“Xəstələr, səfərə çıxanlar orucu qəza edə bilər” – İlahiyyatçı
Bizi izləyin

Qırmızı.az

“Xəstələr, səfərə çıxanlar orucu qəza edə bilər” – İlahiyyatçı

Əhalisinin böyük əksəriyyəti müsəlmanların təşkil etdiyi ölkələrdə olduğu kimi respublikamızda da müqəddəs Ramazan ayına xüsusi ehtiram, diqqət və sevgi mövcuddur. İnanclı şəxslər bu ayı yalnız oruc tutmaqla yox, həm də ibadətlə, xeyriyyəçilik işləri ilə başa vurmağa üstünlük verirlər.

Ramazanın əsas ibadətindən sayılan orucun fəziləti isə hər kəsə çox yaxşı məlum olsa da, onun qaydalarını bilmək, şərtləri ilə tanış olmaq xüsusi əhəmiyyətə malikdir.

Kimlər oruc tuta bilər? Bu mövzuda Publika.az-a danışan Hacı Tahir Abbaslının sözlərinə görə, həddi-büluğa çatmış, inanclı, sağlam olan hər kəs oruc tutmalı, İslamın əsas şərtlərindən birinə layiqincə əməl etməlidir:

“Orucu pozan bir sıra əməllər var ki, insan özünü bunlardan qorumalıdır. Məsələn, yeməməli, içməməli, yalan danışmamalı, böhtan atmamalı, qeybət etməməli, cinsi münasibətdə olmamalıdır. Bundan başqa, oruclu insan yalan, qeybətdən, söyüşdən qaçmalıdır, kiminləsə dava etməkdən də çəkinməlidir. Bir sözlə, hər bir insan gözlərini, dilini, qulağını günahlardan qorumalıdır”.

Habelə mömin bəndələr bu ayda günahlardan uzaq olmalıdır: “Oruc tutmaq sübh azanından şam azanına qədər tövsiyə olunur. İnsan bu müddətdə müəyyən olunmuş şərtlər əməl etməlidir”.

İslamın əsas şərtlərindən olan oruc bədən ilə edilən ibadət sayılır. Bu baxımdan bədən ilə edilən ibadətləri heç kim bir başqasının yerinə edə bilməz. Yəni inanclı olan kimsə, başqasının yerə namaz qıla, oruc tuta bilməz:

“Ramazan günahların yuyulması ayıdır. Hər bir insan öz axirətini düşünməli, ibadət etməlidir. Günahlarını yuyan, ibadət edən insan tədricən daxilən paklaşar. Paklaşan insan isə həm də kamil bəndədir. Kamil insan özünü tanıyan bəndədir. Özünü tanıyan bəndə isə Allahını da tanıyar”.

O ki qaldı kimlərin orucu qəza etməsinə, bu, xəstələrə aiddir. Oruc tutmasının çox zərərli ola biləcəyinə dair həkimin göstərişini alan insan orucunu xəstəliyi keçəcək zamana qədər təxirə sala bilər. Habelə səfərə çıxanlar da oruclarını qəza edə bilərlər. Allah Quranda "oruc tutmağınız sizin üçün daha xeyirlidir" deyə buyurur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm