Nazir könüllülərə təşəkkür etdi
Bizi izləyin

Qırmızı.az

Nazir könüllülərə təşəkkür etdi

"Bakı 2015 Birinci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində 18 mindən artıq tələbə könüllülərin də özünəməxsus yeri var. Bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tədbirin bağlanış mərasimində öz təşəkkürünü bildirdi".

Publika.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarovun I Avropa Oyunlarının könüllülərinə ünvanladığı təşəkkür məktubunda bildirilib. Nazir qeyd edib ki, bu tədbirdə iştirak edən bütün könüllülər həm də yeni keyfiyyətlər qazandılar.

"Ünsiyyət, təqdimat, təmsilçilik, komanda işi, həmrəylik və birgə əlaqələndirmə bu missiyanın ayrı-ayrı elementləri idi. Heç şübhəsiz ki, I Avropa Oyunlarında tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək", - nazir əlavə edib.

Nazir deyib ki, bu tədbir həm də ölkəmizin dünyaya böyük təqdimatı idi: "Bu işdə əməyi olan hər bir şəxs sonsuz minnətdarlıq hissinə layiqdir. Əlbəttə ki, ilk növbədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva. Azərbaycan prezidenti cənab İlham Əliyev Bakı-2015 I Avropa Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşdə çıxışında qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər.

Bu gün gənclər bizim üçün qürur mənbəyidirlər, onlar gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışıblar. Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Bu gənclər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Əziz könüllülər! Könüllülük hissiyatınızla paylaşdığınız hər bir dəyər həm də ölkəmizin adına bir çalar, rəng miqyası əlavə edir. Bu miqyasda sizin - böyük könüllülər ailəsinin özünəməxsus imzası olmaqla gələcək Azərbaycanın sabahı görünür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm