• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

GMO-larla bağlı nəzarət gücləndirildi: əməl etməyənləri nə gözləyir?

GMO-larla bağlı nəzarət gücləndirildi: əməl etməyənləri nə gözləyir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) genetik modifikasiya olunmuş (GMO) bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar qanunvericiliyin və standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarəti gücləndirib.

SMPDK-dən Publika.az-a verilən məlumata görə, bununla bağlı müvafiq əmr verilib.

Əmrdə qeyd olunur ki, qanunvericiliyin tələbinə əsasən genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

Belə ki, yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadəsinin qadağan edilməsi ilə bağlı tələblər əks olunacaq. Hazırda yeyinti məhsullarının istehsalı zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama üzrə tələbləri müəyyən edən standartlar hazırlanır və mövcud sənədlərə dəyişikliklər edilir.

Həmçinin MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın qəbul etdiyi, Azərbaycan Respublikasında standartlaşdırma üzrə normativ sənəd kimi qüvvədə olan, lakin qanunvericiliyə zidd olan dövlətlərarası standartların hüquqi qüvvəsinin ləğv edilməsi məqsədilə Komitədə işlər görülməkdədir.

Əmrə əsasən, Komitə yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları və sınaq laboratoriyaları üzərində nəzarət tədbirlərini gücləndirib. Belə ki, bundan sonra yeyinti məhsullarını sertifikatlaşdıran orqanlar məhsulların tərkibində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının olmadığını sübut edən sınaq nəticələri əsasında sertifikatlaşdırma işlərini apara bilər. Əks təqdirdə, qanunvericiliyin tələblərini pozmaqla uyğunluq sertifikatı verən qurumların akkreditasiya attestatı ləğv ediləcək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görüləcək.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə yeyinti məhsulları ilə əlaqədar yoxlamaların aparılması zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar qanunvericiliyin və standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmək və pozuntularla əlaqədar cinayət əlamətləri aşkar edildiyi halda toplanmış materialların hüquq mühafizə orqanlarına göndərilməsi tapşırılıb.

Qeyd edək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR