, Boxay körfəzi yerində, Əjdaha quyruğu yerində, Qızıl dağ yerindədir, qızıl kimi oğullar isə torpağın altında.

Buranı gəzmək bizə Azərbaycanda gəzib dolaşmaq qədər asan oldu. Çünki, general Əlağa Şıxlinski Port Arturda 332 gün davam edən müharibənin baş verdiyi məkanları öz xatirələrində bir-bir sadalayır, danışırdı. Onun xatirələrinə əsasən Əjdaha silsiləsini tapdıq, o silsilənin zirvəsindəki toplara baxdıq. O topçuların azərbaycanlı oğulları olması ilə qürur duyduq. O oğullar ki, sonra müstəqil cümhuriyyətin ordu qurucuları olmuş, biri hərb naziri, biri onun müavini kimi tanınmışdı.

Sovet hakimiyyətinin mövcud olduğu 70 il onları bizdən oğurladı. Onları da itirdik, həqiqətləri də.

Bu gün yavaş-yavaş qaytarıb yerinə qoyuruq. Mən də Səməd bəy Mehmandarovun əlimdəki kitabdan cırdığım bir şəklini Port Arturun şimal cəbhəsindəki bir yeraltı qazmanını divarına qoydum.

Ruhun şad olsun qoca general. Müstəqil Azərbaycanın ilk ordu qurucusu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR